Salih Zeki MERİÇ-NAMAZIN GÖZƏLLİYİ

      Share

      İbadət möminin həyatını Allah-Təalanın istədiyi qaydaya salaraq Onun əmr və qadağaları çərçivəsinə uyğun bir şəkildə nizamlamasıdır.

       İbadət möminin Rəbbi qarşısında “qul” olduğunu dərk etməsi və bu qulluğunun içini də Rəbbinin ondan tələb etdiyi bəzi əməllərlə doldurmasıdır. Bir baxıma ibadət müsəlmanın həyatını qəflətdən uzaq, həssas və şüurunda olaraq yaşamasıdır.

      Heç bir anı Rəbbindən xəbərsiz olmayan insan xalis bir niyyətlə və ilahi riza ilə yaşadığı həyatının bütününü bir ibadət iqliminə çevirə bilər. Peyğəmbərimizin (s.ə.s) hədisi-şəriflərində vurğuladığı “yaxşı niyyət” bütün əməllərin möhtəvasını dəyişdirə bilər və möminin hər əməlini ibadətə çevirə bilər.

      Möminin niyyətindəki bu həssaslaşma və həyatı ilahi istiqamət üzrə yaşamaq səyinin olmasının yanında bir də Rəbbimizin mömindən qəti surətdə istədiyi ibadətlər var. Bu İbadətlərə hökm olaraq fərz deyilməkdədir. Bu ibadətlər möminin Rəbbinə qarşı borcu kimidir; və mömin tərifini tamamlayacaq xüsusiyyətdə ibadətlərdir. İslam əxlaqını, müsəlman vəsfini, mömin kimliyini insan bu ibadətləri yerinə yetirdiyi zaman əldə edir. Bu ibadətlərin tamamının bir mənada kəsişdiyi ibadət namazdır. 

      Namaz digər ibadətlərlə təhkim edilmiş bir həyatın Rəbbə vüslətdə zirvəsini təşkil edən ən mənalı, ən əhatəsi geniş ibadətdir. Namaz – tərəfini müəyyən etmə, rəngini bəlli etmə missiyası və müsəlmanlığın səviyyəsini göstərən bir ibadətdir. Namaz – imanla imansızlıq arasındakı incə bir cizginin iman tərəfini ifadə edir.

      Namaz fərdi həyatımıza mənəvi bir səviyyə qazandırdığı kimi, sosial həyatımıza da gözəllik qatar. Haqqını verərək qılınan bir namaz bizi hər cür pislikdən, yaramazlıqdan uzaq tutar. Həyatının mərkəzinə namazı qoyan bir mömin oradan həyata gözəlliklər, yaxşı niyyətlər əks etdirər. Çünki beş vaxtda görüşünə çıxdığı Rəbbindən hər Fatihə surəsini oxuduğu zaman doğru bir yola yönləndirməsini, özünə hidayət verməsini və zəlaləttə olanların yoluna yönləndirməməsini diləməkdədir. Hidayətə, doğru yola yönəltməsini istədiyi Rəbbinə gündə dəfələrlə şükür edər.

      Namaz insana dünyanı və dünyəviliyi tərk etməyi öyrədir. Namazın başında böyüklüyünü iqrar etdiyimiz Rəbbimizə üzümüzü döndüyümüz zaman əllərimizi qaldıraraq aldığımız təkbirlə hər şeyi tərk edərək Onun hüzuruna çıxmış oluruq. Hüzurunda dayanaraq yetişmək istədiyimiz qəlb hüzuru mənası dərin bir tərk ilə başlayır. Bizi, qəlbimizi, könlümüzü məşğul edən hər nə varsa; malımız, məqamımız, həvəslərimiz, əməllərimiz... Hamısını tərk edərək bir olan Rəbbimizlə vüslət iqliminə giririk.

      Qiyamda boynumuzu bükərək Rəbbimizə iltica edirik. Onu hər cür nöqsanlıqdan tənzih edərək başlayırıq dualarımızı oxumağa. Qiyamda olmağın və qiyamda qalmağın əslində mömin üçün bir var olma mücadiləsi olduğunu xatırlayırıq. Rəbbimiz mömini namaza çağırarkən “namaza qalxın” buyurur. Bu dəvətə icabət qiyam etməklə olur. Qiyamın dirildici ruhunu namazda yaşadıqdan sonra həyatın hər sahəsində möminlik ləyaqəti üçün qiyam şüurunu əldə edirik. Bu qiyamla şeytana və dostlarına, nəfsimizə qarşı mücadələ etməyin məşğələsini keçmiş oluruq.

      Sonra Rəbbimizin ucalığını iqrar edərək, “Sübhanə Rabbiyəl Azim” deyir, onu ucaldıb bükdüyümüz boynumuzla rükuya gedirik. Həm qəlbən, həm də bədən olaraq təvazö içinə bürünürük. Təkrar-təkrar Rəbbimizin ucalığını ifadə edirik. Rüku təvazönün, heçliyin və ilahi qüdrət qarşısında təslim olmağın ilk addımıdır. Merac bənzəri bir səcdəyə gedişin ilk həmləsidir. Səcdədə o vüsləti, qovuşmanı yaşamaq üçün bir hazırlıqdır. Rüku edənlərlə bərabər rüku edin əmrinə müxatəb olmaqdır. Sonra yenidən qiyama qalxdıqdan sonra əbədi hüzura çatmışcasına səcdəyə qapanırıq.

      Səcdə əbədi hüzur verən bir sığınacaq kimidir. Bütün əzalarımızla yerə üz sürüb dodaqlarımızla Rəbbimizin əzəmətini, böyüklüyünü ifadə edirik. Namazın ən xüsusi anlarından biridir, səcdə. Quranda on dörd fərqli yerdə səcdə əmri keçir. Bir çox ayədə isə “səcdə edənlər” deyə ifadə edir qullarını, Rəbbimiz. Və Peyğəmbərimiz “möminin meracıdır” deyir, səcdə haqqında. Buna görə də səcdə Allaha yaxınlaşmağın, təslimiyyəti ifadə etməyin və bütün mənlik duyğularından əl çəkməyin ən gözəl ifadəsidir.

      Və təhiyyat. Təhiyyatda ən gözəl dialoqu ifadə edər, mömin. Meracda Peyğəmbərimizlə Rəbbimizin qarşılıqlı danışıq ifadələrinin yer aldığı bu gözəl dua xitami-misk (gözəl sonluq) kimi namazın sonunda oxunur. Başda Peyğəmbərimiz olmaqla, Onun mübarək atası İbrahim əleyhissalama salət və salamlar göndərilərək namaz bitirilir. Ən axırda sağa və sola salam verilərək ümməti-Muhamməd başda olmaqla, sağda və solda var olan hər şeyə Allahın salamı ifadə edilir.

      Qısacası, məscid öz camaatı ilə məna qazanar, camaat isə namazla camaat olar. Məscidlərə həyat verən ən mənalı ünsürlərdir, bunlar. Namazın istər möhtəva gözəlliyi, istərsə də şəkil gözəlliyi bütün ibadətlərin üstündədir. Səf bağlayan insanların, eyni yönə çevrilən üzlərin, eyni dualarla tərpənən dillərin və eyni üfqə baxan gözlərin birliyə, diriliyə, qardaşlıq duyğularına qatdığı gözəllik qədər gözəl başqa bir ibadət varmı?

      • Hits: 554 clicks

      Tecox component by www.teglo.info