Eldar KƏRİMOV - Xəstə Gündəliyi

      Share

      Birinci gün: 18:30 radələrində işdən evə dönərkən kürəyimdə şiddətli ağrı hiss edirəm. Bu vəziyyətimdən evdə hər kəs təşviş içindədir. Ağrıların ürəyimdə hər hansı bir problemdən qaynaqlandığını düşünürlər. Şiddətli ağrıdan bədənimdən tər su yerinə axır. Amma hələ həkimə getməyi düşünmürəm. Anamın həddindən artıq təkidindən sonra gec də olsa həkimə getməyə razılıq verirəm. Balaca Yusif isə evin bir küncünə çəkilib maşınları ilə oynayır. Ara-bir gözünün ucu ilə mənim üzümə baxır, mənim isə yaxşı olmadığımı hiss edərək dodağının altından bir şeylər pıçıldayır. Gecə saat 00:00-dır. Maşını çox çətinliklə də olsa idarə edərək yaşadığım ünvana ən yaxın xəstəxananın təcili yardımına gedirəm. Tibb bacıları dərdimi dinləyib, xəstəxananın kardeoloqunu təcili yardıma çağırırlar. Həkim ürəyimin kardioqramını və rəngli doqlerini edib ürəyimlə bağlı heç bir problemimin olmadığını söyləyir. Bir neçə ağrıkəsici iynə vurub məni evə yola salırlar. Həmin gün kürəyimdəki şiddətli ağrıdan səhərə qədər oyaq qalıram.

      İkinci gün: Səhər saat 9:00-dır. Özümdə güc tapıb işə getməyi düşünürəm. İştahım yoxdur. Bir stəkan çay içib evdən çıxıram. Maşını iş yerinə qədər çox çətinliklə idarə edirəm. İş yoldaşlarım kürəyimdəki ağrı ilə əlaqədar olaraq məsləhət bildikləri bir nevropatoloqa getməyimi məsləhət görürlər. Saat 12:15-dir. Şəhərin özəl xəstəxanalarının birində çalışan nevropatoloqun qəbuluna yazılıram. İyirmi dəqiqə gözlədikdən sonra həkimin yanındakı xəstə çıxır. Qapını döyüb içəri keçirəm. Həkim nəzakətlə xəstəsini qəbul edir. Ağrıların nə zamandan və necə başladığını soruşur. Hər şeyi necə olubsa deyirəm. Həkim öz metodlarına uyğun müayinə etdikdən sonra klassik sinüzit diaqnozu qoyur.  İki iynə, bir həb, bir gel yazır və pəhrizə riayətetməyimi bildirir. Həmin gün saat 15:00-dır. Həkimin yazdığı dərmanları almaq üçün aptekə gedirəm. Dərmanları alıb evə qayıdıram. Evə çatan kimi həbləri qəbul edib, iynələri vurdururam. Əslində iynə vurdurmağı hər kəs kimi, heç sevmirəm. Amma bədənimdəki ağrılar məni bu acıya dözməyə vadar edir. Hər halda vurulan iynələrin tərkibində yuxu verici maddələr var idi. Saat 20:00-dır. Həddindən artıq yuxum gəlir. Yatsı namazını çətinliklə qılıb, səssizcə çarpayıma uzanıb yatıram.

      Üçüncü gün: Səhər namazının azanını eşidirəm. Yerimdən qalxmaq itəyirəm, amma sol kürəyimdəki ağırlıq mənə icazə vermir. Yerimdə hərəkətsiz qalıram. Axşamdan vurulan iynələr nisbətən təsir etsə də, ağrılar yenə də öz sözünü deyir. Mən yerimdən qalxmaq üçün ev əhlindən birinin gəlişini gözləyirəm. Çətinliklə məni yerimdən qaldırırlar. Ağrıların bir az azalmasını bəhanə edib,iki həftəlik, Türkiyədəki işlərimi tamamlamaq üçün yola çıxıram. Gedəcəyim şəhər Bakıdan avtobusla 24 saatlıq məsafədədir.Yollar uzun, ümidlər çox, yaşamaq çətin.

      İki həftə sonra: İki həftəni necə keçirdiyimi bir Allah bilir desəm yanılmaram. Bədənimdə yenə heç bir rahatlıq hiss etmirəm. Səhər saat 08:00-dır. İşə getmək üçün hazırlaşıram. Yenə özümü həddindən artıq narahat hiss edirəm. Birdən qəfil qərar qəbul edirəm. Bu gün yenə həkimə getməliyəm. Çox düşünmədən rəhbərliyi xəbərdar edib işdən bir günlük icazə alıram. Bu dəfə yolumu qastreontoloqun yanından salıram. Həkim bütün şikayətlərimi dinlədikdən sonra üç əsas analizi verməyimi tapşırır. Qanın ümumi analizitəmiz, mədəmdəsadə qızartılar, uzidən isə bütün daxili orqanlarım yaxşı çıxır. Həkim müalicə üçün resept yazıb qorxulu bir şeyin olmadığını deyir. Dərmanları alıb evə qayıdıram. Yazılan son müalicəni artıq üç gündür etməyimə baxmayaraq qızdırmam düşmür. İştahsızlıq və halsızlıq davam edir. Balaca Yusif mənim bu halıma heç adət edə bilmir. Bağçada bu günlərdə öyrəndiyi Fatihə surəsini oxuyub şəfa niyyəti ilə üzümə üfürür. Özümdə güc tapıb yenidən həkimin yanına gedirəm.Müalicəni davam etdirməyimə baxmayaraq şikayətlərimin davam etdiyini deyirəm. Həkim yenidən bir neçə analiz verməyimi məsləhət bilir. Və nəhayət, bədənimdəki qızdırmanın səbəbi tapılır: Qanımda mikrob varimiş. Hər halda ağartı məhsullarının birindən zəhərlənmişəm. İnfeksionist həkim on günlük müalicə yazır. Dərmanları alıb evə qayıdıram. Bədənimdəki halsızlıqdan və ağrılardan dünyadakı heç bir şeyin gözümdə dəyəri yoxdur. Bütün iş yoldaşlarım və məni tanıyanlar gəlib ziyarət edirlər. Və bir həftədir müalicəm davam edir.   Sadəcə dua edirəm. Balaca Yusif üçün yaşamaq istəyirəm...Balaca Yusif də hər gecə yatmadan qabaq başımın üstünə gəlib bağçada bu günlərdə öyrəndiyi Fatihə surəsini oxuyub şəfa niyyəti ilə üzümə üfürməyə davam edir və mən deyəsən sağalıram...

      • Hits: 584 clicks

      Tecox component by www.teglo.info