Rüfət Şirinov- GÜNAHA APARAN YOLLARA SAVAB ƏNGƏLİ

      Share

      İslam dini fərdi mənəvi həyatda zirvəyə çatmaq üçün günahlardan çəkinməyi tövsiyə edir.

       Dini nöqteyi-nəzərdən sağlam və güclü cəmiyyətin formalaşması üçün sağlam və mənəvi dəyərlərinə sahib çıxan fərdlərə ehtiyac vardır. Odur ki, günahlardan çəkinən, haramlardan uzaqlaşan, insanların haqq və hüquqlarına riayət edən, ədəb-ərkan timsalı fərdlər həm Allahın dərgahında, həm də cəmiyyət arasında dəyər və hörmətə layiq kimsələrdir. Yəni günah qəbul edilən xüsuslara diqqətlə yanaşan kimsə həm ictimaiyyət tərəfindən, həm də uca Xaliq tərəfindən təqdir edilir.

      Günah və savab, halal və haram terminləri yalnız inamlı insanlar üçün dəyər kəsb edir. Necə ki, hər şeyin şirin – acı, müsbət – mənfi, yaxşı – pis, sevimli – sevimsiz kimi iki yönü var, insanın daxilində də savab və günah işləmə potensialı vardır. İnsan xəlq edilərkən həm şeytani arzular, həm də Rəbbani arzular onun daxili aləminə yerləşdirilmişdir. Uca Yaradan bizdən rəbbani xislətlərimizdən istifadə etməyimizi tələb edir. Əbədi səadətə qovuşmağın yeganə yolu məhz budur. Ancaq əfsuslar olsun ki, tarix boyu insanın şeytani xüsusiyyətinə daha çox meyilli olduğu müşahidə edilmişdir. Bunun nəticəsində də dini cəhətdən qəbuledilməz olan günahlara qərq olur. Deməli, günahlardan uzaqlaşmaq üçün birinci vəzifəmiz içimizdə yerləşən şeytani istəkləri tərbiyələndirmək, nəfsin azğın istəklərinə zikr qalxanı ilə qarşı çıxmaqdır. Mənəvi günahlara əngəl olmaq və şeytani istəklərin qulu olmamaq üçün qeybət etmək, yalan danışmaq, həsəd aparmaq, riyakarlıq etmək, təkəbbürlü olmaq kimi fərdi və ictimai xüsuslardan uzaqlaşmaq lazımdır. Bunlara diqqət yetirməsək, şeytanın tələləri və nəfsin arzuları bizi cəhənnəm çuxuruna yuvarlayacaqdır.

      Günah və haram cənnət yolunu kəsən ən böyük əngəllərdir. İslam dinində günaha və harama götürən bütün yollar pislənmiş, bu yolların da günah olduğu vurğulanmışdır. İslam dini günah və haramdan o qədər şiddətlə çəkindirir ki, nəinki bunları işləmək, hətta ona yaxınlaşmağı belə qadağan etmişdir. Məsələn, ən böyük və çirkin günahlardan sayılan zina haqqında: “Zinaya yaxınlaşmayın” (əl-İsra, 32) buyurularaq ona aparacaq bütün yollardan və vasitələrdən də şiddətlə çəkindirilmişdir.  Eyni şəkildə Hz. Peyğəmbər (s.ə.s) də günaha aparan bütün şübhələrdən uzaqlaşmağı tövsiyə edir. Bir hədisdə bu incəlik necə də gözəl təsvir edilib. Hədisdə belə buyurulmuşdur: “Şübhəsiz ki, halal da bəllidir, haram da. Lakin bu ikisinin arasında bəzi şübhəli şeylər (müştəbihat) var ki, insanların əksəriyyəti bunları (hökmünü) bilməzlər. Kim bu şübhəli şeylərdən çəkinərsə, öz dinini və şərəfini qorumuş olar. Kim də bu şübhəli şeylərə düşərsə (əməl edərsə), harama düşmüş olar. Belə halda o, qadağan olunmuş bölgənin ətrafında (qoyunları) otaran, lakin qadağan bölgəyə (qoyunların) girməsinə əmin olmayan çobana bənzəyir. Həqiqətən, hər bir hökmdarın qadağan bölgəsi vardır. Allahın qadağan bölgəsi isə Onun haramlarıdır. İnsan bədənində elə bir ət parçası var ki, əgər o islah (sağlam) olarsa, bütün bədən islah (sağlam) olar, yox əgər xəstə olarsa, bütün bədən xəstə olar. Şübhəsiz ki, o, qəlbdir”. (Buxari, İman 39) Bu hədisdə də ifadə edildiyi kimi, şübhəli xüsuslar bizi günaha götürər, günahlar da bizi cəhənnəmə vasil edər. Eyni şəkildə halallara diqqət edərək şübhəli şeylərdən uzaqlaşsaq, Allahın razılığını qazanar və cənnətə sarı yol alarıq. Hədisdə diqqətimizi cəlb edən bir xüsus da budur ki, insan günah işləyər və haramlara diqqət etməzsə, qəlbi mənəvi xəstəliklərə düçar olar. Necə ki, ürəyi xəstə olan və infarkt keçirən xəstə həyata vida edirsə, qəlbi mənəvi xəstəliyə tutulmuş kimsə də mənəvi infarkt keçirmiş olar və cənnət həyatına yol ala bilməz. Günahlara qarşı ən böyük silahımız savab əməllər işləmək və savab qazanacaq imkanları artırmaqdır.

      Xülasə, bunu demək mümkündür ki, günah işləmədən günaha götürən amillərə, harama düşmədən harama aparan xüsuslara diqqət yetirmək lazımdır. Günah işləmək və harama düşmək bu işin zirvə nöqtəsidir. Bu zirvəyə də addım-addım gedilir. Son peşmançılığı yaşamamaq üçün atdığımız hər addıma diqqət yetirmək lazımdır. Addımlarımız bizi halal tərəfə, yoxsa haram tərəfə aparır?  Xoş o kimsələrə ki, dünya həyatını halal və savab yollarda addımlayaraq keçirir və əmin adımlarla cənnətə tərəf yol alırlar; həm dünyada xoşbəxt və hüzurlu həyat yaşayır,  həm də axirətdə Allahın cənnət mükafatı ilə mükafatlandırılırlar.

      • Hits: 414 clicks

      Tecox component by www.teglo.info