Saleh Şirinov - NƏFS MÜHASİBƏSİ

      Share

      Allah-Təala yaratdığı hər insana müəyyən bir ömür yazmışdır. Ağıl neməti ilə ucaltdığı insanı yetkinlik yaşından etibarən ölüncəyə qədər bütün etdiklərindən və etməsi gərəkdiyi halda ehmalkarlıq edib etmədiklərindən məsul tutmuşdur və hesaba çəkəcəkdir. Bununla birlikdə də, insanı yalnız buraxmamış, onun ağlına rəhbərlik etmək üçün peyğəmbərlər və kitablar göndərmişdir. Bu məqamda insana düşən vəzifə, həyatı və həyatda edib işlədiklərini düşünmək və qiymətləndirməkdir; “Mən nə idim, nə oldum və sonum nə olacaq?”

      İnsan əvvəlcə bir hüceyrə, sonra ana rəhmində bir uşaq və dünyaya gəldikdə hər halı ilə qulluğa möhtac bir körpə, sonra gənc dəliqanlı, sonra yetkin bir insan - güc-qüvvəti yerində, istədiyi kimi davranma gücünə sahib bir qüvvəyə çevrilir. Ancaq bu hər zaman belə davam etmir. Hər yoxuşun bir enişi olduğu kimi, gəncliyin bir də ixtiyarlığı vardır. Arxasından da ölümün gələcəyi şübhəsizdir, amma nə vaxt qarşılaşacağımızı bilmirik. Ona görə də hər an ölüm gələcəkmiş kimi hazırlıqlı olmaq məcburiyyətindəyik.

      Öz-özümüzü hesaba çəkməliyik. Mütləq başımıza gələcək olan ölümü və qiyaməti yaddan çıxarmamalı, davranışlarımıza, bu mütləq həqiqətləri göz önündə tutaraq istiqamət verməliyik. Qabağa salınması və gecikdirilməsi mümkün olmayan əcəl yaxamıza yapışmadan əvvəl düşünək; “Görəsən ölümə və axirətə hazırammı? Bəzi insanlar keçən il aramızda olduğu halda bu il aramızda deyillər. Görəsən mən gələn ilə çıxa biləcəyəmmi?”. 

      Belə bir qarantiyamız olmadığına görə düşünək; “Bu an ruhumuzu təslim etsək, etdiklərimizlə Uca Yaradanımızın hüzuruna çxmağa üzümüz varmı, yoxmu? Əməllərimiz hesabını üz ağıyla verə biləcək səviyyədədirmi və ya üz ağıyla hesabını verə biləcək qədər əməlimiz varmı?!”

      O halda hər birimiz son nəfəsimizi vermədən əvvəl özümüzü hesaba çəkməli və nəfs hesabatı aparmalıyıq. Çünki etdiklərimizdən ancaq Allahın hüzurunda hesab verəcəyik. Hz. Peyğəmbərimiz də (s.ə.s) qiyamət günü insanın zərrə-zərrə, bütün etdiklərindən hesaba çəkilmədikcə məhşər yerindən ayrılmayacağını bizə xəbər verməkdədir. Bir hədisi-şərifində də buyurur ki: “Bir insan qiyamət günündə bu dörd şeydən hesaba çəkilmədən Allahın hüzurundan ayrıla bilməz, hesabdan qurtula bilməz: 1)Ömrünü harada keçirdin? 2)Elminlə (bildiklərinlə) əməl etdinmi (etdinsə nə şəkildə əməl etdin)? 3)Malını haradan və necə qazandın, haraya xərclədin? 4)Bədənini (gəncliyini) harada tükətdin, harada çürütdün (gözünlə hara baxdın, qulağınla nəyi dinlədin, dilinlə nə danışdın, ayağınla hara getdin, ağlınla nələri düşündün və s.)?” (Tirmizi)

      İbn Məsud (r.a) deyir ki: “Sizdən kim olursa olsun, ayın bədirləndiyi gecə (çölə çıxıb) ay ilə baş-başa qaldığı kimi (sabah qiyamət günü də) Rəbbi ilə baş-başa qalacaqdır. Sonra Allah-Təala onu hesaba çəkər: “Ey Adəm oğlu! Mənə itaət etməkdən səni çəkindirən nə idi? Ey Adəm oğlu! Bildiklərinlə əməl etdinmi? Ey Adəm oğlu! Məni və göndərdiyim dini təbliğ etmək üçün sənə göndərdiyim peyğəmbərə nə cavab verdin? Ey Adəm oğlu! Sənin gözlərinin baxdığı şeylərdən xəbərdar deyildimmi? Halbuki sən, sənə halal olmayan şeylərə baxırdın! Qulaqlarının eşitdiklərindən xəbərdar deyildimmi?... Beləliklə Allah onun əzalarının bütün qüsurlarını sayar”.

      Allah-Təala yenə belə deyəcəkdir: “Ey qulum! Yaratdıqlarımdan (insanlardan) utanaraq onların yanında gözəl işlər gördüyün halda, mənim gözümün qarşısında çirkin davranışlar edərkən heç utanmadınmı? Mən sənin üçün qullarımdan daha aşağı səviyyədəyəmmi ki, mənim nəzərimi aşağı gördün, onların nəzərini isə üstün tutdun? Sənə cürbəcür nemətlər bəxş etmədimmi? O zaman səni mənə qarşı aldadan nə idi? Mənim səni görmədiyimimi zənn edirdin? Yoxsa hüzuruma çıxmayacağınımı düşünürdün?”.

      Hesab gününün ciddiliyini Peyğəmbərimiz (s.ə.s) belə bildirir: “Aləmlərin Rəbbi hər birinizi arada bir pərdə və tərcüməçi (bir elçi) olmadan hesaba çəkəcəkdir” (Buxari)

      Ona görə düşünməliyik görək; bu sayılanların hesabına hazırıqmı?! Hz. Ömər də (r.a): “Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin”,- deyərək bu işin ciddiyyəti haqda bizə xəbərdarlıq etməkdədir.

      Keçən ildən bu zamana qədər istər özümüz, ailəmiz, qohum və qonşularımız üçün, istərsə də yaşadığımız cəmiyyət üçün nə kimi gözəl və faydalı işlər gördük? Yaxud özümüzə, cəmiyyətə, insanlara, müsəlmanlara və İslama nə kimi zərərlərimiz dəydi? Faydalımı olduq, yoxsa zərərlimi olduq?!

      Yaxşılıqlarımızı artırmaq, səhvlərimizi düzəltmək üçün belə bir daxili hesabı düşünməyimiz lazımdır və beləcə ömrümüzün hesabatını aparmaq məcburiyyətindəyik. Bütün bunları düşünərkən dinimizin haram qıldığı və qadağan etdiyi bəzi günahları işləmişiksə onlara tövbə etməli və bu günahlardan uzaqlaşmalıyıq. Allaha qarşı vəzifələrimizdə, ibadətlərimizdə əskiklərimiz və qüsurlarımız varsa onları da düzəltməyə çalışmalıyıq. Ömrümüzün saylı olan günlərini Allahın haram və qadağaları ilə deyil, razı və xoşnud olduğu iş və ibadətlərlə keçirməyə səy göstərməliyik. Və bir sözlə, inandığımız kəlmeyi-tövhidin zədələnməməsinə son dərəcə diqqət etməliyik.

      Bu xüsusda Həşr surəsinin 18-ci ayəsində Allah-Təala buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə göndərdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən haqqıyla xəbərdardır!”

      • Hits: 649 clicks

      Tecox component by www.teglo.info