Alpay Əhməd-4 Günlük Müharibənin Nəticələri

      Share

      Bu il aprelin əvvəlində Azərbaycan və Ermənistan arasında baş vermiş 4 günlük hərbi əməliyyatlar haqqında istər yerli, istərsə də xarici mətbuatda yetərincə məqalələr yazılıb.

       Bu yazılarda yaranmış böhranın həm daxili siyasət (Azərbaycan ordusunun qısamüddətli uğurları, cəmiyyətin bir neçə gün ərzində toparlanması və s.), həm də geosiyasi aspektləri (xarici dövlətlərin maraqları, onların təsiretmə mexanizmləri) geniş şəkildə təhlil edilmişdir.

      Əməliyyatların daha az təhlil olunan bir neçə tərəfinə nəzər salmaq pis olmazdı. Məlum olduğu kimi, Azərbaycan cəmiyyətində Qarabağ mövzusu mütəmadi olaraq müzakirə olunmaqdadır. Biz bu illər ərzində kifayət qədər pessimist fikirlərə rast gəlmişik: “Azərbaycanlıların bir çoxunu bu problem daha maraqlandırmır”, “İnsanları hal-hazırda hər şeydən əvvəl maddi vəziyyətləri düşündürür”, “Bir vaxtlar Topxana meşəsinin qırılmasına görə meydana axışan yüz minlər hardadır?” və s. Yazı müəllifi özü dəfələrlə bu tipli müzakirələrdə öz opponentlərinə deyib ki, hakimiyyət uyğun situasiyada öz resurslarından düzgün istifadə etsə, müəyyən uğurlara nail ola bilər.

      Fikrimizcə, məhz 4 günlük əməliyyyatlar bu tezisin doğru olduğunu sübut etdi. Hakimiyyət, hətta bu əməliyyatlara böyük güclərdən razılıq alıbsa belə, bir neçə gün ərzində hərbi gücdən düzgün istifadə edə bilməsini nümayiş etdirdi.

      Keçən əsrin 90-cı illərinin əvvəllərində döyüş əməliyyatlarını istər mətbuat, istərsə də analitik yazılar səviyyəsində izləmiş birisi kimi bir şeyi əminliklə söyləyə bilərəm: Həmin dövrdən fərqli olaraq, orduda vahid komandanlığın mövcud olması göz qabağındadır. Bundan başqa, ordunun, əsas da, xüsusi təyinatlı qüvvələrin peşəkarlıq nümayiş etdirməsi müsbət hal sayıla bilər. Əminik ki, xarici dövlətlərin təzyiqi olmasaydı, ordumuzun hücum əməliyyatları daha böyük uğurlara gətirib çıxara bilərdi. Hər halda, erməni zabitinin Azərbaycan əsgərlərinin Xocavənd rayonuna qədər gedib çıxmasını etiraf etməsi faktı çox şeydən xəbər verir.

      Hal-hazırda, bəlli olduğu kimi, tərəflər arasında atəşkəs imzalanıb. Periodik olaraq yaxın zamanlarda danışıqlara başlanması haqda müxtəlif səviyyədə mətbuatda xəbərlərlə tanış oluruq. Danışıqlar predmeti kimi yenilənmiş Madrid – 2011-ci ildə Kazanda müzakirə olunan Dağlıq Qarabağ ətrafında işğal olunmuş 5+2 rayonun Azərbaycana qaytarılması, DQ-ın statusunun isə sonra referendum yolu ilə müəyyən olunması prinsipləri göstərilir. Bununla bağlı ortaya çıxan haqlı iradlardan biri budur: 1994-cü ildə imzalanan Bişkek atəşkəsindən indiyə qədər yüksək səviyyədə bu cür danışıqlar keçirilib, müxtəlif prinsiplər ətrafında tərəflərin razılığa gəlməsi haqda vədlər verilib. Yəni indiki durum o dövrdəki durumdan ciddimi fərqlənir?

      Əlbəttə, biz birmənalı şəkildə problemin yaxın zamanlarda həll ediləcəyinə əmin olacaq dərəcədə optimist deyilik. Amma bir məqamı unutmaq olmaz ki, adıçəkilən Bişkek atəşkəsindən bu yana bir dəfə də olsun dövlətimiz düşmənə qarşı ciddi şəkildə güc tətbiq etməmişdi. Məhz Azərbaycanın 1994-cü ildən sonra ilk dəfə bu cür güc taktikasına əl atması və ardınca beynəlxalq və regional səviyyədə diplomatik səylərin gücləndirilməsi müəyyən optimizmə rəvac verir.

      • Hits: 461 clicks

      Tecox component by www.teglo.info