155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Dr.Vüqar SƏMƏDOV- İmam Nəvəvi

      Share

      Əsl adı Əbu Zəkəriyyə Yəhya İbni Şərəf İbni Müri ən-Nəvəvidir.631-ci (m. 1233) ildəSuriya ərazisində yerləşən Nəva kəndində dünyaya göz açdı. 

      Kəndlərinə nisbət edilərək ən-Nəvəvi və ya ən-Nəvavi deyə tanındı. Onun daha çox Nəvəvi təxəllüsündən istifadə etdiyi, yazılarında görülür. Adı Yəhya olanların, ümumiyyətlə,ata-oğul iki peyğəmbərin xatirəsinə hörmət olaraq Əbu Zəkəriyyə  ləqəbini mənimsəmələri İslam dünyasında bilinən bir adət idi.O da bu ənənəyə sadiq qalaraq, heç evlənmədiyi halda, bu ləqəbi qəbul etmişdi.

      Nəvəvi orta boylu, qarabəniz idi. Bir neçə teli ağarmış, gur və qara saqqallı, heybətli bir kişi idi. Ciddi üzündə təbəssüm az görülərdi. Nəvəvinin İslam dininə göstərdiyi xidmətlərinə görə, ona Muhyiddin (dini canlandıran alim) ləqəbi verilmişdir. Təriflənməkdən xoşlanmayan Nəvəvi isə, dinin hər vaxt canlı və dipdiri olduğunu, heç kəsin ehyasına möhtac olmadığını söyləmişdir. Eyni zamanda bunun özünü tərifləmək olduğunu da qeyd edərək bu ləqəblə çağırılmağı xoş qarşılamamışdır. Hətta ona Muhyiddin deyənlərə haqqını halal etməyəcəyini belə söyləməkdən çəkinməmişdir. Atası Şərəf ibni Mürisadə, təvazökar bir insan idi.Açdığı dükanında alnınıntəri ilə halal ruzisini qazanardı. O, ətrafında dürüstlüyü, zahidliyi və müttəqiliyi ilə tanınmışdı.

      Nəvəvi on yaşına çatdıqda, atasının dükanında işə başladı. Lakin o, ticarətlə məşğul olmağı sevmədiyi kimi, yoldaşlarıyla oynamağa da həvəsli deyildi. Həddi-büluğa çatdıqdaəzbərlədiyi Qurani-Kərimi fürsət düşdükcə oxumaqdan böyük həzz alardı. Evliyaullahdan sayılan, daha sonra Nəvəvinin mənəvi mürşidi olan Yasin ibni Yusuf əl-Mərakeşinin  (və ya Zərkəşi) bir gün yolu Nəvaya düşdü. O, uşaqların birlikdə oynamaq üçün məcbur etməsinə baxmayaraq, onlardan qurtulub Quran oxumağa çalışan Nəvəvini görüb çox bəyəndi. Nəvəvinin Quran müəlliminə yaxınlaşaraq, bu uşağın gələcəkdə böyük bir alim və zahid olacağını təxmin etdiyini söylədi vəonunla xüsusi olaraq məşğul olmasını tapşırdı. Ancaq Quran müəllimi ona "sən münəccimsənmi?"- deyərək tövsiyəsini nəzərə almadı.

      Nəvəvi atasına kömək edirdi və fürsət tapdıqca ətrafındakı alimlərdən təməl islami bilikləri öyrənirdi. On səkkiz yaşına qədər məmləkətində qaldı. Hicri 649-cu (m. 1251) ildə atası onu Şama gətirərək Rəvahiyyə mədrəsəsinə yazdırdı. Mədrəsədə tələbəyə gündə yalnız bir dəfə yemək verilirdi. Nəvəvi bu təvazökar şərtlər altında tanınmış alimlərdən dərs almağa başladı.

      Nəvəvidə elmə qarşı elə bir şövq, həvəs vardı ki, şəxsən söylədiyinə görə, iki il boyunca yerə uzanıb yatmadı. Yuxusu gəldikdə kitablarına söykənərək bir az mürgüləyərdi. Onun elmə olan düşkünlüyü zərbi-məsəl halına gəlmişdi. Müəllimlərinin yanına gedib gələrkən belə, oxuduqlarını təkrar edərdi. İllər sonra yazacağı əsərlərdə ifadə etdiyi kimi, ona görə "Elmlə məşğul olmaq, Allah rizasını qazanmaq üçün tutulan ən yaxşı yol və ən üstün ibadət” idi.

      Hər gün on iki müəllimdən dil, sərf, nəhiv, fiqh, hədis, kəlam kimi on iki növ dərs oxuyurdu. Hədis və fiqh elminə daha çox yönəlirdi. Kutubu Sittəni müəllimlərinə şəxsən oxumaqla yanaşı İmam Malikin Müvəttəsini, İmam Şafeinin, Əhməd ibni Hənbəlin, Osman ibni Səid əd-Dariminin, Əbu Avanə əl-İsfərayinin və Əbu Yəlanın Müsnədlərini, Darəqutni və Beyhəqinin Sünənlərini, Bəğavinin Şərhus-Sünnəsi ilə Hümeydinin əl-Cəm bəynəs-səhiheynini və Xətib əl-Bağdadinin Əl-cami li əxlaqir-ravi və Adabis-samisini də oxudu. Davamlı çalışması səbəbiylə, on il kimi qısa bir zamanda barmaqla göstərilən bir elm adamı oldu. 660-cı ildən başlayaraq əsərlər qələmə almağa başladı. İlk əsərini 655-ci ildə yazdığı da  qeyd olunur.Nəvəvinin qələmə aldığı qırxdan çox əsəri mövcuddur. Bunların içində ən məşhuru “Riyazus-salihin min kəlami Seyyidil-Mürsəlin” əsəridir. Bu gözəl əsər günümüzdə də qısa adı ilə: “Riyazus-Salihin” olaraq müxtəlif dillərə çevrilərək şərh edilməkdə və nəşr edilməkdədir.

      Zəhəbinin "hədis alimlərinin əfəndisi" deyə  qeyd etdiyi Nəvəvi, bir hədis hafizi, eyni zamanda digər hədis elmlərində də nüfuzlubir şəxsiyyət idi. Səhih hədisləri bildiyi qədər zəif və uydurma rəvayətləri, ravilərin hallarını da yaxşı bilirdi. Hədislərdə keçən qərib sözləri açıqlamaqda və hədislərdən fiqhi hökm çıxarmaqda çox mahir idi.

      O,Şafei fiqhində dövrünün ən böyük alimi hesab edilirdi. Bu məzhəbin əsaslarını, üsul və füruunu, bir məsələyə dair səhabə və təbiun alimlərinin nələr söylədiklərini, hansı nöqtədə birləşib hansı nöqtədə bir-birindən ayrıldıqlarını əzbərdən bilirdi.

      Özünü elmlə nikahlayan Nəvəvi heç evlənmədi. Bəlkə, evliliyin onu daim məşğul edəcəyini, bəlkə də, özünə müxtəlif məsuliyyətlər yükləyəcəyini fikirləşərək evlənməyi heç düşünmədi.

      Axirətə duyduğu həsrət səbəbiylə dünya zövqlərinə, yeyib-içməyə, geyinib-kecinməyə, qısacası rahat yaşamağa dəyər verməzdi. Gündə bir dəfə - gecə, yalnız bir növ yemək yeyərdi. Süfrəsində iki çeşid yemək nadir hallarda olardı. Yalnız səhər vaxtı su içərdi. Buzla soyudulmuş suyu içməz; rütubəti yuxu gətirər deyə xiyar belə yeməzdi. Kabab və şirniyyata zalımların yeməyi deyə yaxın durmazdı. Tələbəliyindən bəri adət etdiyi az yatma vərdişini, fani ömürdən kifayət qədər istifadə edə bilmək üçün həyatı boyunca tətbiq etdi.

      Vəfat edəcəyini sezdiyi üçün,özünə səfər icazəsi çıxdığını söyləyərək müəllimlərinin qəbirlərini, şəhərdəki tanışlarını ziyarət edərək, kitablarını mədrəsəyə vəqf etmişdir.

      • Hits: 524 clicks

      Tecox component by www.teglo.info