Fuad QULİYEV-“Ol!” deyər və dərhal olar...

      Share

      “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin olmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” – deyər, o da (dərhal) olar”.  

      (əl-Bəqərə, 2/117)

      Qurani-Kərimdə, Allah bir şeyin olmasını istəyərsə, “kun fəyəkun (ol deyər və o şey dərhal olar)”, - deyə buyrulur. (əl-Bəqərə, 117: əl-Ənam, 73; ən-Nəhl, 40; Yasin, 82) Hədid surəsində isə: “O, göyləri və yeri altı gündə yaratdı”, - buyrulur. Necə ola bilər ki?! Allah ol deyincə olurdu; niyə yeri və göyləri altı gündə yaratmışdır?

      Bu məlumatların hamısı Qurani-Kərimdə keçir, əlbəttə ki! Hər ikisini də bildirən Allah-Təaladır. Hikmətini bildirməsə belə, və ya  biz dərk etməsək belə, olduğu kimi inanmaq düşər bir vəzifə kimi üzərimizə. Allah (c.c.) bir şeyi səbəblərlə yaradar, və ya araya heç bir səbəb qoymadan da yaradar. İnsanı yaradarkən ana-atanı səbəb qılmışdır. Hz. Adəmi yaradarkən ana-atanı deyil, torpağı səbəb yaratmışdır. Hz. Həvvanı da yaradarkən ana-atanı və torpağı səbəb qılmamış, sadəcə Hz. Adəmin varlığını səbəb qılmışdır.

      Uca Yaradan istədiyi zaman “ol” deyər və dərhal yaradar, istərsə də digər səbəblərlə müəyyən bir vaxt ərzində yarada bilər. Məsələn, uşaq Allah-Təala tərəfindən ana bətnində yaradılmışdır. Onun dünyaya gəlməsi üçün doqquz ay qədər bir zaman tələb olunur. İnsanın ağlına heç “niyə bir anda yaradılmır?” deyə bir sual gəlmir.

      Ana bətnində nütfəyə (spermatazoid) yeni bir əmr gələr ki, “laxta qan ol”. Bu əmr və onun bənzərləri ara vermədən təkrarlanar. İlahi qüdrət və iradə o toxumu bir haldan digər hala çevirər və sonunda insan vücud tapar. Demək ki, nütfəyə “insan ol” deyilməmiş, sadəcə “qan laxtası ol” deyilmişdir. Əgər ana bətnində o nütfəyə “insan ol” əmri verilmiş olsaydı, şübhəsiz, o zaman Onun qüdrəti ilə dərhal uşaq təşəkkül tapardı. Dünya saysız-hesabsız hikəmtlərlə dolu olduğu üçün yaradılış səbəblərə istinad edilərək mərhələli olaraq icra olunur. Və bu mərhələli yaradılışla necə də heyrətamiz sənət əsərləri sərgilənməkdədir. Bu hikmət dünyasında ilahi sənətlərin sərgilənməsi üçün “ol” əmri “son şəklini al” şəklində deyil, “bir sonrakı mərhələyə keç” tərzində verilmiş olur. Kainatın yaradılmasında da qüdrətini əks etdirən necə “ol”lar arxa-arxaya sıralanmışdır, Allah bilir...

      Tənəffüs etdiyimiz havaya qırtlağımızda, ağız boşluğunda və dodaqda ayrı-ayrı əmrlər verilir və bunun sayəsində müxtəlif hərflər səslənir ağzımızdan. Demək ki, havaya “səs ol” deyə əmr verilir. Həm də müxtəlif şəkil və tonlarda. Sanki ağzımız bir fabrikdir və orada “ol” əmri ilə səslər yaradılır.

      Xəlq etmək yalnız Ona xasdır. Ondan başqa yaradan yoxdur. Kainatın nizam-intizam daxilində axıb getməsi onun təkliyinin dəlili və təzahürüdür.

      Allahın Peyğəmbərlərinə ehsan etdiyi möcüzələr də bir anda olur. Musa (ə.s.) peyğəmbərin dənizin bir anda yarılması ilə ortasından keçməsi, Peyğəmbərimizin əl işarəsi ilə Ayın iki yerə ayrılması kimi. Bunlar hikmətini və meydana gəliş şəklini insanın rahatlıqla idrak edə bilməyəcəyi şeylərdir və müəyyən mərhələdən sonra inanmaqla kifayətlənmək lazım gəlir.

      Uca Yaradan bizi onun “ol” əmrinin yaxşı təzahürlərinin yansıdığı bəndələrindən etsin! Amin! 

      • Hits: 626 clicks

      Tecox component by www.teglo.info