Niyə Vətən Üçün Olmasin ? / Akif Hüseynov

      Share

      Insanı dünyaya gəldiyi yerə meyilli yaradıb uca Allah. Insanın dünyaya gəldiyi yerə ana Vətən deyilir. Çünki anasıyla bərabər vətən də qucaq açdı ona.

       Ümumiyyətlə, harda vətəndən bəhs edilsə, o zaman ana sözü də əlavə olunur vətən sözünün qarşısına. Vətən ana ilə bir- birinə elə bağlıdır ki, vətənsiz ananı, anasız vətəni təsəvvür etmək qeyri-mümkündür. Ana övladını doqquz ay bətnində, sonra isə bir ömür boyu ürəyində daşıyır. Bu səbəbdən «Cənnət anaların ayaqları altındadır»-deyir sevgili Peyğəmbərimiz. Insan onun üçün ən qiymətli olanı, yəni vətəni gözü üstündə tutaraq qorumalı və bunun üçün canını fəda etməyə belə hazır olmalıdır. Ana da, vətən də insan üçün ən qiymətli və ən müqəddəs varlıqdır. Insan heç öz anasını düşmənə təslim edərmi? Bəs, ana vətən dediyimiz vətəni görəsən necə can rahatlığı ilə, fikirləşmədən düşmən tapdağına təslim etmişik? Ana eyni zamanda namusdur. Insan namusunu düşmənə verəcək qədər şərəfsiz ola birməz! Hətta mərhum Əhməd Cavad himnimizin misralarından birində «Namusunu hifz etməyə» misrasıyla vətən torpaqlarının namusumuz olduğunu sonrakı nəsillərə bildirmək istəmişdi. Informasiya Texnologiyalarının hakim olduğu bu müasir dünyada namusunu qorumaq üçün neçə-neçə qatil və ya məqtul olan insanların xəbərini alırıq. Bəs, heç olmazsa, vətən namusumuz uğruna sevərək ölməyə hazır ola bildikmi ? Sevgilisi uğruna canını verməyə hazır olduğunu deyən gənclər görəsən sevglilərinin yaşadığı vətən uğrunda ölməyə hazırdımı? Çünki vətən olmazsa, kimin əsiri olacağı məlum olmadığı üçün filimlərin birində səhnələnən tarix kimi «Evlənən qız ilk əvvəl hakim xalqın nümayəndəsinin yanına gedəcək sonra nişanlısına qovuşacaq» əmrinə tabe olacaq ya da sevgilisi öldürüləcək. Sevginin sadəcə dil ilə ifadəsi kifayət deyil. «Mən vətənimi sevirəm», «vətənimizin torpaqları bizim üçün müqəddəsdir», «Ana vətən düşmən tapdağından gec-tez qurtarılacaq» kimi sözlər ilk növbədə əməl istəyir. Gənc oğlan sevdiyi qıza «səni çox sevirəm»; dediyi vaxt qız bu sözə qarşılıq «sevgini sübut et» deyərək onu imtahana çəkir. Bəs yuxarıda ifadə edilənləri sübut edə bildikmi? Edə bilmədiksə kimi və nəyi gözləyirik? Əgər sübut etməsək «südüm sənə halal olmaz sən baş əysən düşmənə» xitabıyla qarşı-qarşıya qalarıq. Hər insan Ələst bəzmində Rəbbinə verdiyi sözü sübut etmək üçün bu dünyaya göndərilir. Əgər verdiyi sözündə durmasa ilahi ədalətlə qarşı-qarşıya qalar. Bəs, biz vətən üçün verdiyimiz sözə əməl edə bildikmi? Gəlin ilk növbədə özümüzü hesaba çəkək və hesab verdiyimiz şəxsin özümüzün olmadığını düşünərək hesab verək. Biz onu da bilməliyik ki, əgər öz vətənimizi sevməsək qorumasaq başqa planetdən gəlib bizim torpaqları azad edən olmaycaq. Planetimizin söz sahibləri insan haqlarından ağız dolusu danışaraq başımızı aldada-aldada on altı ili yola verdilər. Hələ də xalqımız öz yurdunda didərgin olaraq yaşayır. Işğal altında olan torpaqlarımıza dünyanın cənnəti adını alan Qarabağ da daxildir. Ölkəmizin hər yeri cənnətdir öz gözəlliyi ilə. Ona görə də bu yerdə mərhum türk şairi M. Akif Ersoyun bu iki misrasını xatırlamaq yerinə düşər: Kim bu cənnət vətənin uğruna olmaz ki fəda, Şühəda fışqıracaq, torpağı sıxsan şühəda. Şair bu sözləriylə vətən üçün canlarını verən insanları unutmamış, eyni zamanda nə üçün, hansı duyğu ilə can verdiklərini düşünməyimiz üçün biz gənclərə bu misraları yazmışdır. Bir ölkənin matəm günləri bayram günlərindən çoxdursa, deməli o millətin çevrilib öz tarixinə təkrar-təkrar baxmağa ehtiyacı var. Hər dövrdə iyirmi faiz itirə-itirə gəlsəydik, təbii ki, indi tarix səhnəsindən silinmiş olardıq. Babəklərin, Cavanşirlərin missiyalarını bitirib dünya malı və vəzifə uğruna əsarəti seçdiyimiz zamandan başladı məğlubiyyətimiz. Haqları olmadığı və tamamilə öz torpaqlarımız olduğu halda başqa yerlərdən köçürülmüş yağıları dost bilib o gözəl Irəvanı onlara peşkəş etdiyimiz gündən başladı məhrumiyyətimiz. Beləcə biz məğlubiyyəti qəbul etdik..., sonra, vətənin nə olduğunu unudan gənclər yetişdi ölkəmizdə..., və ondan sonra Vətəni sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz. demək məcburiyyətində qaldı mərhum Abbas Səhhətimiz. Vətəni üçün canını qurban verməyə hazır olan insanlarımız tarixdə qaldığı üçün biz vətən uğrunda ölmək duyğusunun nə olduğunu unutduq. Şəhidlik kəlməsini az qalsın lüğətimizdən silib hər şeyə boyun əyməyimizi istəməyənlər 20 yanvar şəhidlərini göstərərək vətən uğrunda canını verən insanların hələ də var olduğunu tarix göstərdi bizə. Qanayan yaramız Qarabağımız uğruda gözünü belə qırpmadan və «Onsuz da hər insan üçün olan ölümdən mənim üçün də var, mən bu ölümümü Vətənim, Qarabağım üçün etsəm nə olar ki!?» deyərək canını fəda edən igidlərimiz göstərdi bizə... Nəhayət bu qədər ibrətdən sonra: Ölüm mənə tək bir dəfə gələcək. O da niyə Vətən üçün olmasın? deyərək Vətənimiz, Qarabağımız uğruna ölməyə hazır olduğunu düşmənlərimizə göstərən igid oğullarımızın çoxalması və Qarabağımızda bayram etmək arzusu ilə sözlərimə son.

      • Hits: 992 clicks

      Tecox component by www.teglo.info