Eldar KƏRİMOV-İnsanın 3D-si

      Share

      Bu gün insanların dərdi dərdsizlikdir. Bu o demək deyildir ki, insanların dərdi yoxdur.

       Hər kəsin dərdi kifayət qədərdir. Belə demək mümkündürsə, insanların problemi dərdi dərk etməmələridir. İnsan olmağın ən böyük məsuliyyəti düşünməkdir. Düşünməyən insanın insanlığı sorğulanmalıdır. Onun insanlığına şübhə ilə yanaşılmalıdır. Düşünmədən yaşayan insan, gözləri gördüyü halda gözlərini bağlayıb ətrafındakı gözəllikləri görmədən yaşayan insana bənzər. O, bu dünyadan keçərkən ətrafındakı heç bir gözəlliyi görməz. Görünməyən gözəllikdən nəsibini almayan insan da nəyin pis, nəyin yaxşı olduğunu dərk etməz. Düşünmədən yaşayan insan dərdin nə olduğunu bilməz; elə zənn edər ki, dərdsizdir və dərdsiz olduğu üçün də xoşbəxtdir. Ancaq bunu yaxşı anlamaq lazımdır ki, xoşbəxtlik anlıq bir duyğu deyildir. Mütləq xoşbəxtlik uzun müddətli və daimidir. Onu müvəqqəti zövqlərdən aldığımız həzzlərlə qarışdırmaq olmaz. Bəzən dərdli insanlar da xoşbəxt olmağı bacarır. Dərdlərinə qucaq açıb öz dərdlərini nemət olaraq görürlər. Mənə görə bu da pozitiv bir düşüncənin nəticəsidir.

      Düşünmək – yox olmaq təhlükəsi ilə üz-üzə qalmış mənliyini yenidən kəşf etməkdir. Başqalarını sənin haqqında düşünməyə məcbur edə bilirsənsə, deməli, sən özün haqqında kifayət qədər düşünmüsən. Düşünmək bu işin sadəcə ilk mərhələsidir. Bundan sonrakı mərhələ düşündüklərimizi özümüzə dərd edə bilməkdir. Yəni düşündüklərimizi özümüzünküləşdirib həyatımızın hər anında ona yer verməliyik. Bu düşüncələr bəzən bizim həyatımızda sevinclərə, bəzən də kədərlərə səbəb ola bilər. Dərdə çevrilə bilməyən düşüncələr kifayət qədər dərin düşüncələr deyildir. Ya da dərdə çevrilməyəcək qədər dərin düşünülməmişdir. Düşünüb dərd etdiklərimizi dərk edə bilmiriksə, bu da başqa bir dərddir.

      Əlimizdə bir alma olduğunu düşünək. Almanı əlimizdə tutub yemək üçün ağzımıza yaxınlaşdırdığımız zaman kəsiyini düşüncə, dişləyib yemə mərhələsini dərdlənmə, onu udmağa qərar verməyimizi isə dərk etmə olaraq qəbul edə bilərik. Bir almanın yeyilməsində baş verən bu üç ən önəmli qərar vermə anı bir dilim almanın bədənimizə gedib nə qədər faydalara səbəb olacağının təminatçısıdır. Bunun tam əksi də ola bilər. Biz əlimizdəki almadan tamamilə imtina da edə bilərik. Məhz insanın problemləri də elə bu andan sonra başlayır. Əlimizdəki nemətin qədrini bilmədən yaşamaqdır bunun adı. Düşünmədən, dərdlənmədən və dərk etmədən yaşamaq da belədir. Qarşımıza çıxan bütün hadisələri əlimizdəki alma kimi, qəbul etməsək, bədənimiz və ruhumuz bütün bu gözəlliklərdən məhrum qalacaq.

      Bu gün modern dünyada kapitalist düşüncə sistemi insanları düşündürməmək üçün əlindən gələni edir. Hər şey hazır şəkildə qarşımıza qoyulur və bizdən sadəcə ondan istifadə etmək tələb edilir. Robotlaşdırılmış bədənimizdə çırpınan ruhumuzun səsi isə heç yerə çatmır. Özü haqqında düşünə bilməyən beyinlər, ətrafında baş verənlər və başqaları haqqında düşünmək qabiliyyətini də yavaş-yavaş itirir. Bu minvalla insanlar nə özləri haqqında, nə də başqaları haqqında düşünürlər. Sadəcə onların qarşısına qoyulan dünyanı yaşayaraq “yaşadıqlarını” zənn edirlər. İnsanlar uzaqlaşdıqca uzaqlaşır öz-özündən.

      Bizim isə qarşımızda bir yolumuz var. O da düşünməkdir. Hər şey haqqında düşünmək. Düşünərək başqa düşüncələri kəşf etmək. Bizim hər şeyimizi əlimizdən alsalar da, düşüncələrimizi almağa izin verməməkdir vəzifəmiz. Heç kim bizim yerimizə düşünməməlidir. Bizim gedəcəyimiz yolu özümüz müəyyən etməliyik. Yoxsa istədikləri yola bizi yönəldib, istədikləri yerdə bizi azdıracaqlar. O zaman yanımızda düşüncələrimiz də olmayacaq, olsa belə, düşünməyimiz belə fayda verməyəcək. Bizə ən yaxın insanlar bizim haqqımızda ən çox düşünən insanlar olacaq. Haqqında düşünmədiyimiz insanlar da həyatımızda olmayacaq. O zaman yaşadığın həyatın xoşbəxtlik pəncərəsini öz üzünə aça biləcəksən. Yoxsa, havasız otaqlarda bir ömrü məhv etmək məcburiyyətində qalacaqsan.

      Son olaraq onu deyim ki, insan düşünüb dərdlənərsə, çox şeyi dərk edər, bu da onun həyatına fərqli məna qatar. Sadəcə görünüşümüzdəki 3D-lərə diqqət etməyək, eyni zamanda öz həyatımızda da 3D (düşünmək, dərd etmək, dərk etmək) formulundan istifadə edək ki, kəmiyyətimizə keyfiyyət qata bilək.

      • Hits: 595 clicks

      Tecox component by www.teglo.info