Sabahin Fəlsəfəsi / Qəmər Cavadlı

      Share

      Azərbaycanda müasir dini durumdan, din-dövlət münasibətlərindən,kütləvi-informasiya  vasitələrində dini dəyərlərin düzgün təqdim olunmasından  söz düşəndə bir çoxları,

       ələlxüsus tələbələrim məndən bir neçə sualı cavablandırmagı xahiş edirlər.İslami dəyərlərin təbligi bu gün  üçün aktualdırmı? Cəmiyyətin sabahı naminə nə üçün məhz dini konsepsiyadan istifadə edilməlidir? Din dövlətə və millətə lazımdırmı?

              Mənə elə gəlir ki,bu suallara cavab axtaran hər kəs öncə fəlsəfi fikir tarixinə  ekskurs keçirməlidir.Hələ qədim Roma filosofu Siseron “Fəlsəfə traktatı”nda yazırdı:”Əgər möminlik olmasa, onunla bərabər dindarlıq da,din də məhv olar. Əgər bunlar da məhv olsa, onun ardınca bütün həyatımızda böyük çevriliş və böyük sarsıntılar baş verər. Və təbii ki, allahlara ibadətin yox olması ilə iman ( fides) aradan qalxar, insan cəmiyyəti ( societas generis humani)  və dəyərlərin ən mükəmməli olan ədalət ( justitia) məhv olub gedər.”

             Antik cəmiyyət din ilə cəmiyyət, imanla ədalət arasında mövcud olan əlaqəni  ilahi qanunauygunluqlar kimi dəyərləndirir, dövlətlərin və ictimai strukturların qorunub saxlanılmasında  önəmli amil kimi təqdim edirdi. Şərq fəlsəfəsində də elm və din ilə idarə edilən dövlətlərin rifaha qovuşacagı barədə bir sıra nəzəri fikirlər və hikmətlər mövcuddur. Özəlliklə, məşhur filosof Əbu Nəsr  Məhəmməd əl-Fərabi dini elmlər nəticəsində qazanılan uğur və nailiyyətləri ( əs-Səadə), insan toplumlarını və onların idarə formalarını dərəcələrinə görə dörd əsas sinifə bölür:

      1.              Fəzilətli dövlət və millət  -  dini biliklərlə elm əldə edən insanların idarə etdiyi dövlətdir. Bu dövlətin siyasəti dünya və axirət bilikləri üzərində qurulmuşdur.

      2.              Fasiq dövlət və millət  -  fəzilətli dövlətlə zəlalətdə olan dövlət arasında orta bir yerə sahibdir.Nəzəri olaraq dogru biliklərə sahibdir,lakin təcrübədə həqiqi biliklərlə deyil, yanlış və yabançı zövqlərə əsasən idarə edilir.

      3.              Cahil dövlət və millət  -  güc agıldan üstün tutulur.Xalq və dövlət idarəçiləri  bəzi həqiqi dəyərlərdən agahdırlar,lakin cahil olaraq qalmaqda davam edirlər, çünki bildikləri yalniz dünya işləridir.Cahil  dövlətdə millət müxtəlif sinif və qruplara ayrılır.

      4.              Zəlalətdə olan dövlət və millət  -  tamamilə instinktiv idarə edilən insan qruplarıdır. Əqli və dini biliklərin yoxluğu məkanında idarəçilərin istədikləri kimi yönləndirdiyi toplumlardır.

                Aristotel və Sokrat məktəbinin davamçısı kimi Fərabi bütün nəzəri fəzilətlərin qaynağını Allah və insan haqqında biliklərdə görür, biliyi fəzilətdən ayırmagı qeyri –mümkün hesab edir. Şərq utopistlərinin dövlət haqqındakı təsəvvürlərini ümumiləşdirərək Fərabi bu qənaətə gəlir ki, dini fəlsəfə Səadət dövlətinin qurulmasında insanlara nəzəri və təcrübi biliklər verən yeganə elmdir.

               Daha  yaxın keçmişimizdə insan psixologiyası üzrə dahi mütəxəssis sayılan Ziqmund Freyd də dini təbligatın vacibliyini xüsusi  vurğulayır. “Bir xülyanın gələcəyi” əsərində  psixoanalitik belə yazır: “Əgər mən insan birgəyaşayışı və tərbiyənin əsasında dini sistemin qorunub saxlanılması lehinə çıxış edirəmsə, buna qətiyyən təəccüblənməyin. Bu, mövcud vəziyyətə uygunlaşma deyil, praktiki bir problemdir. Belə ki, biz  mədəniyyətimizin qorunması maraqlarından söz açırıqsa, fərdin mədəni cəhətdən öz-özünə yetkinləşməsini və tərbiyələnməsini oturub gözləyə bilmərik, - ola bilsin ki, bəziləri heç vaxt bu səviyyəyə qalxmasın, - böyüməkdə olan  nəslə bütün tənqidi  münasibətlərdən uzaq olan münasib biliklər sistemi aşılamaq istəyiriksə,məqsədlərimiz üçün ən uyğun gələn sistem yalnız  dindir”.

               “İnsani tələbatlar reallığın bir hissəsidir” deyən Z.Freyd cəmiyyətin psixi durumunun normallaşması baxımından dini təbligatın önəmini açıqlayır: “Dini elmlərin üstünlüyünü ortaya çıxaran  digər cəhətlər vardır ki,bunlar bəlkə də sizi şok vəziyyətinə salar. Din – məfhumların primitiv və infantil izlərini tənzimləyərək onların nəcibləşməsi və sublimasiyası üçün şərait yaradır”.

               Freydin böyük önəm verdiyi sublimasiya psixoanalizdə həm fərdin,həm də cəmiyyətin yeniləşməsində müalicəvi əhəmiyyət daşıyır.Sublimasiya vasitəsi ilə Freyd  ibtidai psixi funksiyaların ali funksiyalara çevrilməsinə çalışırdı. Onun fikrincə uşaq kompleksləri, bədii yaradıcılıqda nevrotik sindromlar,psixika daxilindıki ziddiyyətlər sublimasiya ilə aradan qaldırıla bilərdi.Müasir psixoanalizdə sublimasiya psixoloji konfliktlərin həllində ən münasib forma hesab olunur, belə ki, əks halda fərdin və cəmiyyətin nevroza qapılma ehtimalı vardır.Yəni başqa sözlə desək,dinsiz cəmiyyətin psixoloji durumu pozulmuş hesab olunur.

              Adları çəkilən müəlliflər – Siseron,Fərabi,Freyd müxtəlif zaman kəsimlərində yaşasalar da , tədqiq olunan məsələyə münasibətdə vahid rəydədirlər: Cəmiyyətin inkişafı,millətin rifahı, əmniyyətin və gələcəyin təminatı naminə hər bir dövlət dini konsepsiyaya malik olmalıdır.Həm də bu rəy zərurətin doğurduğu aprioridir. Elə buna görədir ki,müasir Qərb dini təbligat metodologiyası üzərində hər zamandan daha ciddi şəkildə məşğul olur. Bu sahədə xüsusi diqqət  cəlb edən alimlərdən biri  ABŞ Kaliforniya universitetinin professoru, Cəmiyyət və dini tədqiqatlar mərkəzinin rəhbəri Çarlz Qlokdur. “Qlok və qrupu” sosiologiya aləmində  məşhur termindir və təəssüf ki, onun rəhbərlik etdiyi mərkəzin adı dünyada baş verən bir sıra dini münaqışələrin “ssenari müəllifi” kimi də hallanmaqdadır.

              Qlok dinin cəmiyyətə təsir vasitələrini  beş mərhələ ilə ölçür:

      1.      Dini təcrübə - mistik və ekstaz vəziyyətlər.

      2.      Dini iman – insanların ınandığı miflər və doqmalar.

      3.      İbadət formaları – dini mərasimlərdə iştirak, ayinlər, dualar və s.

      4.      Fərdin dini informativlik səviyyəsi – dini biliklərin təməl əsaslarına yiyələnmə.

      5.      Dini motivasiyanın  fərdin rəftarına və cəmiyyətin müxtəlif təbəqələrinə təsiri dərəcəsi.

           Hal –hazırda dini psixologiyanın və sosiologiyanın həm nəzəri,həm də təcrübi bazası Qlokun təqdim etdiyi bu müstəvi üzərində qurulur.Qeyd etməliyik ki,bu model İslam dövlətlərində, özəlliklə Türkiyədə tətbiq olunmağa başlamışdır.Bunu bir sıra türk alimlərinin – H.Hökelekli, F.Fırat, Z.Egmen, N.Armaner kimi psixoloq və sosioloqların işlərində müşahidə etmək  mümkündür.

            Bir sıra Qərb ölkələrində fəaliyyət göstərən müsəlman mütəxəssislər mövcud elmi problemin islamiləşdirilməsi baxımından müəyyən işlər  görməkdədirlər.ABŞ-ın müsəlman sosioloqları “The Association of Muslim Social Scientists” və “The International Institute of Islamic Thought”  kimi dərnək və cəmiyyətlər yaradır, çeşidli tədqiqatlar aparır, kitab və məcmuələr nəşr etdirir, “The American Journal of İslamic Social Sciences” jurnalını yayınlayırlar. Bu jurnalda sosioloji tədqiqatların  islami təbligatla uzlaşdırılmasına dair çoxlu maraqlı yazilara rast gəlinir.

             Bu gün biz tam əminliyi ilə deyə bilərik ki, islami təbligatın kütləvi-informasiya vasitələri ilə cəmiyyətin həyatına aşılanması həm dövlət ideologiyasının,həm də müasir ictimai elmlərin qarşısında duran vacib problemlərdən biridir. Ərəfəsində olduğumuz texnoloji yeniliklər əsri çagdaş insanın şüur və rəftarına güclü təsir göstərmək  iqtidarındadır.Zaman isə elmdən tələb edir ki, “bu günün acıları fəlsəfəyə qalib gəlməmiş, fəlsəfə keçmişin və sabahın acıları üzərində zəfər çalsın”. Bu aforizm fransız moralistlərdən F.Laroşfukoya  aiddir.

       

      • Hits: 770 clicks

      Tecox component by www.teglo.info