Rüfət ŞİRİNOV-Hz. Peyğəmbər və ədəbiyyat

      Share

      Dillərin ədəbi yönlərini bilmək onların düzgün başa düşülməsini təmin edən ən əsas amildir. 

      İslam tarixi boyunca təsirli nitq söyləmə və ədəbi metodlardan yüksək səviyyədə faydalanma fikir və duyğuları ifadə etmək üçün istifadə edilən ən kəskin silah idi. Məlum olduğu kimi, Hz. Peyğəmbər (s.ə.s) ədəbiyyatın zirvə nöqtədə yaşandığı bir dövrdə dünyaya gözlərini açmışdı. Odur ki, onun dövründə yaşayan ən güclü ədiblərdən ədəbiyyat baxımından daha güclü və daha təsirli olması labüd idi. Heç bir şey oxuyub-yaza bilməyən (ümmi) olmasına baxmayaraq Allahın lütfü ilə onun ifadələri həm o dövrdəki ədibləri heyran qoymuş, həm də günümüzə qədər bu heyranvericilik davam etmişdir. Bu yazımızda Hz. Peyğəmbərin həyatında ədəbiyyata nə qədər və nə üçün əhəmiyyət verdiyinə diqqət cəlb etmək istəyirik.

      Din sözlə gəlmişdir. Ən gözəl söz - kəlam Allahın kəlamıdır. Hz. Peyğəmbərə (s.ə.s) kəlamı Uca Allah öyrətmişdir. Onu ən gözəl şəkildə “tədib” etmişdir. Yəni ədəbiyyatını gözəlləşdirmiş və gücləndirmişdir. Daha çox “Məni Allah ədəbləndirdi və nə gözəl ədəbləndirdi” şəklində tərcümə edilənأَدَّبَنِي ربي فَأَحْسَنَ تأديبي  (əddəbəni Rabbi fə-əhsanə tədibi) hədisindəki “əddəbəni” kəlməsinin mənası bəzi alimlərə görə “ədəbiyatımı gözəlləşdirdi” şəklində ifadə olunmuşdur. Odur ki, bu yoruma əsasən, bu hədisdəki əsas məqsəd ədəbdən çox ədəbiyyatdır; yəni fəsahətli və bəlağətli nitq söyləmək. Eyni kökdən gələn bu kəlmələr məna baxımından eyni mənbədən qidalanırlar. Gözəl və tərbiyəli ifadələrdən istifadə etmək əslində gözəl ədəbin nəticəsidir. Ədəbiyyat söz və ifadələri gözəlləşdirdiyi kimi, ədəb də insanın xasiyyət və davranışlarını gözəlləşdirir.  Odur ki, bu iki xüsusiyyət ən gözəl şəkildə Hz. Peyğəmbərdə (s.ə.s)  özünü büruzə vermişdir. Çünki onun əxlaqı Qurani-Kərim idi, çünki onun müəllimi Uca Yaradan idi.

      Dini mətnlərin başında Qurani-Kərim gəlir. O, bir çox cəhətdən möcüzəvi olduğu kimi, ədəbi yöndən də ecazkardır. Hz. Peyğəmbərin (s.ə.s) ağzından çıxan kəlamlar bu dərəcədə ecazkar olmasa da, fəsahət (gözəl, aydın, təmiz, düzgün, səlis) və bəlağətə (fikrini gözəl, aydın, düzgün və inandırıcı sözlərlə ifadə etmək) sahibdir. Çünki O (s.ə.s), ərəblərin ən fəsahətli danışanı idi. Yeri gəlmişkən onu da ifadə edək ki, hədislərin səhih olduğunu bildirən xüsuslardan biri də, sözügedən hədisdə fəsahətin və bəlağətin olmasıdır. Məlum olduğu kimi, ərəblər arasında ədiblərin ən güclüləri Qurani-Kərimin nazil olduğu dövrdə yaşayırdılar. Hər il keçirilən ədəbiyyat müsabiqələrində ədəbi baxımdan ən güclü olan yeddi şeir Kəbə divarlarına asılır və il boyu burada sərgilənirdi. Bu, o dövrün ədəbiyyata verdiyi dəyəri görmə baxımından ən önəmli xüsuslardan biridir.  Ancaq o şairlər həm Quranın, həm də Hz. Peyğəmbərin ədəbiyyatı qarşısında susur və heyrətlərini gizlədə bilmirdilər. Məsələn, Hz. Peyğəmbərin “Cəvamiul-kəlim” (az kəlmə ilə çox məna ifadə edən) olması bunun ən bariz nümunələrindəndir.  Həmçinin Ona (s.ə.s): “Gözəllik nədədir? Hardadır?”­- deyərək soruşulduqda: “Dildədir”, - şəklində cavab verməsi dilə və ədəbiyyata göstərdiyi əhəmiyyətin isbatıdır. Eyni zamanda, Hassan ibn Sabit adında şairi hər zaman yanında tutması və ona müşriklərin şeirlərinə qarşı şeirlə cavab vermə təlimatını verməsi də ədəbiyyata və şeirə dəyər verdiyini göstərən başqa bir amildir. Ancaq onu da ifadə edək ki, Hz. Peyğəmbər bir şair deyildi. Çünki Qurani-Kərim: “Biz ona (Muhammədə) şeir öyrətmədik, bu ona heç yaraşmaz da” (Yasin, 69), - buyuraraq bunu açıq şəkildə bəyan edir.

       Hz. Peyğəmbərin (s.ə.s) sözlərində ədəbiyyat qüsurlarının varlığını ifadə etmək çox çətindir. Onun həyatında ədəbiyyatın önəmli olduğunu göstərən bir hədis də, “İnsanlarla ağıllarının səviyyəsinə görə danışın” (Əbu Davud), - tövsiyəsidir. Çünki insanların başa düşəcəyi dildə və səviyyədə danışmaq yüksək ədəbiyyat səviyyəsi tələb edən bir məharətdir. O, fəsahətli danışığı olmayanlara belə xəbərdarlıqlar etmişdir: Qiyamət günündə məndən ən uzaq olanlar sözü qarma-qarışıq söyləyənlər, lazımsız şəkildə uzadanlar və son dərəcə mübaliğə edənlərdir”.(Tirmizi) Hz. Peyğəmbər (s.ə.s) kəlmələri söyləyərkən hərfləri gözəl tələffüz edər və heç bir çətinlik çəkməzdi. Onun təsirli natiq olması da ədəbiyyatın bütün incəliklərinə bələd olması və söhbətlərində istifadə etməsindən asılıdır. Hz. Peyğəmbər (s.ə.s) ifadə və mənaya önəm vermiş, cümlələri kəlmələrlə bəzəmə dərdində olmamışdır. Çünki onun əsas dərdi ifadə etmək istədiyi mənanı ən gözəl şəkildə tərəf müqabilinə çatdırmaq idi. Yerinə və zamanına görə danışdığı üçün qısa ifadələrlə yanaşı normal cümlələrdən də istifadə etmişdir. Yavaş-yavaş danışaraq bəzən də kəlmələri bir neçə dəfə təkrarlayardı.

      Xülasə, gözəl dinimizi gözəl ifadələrlə şanına yaraşan şəkildə insanlara çatdıraq. Çünki Peyğəmbərimiz (s.ə.s) ədəbiyyatdan ifadələrə bəzək vurmaq üçün deyil, məramını ən gözəl şəkildə tərəf müqabilinə çatdırmaq üçün istifadə etmişdir. 

      • Hits: 631 clicks

      Tecox component by www.teglo.info