Natiq ƏHMƏDOV-MƏKKƏ VƏ MƏDİNƏDƏ ZİYARƏT EDİLƏCƏK YERLƏR

      Share

      Bu yazımızda mübarək torpaqlara səfər edənlərin orada ziyarət edərək ruhani atmosferindən istifadə edəcəkləri bir sıra tarixi və mənəvi məkanlar haqda məlumat verəcəyik. 

      Qeyd edək ki, Məkkeyi-Mükərrəmədə bu qəbildən olan mübarək məkanların bir qismi, birbaşa həcc və ümrə ilə əlaqəli olduğu üçün və digər yazılarda geniş izah olunduğu üçün onlardan söz açmayacağıq.

      Həzrət Peyğəmbərin doğulduğu ev  

      Aləmlərə rəhmət olan Peyğəmbərimiz miladi 571 ildə, dan yeri ağararkən Məkkədə sadə bir evdə dünyaya gözünü açmışdır. Allah Rəsulu Mədinəyə hicrət edərkən həmin evi Hz. Əlinin qardaşı Uqayla hədiyyə etmiş, Uqaylın övladları da Həccacın qardaşına satmışdılar. Daha sonra Harun Rəşidin anası buranı satın alaraq məscidə çevirmişdir. Qanuni Sultan Süleyman zamanında yenidən genişləndirilərək təmir edilmişdir. Hal-hazırda “Əvqaf” kitabxanası kimi istifadə edilir. Rəsulullahın doğulduğu, bir çox xariqüladə hadisənin cərəyan etdiyi bu mübarək məkanı ziyarət etmək və Ona salətu-salam oxumaq rəhmətə vəsilə olar.

      Hira Mağarası

      Hz. Peyğəmbərin nübüvvətdən əvvəl inzivaya çəkildiyi və 610-cu ildə Ona ilk vəhyin gəldiyi bu mağara Məscidi-Həramdan 5 km. aralı olan Cəbəli Nurun (Nur dağı) zirvəsindədir.  Mağaranın uzunluğu 3 m, genişliyi 1,30 m, yüksəkliyi 2 metrdir. Həccə gələnlər sevə-sevə bu mağaranı ziyarət edirlər.

      Sevr dağı və mağarası  

      Məscidi-Həramın cənub tərəfindən təqribən 4 km. uzaqlıqda, Ərafat yolu üzərindədir. Dağın ətəyi ilə zirvəsi 458 mdir. Təqribən saat yarıma çıxmaq mümkündür. Bu mağara Hz. Peyğəmbərin Mədinəyə hicrət əsnasında Hz. Əbu Bəkrlə 3 gecə qaldığı mağaradır. Hz. Əbu Bəkrin oğulu Abdullah, gündüzlər müşriklərin arasında gəzir, gecələrsə mağaraya məlumat gətirirdi. Köləsi Amir bin Füheyrə isə o ətrafa qoyunları sürərək Abdullahın izlərini itirir, həm də mağaradakılara süd gətirirdi.

      Bu mağarada möcüzəli hallar baş vermişdir. Rəsulullah (s.ə.s) Hz. Əbu Bəkrin ilan sancan ayağınımübarək tüpürcəyi ilə məsh etmiş və beləliklə şəfa tapmışdır. Onlar içəri girdikdən sonra Allahın əmriylə mağaranın ağızına hörümçəklər tor tutmuş və göyərçinlər yuva salmışdı. Müşriklər mağaranın önünə qədər gəlmiş, onlardan biri içəri girib axtarmaq istəsə də Umeyyə bin Xələf ona "orada nə işin var, ağlını itirmisən? Orada Məhəmməd doğulmadan əvvəl hörümçəklər tor qurub, quşlar yuva salıb" deyəndə mağaraya girməkdən daşınmışdı.

      Əbu Qubeys dağı

      Səfa təpəsinin üzərində 120 m. yüksəklikdə yerləşir. Orada bir çox hadisə cərəyan etmişdir. Həcəri-Əsvəd bu dağın zirvəsində mühafizə edilmiş, Şəqqul-Qamər (ayın ikiyə bölünməsi) möcüzəsi burada təsdiqlənmiş, Hz. İbrahim insanları bu dağın zirvəsindən həccə dəvət etmişdir.

      Adəm Peyğəmbərin burda dəfn edildiyinə dair rəvayətlər var. Allah Rəsulu burada namaz qılmış, namaz qıldığı yerdə məscid inşa edilmişdir. Hz. Bilal Məkkənin fəthində burada azan oxumuşdur.

      Cin Məscidi

      Məkkeyi Mükərrəmədə, Cənnətul-Muəlla qəbirisitanlığı yaxınlığında bir məsciddir. Hz. Peyğəmbər (s.ə.s)  hicrətdən üç il əvvəl Taifdən qayıdarkən bu məscidin olduğu yerdə sübh namazı qılmış, namazda oxuduğu ayələri yeddi cin dinləmiş və iman gətirmişdir. Bu məscidə Məscidul-Hurras da deyilir.

      Hüdeybiyyə

      Həram hüdudları xaricində, Məscidi-Həramdan 22 km. aralı, hazırda Şümeys adlanan yerdir. Beyətur-Ridvan və Hüdeybiyyə sazişi burada baş tutmuşdur. Peyğəmbərimiz hicrətin 6-cı ilində 1400 səhabəsi ilə ümrə etmək üçün bura qədər gəlsə də, qüreyşlilər onlara mane oldu. Qüreyşlilərlə görüşmək üçün Hz. Osman Məkkəyə göndərildi. Hz. Osmanın şəhid edildiyi şayiələri yayılmağa başladı. Müsəlmanlar  Ridvan adlanan ağacın altında müşriklərlə son nəfəslərinə qədər hərb etməyə beyət etdilər. Hz. Osman sağ-salamat geri döndü. Qüreyşlilər sülh istədiklərini ifadə etdilər və Hüdeybiyyə sazişi imzalandı. Müsəlmanlar qurbanlarını kəsib ümrə etmədən geri qayıtdılar.

      Rəsulullah (s.ə.s) burada susuz bir quyunun başında dua etmiş və möcüzə olaraq quyudan su çıxmışdır.

      Məscidi-Bia

      Birinci və İkinci Aqabə beyətinin bağlandığı yerdə tikilən məsciddir. Minadan Məkkeyi-Mükərrəməyə gələrkən sağ tərəfdə, böyük şeytana təqribən 300 m. məsafədə Osmanlı üsulunda inşa edilmiş ıkiçik bir məsciddir.

      Mədineyi-Münəvvərə

      Mədinə Məkkədən sonra Allahın müsəlmanlar üçün müqəddəs etdiyi ikinci diyardır. Məkkədə olduğu kimi, Mədinə şəhərinin ətrafında da Həram bölgəsi vardır. Sərhədləri şəxsən Hz. Peyğəmbər (s.ə.s) tərəfindən müəyyənləşdirilən Həram bölgəsi təxminən 22 km.-ə yaxındır. Mədinə şəhərinin ətrafını əhatə edən Həram bölgəsinin mərkəzi Məscidi-Nəbəvi sayılır. Buxaridə keçən bir hədisi-şərif Mədinənin Həram bölgəsi olduğunu bu ifadələrlə izah edir: “Mədinə buradan-buraya qədər həramdır. Bu bölgənin ağacları kəsilməz. Burada Kitab və Sünnəyə uyğun olmayan işlər görülməz”.”

      Allah Peyğəmbərini ziyarətə gələnləri sevər və onların burada etdikləri duaları geri çevirməz. Hz. Peyğəmbər də özünü ziyarətə gələnlərə şəfaət edəcəyini bildirmişdir. Səfər əsnasında, bol-bol salavat gətirilməli və Mədinəyə yaxınlaşdıqca bu daha da artırılmalıdır. Bu ziyarətin sıravi bir ziyarət olmadığını düşünərək böyük bir təvazö, hörmət və təmkinlə Mədinəyə girmək lazımdır.

      Məscidi Nəbəvi (Peyğəmbər Məscidi)

      Hz. Peyğəmbərin inşa etdirib namaz qıldırdığı, xəlifələr və Osmanlı sultanları tərəfindən genişləndirilərək və təmir edilərək zamanımıza qədər gəlmiş olan məsciddir. Hədisi-Şərifdə buyurulur: “Məscidimdə qilinan bir namaz Məscidi-Həram xaric, başqa məscidlərdə qılınan min namazdan xeyirlidir”.

      Rövzeyi-Mutahhara (Cənnət bağçası)

      Məscidi-Nəbəvinin daxilində, Peyğəmbərimizin qəbri-şərifi ilə məscidin o zamankı minbəri arasındakı yerdir. Hz. Peyğəmbərin: “Evimlə minbərim arası cənnət bağçalarından bir bağçadır buyuraraq mədh etdiyi Rövzeyi-Mutahharanın uzunluğu 22 metr, genişliyi isə 15 metrdir.

      İçərisində Peyğəmbər Əfəndimizin namaz qıldığı mehrabın da olduğu bu ağ sütunlu hissə məscidin digər hissələrindən ayrılır. Digər qismlərin sütun və xalçalarının rəngi ayrı olduğu üçün asanlıqla seçilir.

      Cənnətül-Baq

      Mədinədə Məscidi-Nəbəvinin yaxınlığında salınmış qəbirisitanlıqdır. Burada Rəsulullahın xanımlarından Hz. Aişə, Ümmü Həbibə, Meymunə binti Haris, Ümmü Sələmə, Safiyyə binti Hüyey, qızı Hz. Fatimə və Ruqiyyə, nəvəsi Hz. Həsən və Hz. Əbu Bəkr, Ömər, Osman kimi bir çox səhabələr, o cümlədən tabeun və İslam alimi dəfn edilmişdir. Allah Rəsulu həyatda ikən tez-tez bu məzarlığı ziyarət edərdi.

      Quba Məscidi

      Hz. Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti əsnasında, Mədinəyə 5 kilometrlik məsafədə olan Qubada 14 gün qalmışdı. Bu müddət ərzində Peyğəmbərimiz orada bir məscid inşa etmiş və burada namaz qılmışdı. Qurani-Kərimdə təqva üzrə inşa edildiyi bildirilən və İslam aləmində camaatla namaz qılınmaq üçün tikilən ilk məscid budur. Quba Məscidini ziyarət etmək və burada iki və ya dörd rükət namaz qılmaq müstəhəbdir. Bu məscidin ziyarəti ilə əlaqədar olaraq Peyğəmbərimiz (s.ə.s)  belə buyurur: Kim evində gözəlcə təmizlənib dəstəmaz aldıqdan sonra, başqa məqsədlə deyil, yalnız namaz qılmaq üçün Quba Məscidinə gedərsə ümrə savabı qazanar”. Hz. Peyğəmbər şənbə günləri Quba Məscidini ziyarət edər və burada namaz qılardı.

      Məscidi Qibleteyn

      İslamın ilk illərində müsəlmanlar namazı Qüdsdə olan Məscidi Əqsaya doğru qılırdılar. Hz. Peyğəmbər qiblənin Kəbə olmasını, yəni namazların Kəbəyə dönülərək qılınmasını çox arzu edir və bu barədə Allahdan gələcək əmri gözləyirdi. Hicrətdən 18 ay sonra, Şaban ayının 15-ci günü (Bərat Qəndili) Hz. Peyğəmbər (s.ə.s) Sələmə oğulları məhəlləsində günorta və ya ilkindi namazının fərzini qıldırdığı əsnada, ikinci rükətin sonunda aşağıdakı ayeyi-kərimə nazil oldu: ... Səni, əlbəttə, xoşlanacağın qibləyə çevirəcəyik. O halda dərhal Məscidi-Hərama (Kəbəyə) doğru dön. (Ey möminlər) siz də harada olsanız olun, (namazda) oraya doğru dönün.

      Cümə Məscidi

      Rəsulullah (s.ə.s)  Mədinəyə hicrət edərkən günorta vaxtı Ranuna deyilən yerə gəlmişdi. Burada yanında olanlarla birlikdə Cümə namazını əda etdi və xütbə oxudu. Peyğəmbərimizin ilk dəfə qıldırdığı Cümə namazı bu idi. İlk oxuduğu xütbə də burada oxuduğu xütbədir. İndi bu yerdə “Məscidi-Cümə”adlı böyük bir məscid var.

      Uhud Şəhidliyi

      Uhud şavaşında Müsəlmanlar yetmiş şəhid vermişdilər. Bu şəhidlər döyüşün baş verdiyi Uhud dağının ətəklərinə dəfn edilmişdir. Mədinəyə uzaqlığı təxminən 5 km. olan Uhud şəhidlərinin də ziyarət edilməsi müstəhəbdir. Çünki Hz. Peyğəmbər: Uhud bizi sevər, biz də Uhudu” buyurmuş və Uhud döyüşündən sonra hər il bu şəhidliyi ziyarət edərək onlara dua etmişdir.

      Bədir Şəhidliyi

      Bədir Mədinənin cənub-qərbində olub, Mədinəyə uzaqlığı 160 km.- dir. Bədirdə müsəlmanlardan on dörd nəfər şəhid verilmişdir. Bədirdə yatan şəhidlər də ziyarət edilə biləcək yerlər arasındadır.

      • Hits: 426 clicks

      Tecox component by www.teglo.info