Səfa MURADOV - BİR HƏDİS

      Share

       

      عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرَةَ، عَنْ أَبِيهِ، أَنَّ رَجُلاً قَالَ: يَا رَسُولَ اللهِ أَيُّ النَّاسِ خَيْرٌ، قَالَ: {مَنْ طَالَ عُمُرُهُ، وَحَسُنَ عَمَلُهُ}، قَالَ: فَأَيُّ النَّاسِ شَرٌّ؟ قَالَ: {مَنْ طَالَ عُمُرُهُ وَسَاءَ عَمَلُهُ}

                   Abdurrahman ibn Əbu Bəkrənin atasından rəvayət etdiyinə görə bir nəfər Rəsulullah (s.ə.s)-dən; Ya Rəsuləllah! İnsanların ən xeyirlisi (yaxşısı) kimdir? deyə soruşdu. Rəsulullah (s.ə.s): “Ömrü uzun, əməli gözəl olandır” buyurdu. Həmin adam; Bəs insanların ən şərlisi (pisi) kimdir? deyə soruşunca, Rəsulullah (s.ə.s): “Ömrü uzun, əməli pis olandır” cavabını verdi. (Tirmizi, Zöhd, 22)

                      Ömür insanın dünyada qaldığı müddətin adıdır. Ömrü təqdir edən Uca Allahdır. İnsanın bu müddəti təyin etmək kimi bir seçimi yoxdur. Bu səbəblə də Allah tərəfindən təyin olunmuş bu ömrü Onun rizasına uyğun olaraq keçirtmək arzu olunan xüsuslardandır. İnsanın dünya həyatında sərgilədiyi bütün davranışlarının adı əməldir. Əməllər Allah qatında xeyir və şər olmaq üzərə iki qismə ayrılmaqda və insanlar dünya həyatında etdikləri əməllərinin növünə görə axirəttə mükafat və ya cəza ilə qarşılaşmaqdadırlar. Qeyd etdiyimiz hədisi-şərif mükafat və cəzanı ömür-əməl münasibəti cəhətindən dəyərləndirmişdir. Hədisi şərifə görə önəmli olan əməlin keyfiyyətidir. Hədisdə ömrün uzunluğu əməllərin xeyir və şərr olmasına görə fərqli iki şəkildə ələ alınmışdır.

                  Rəsulullah (s.ə.s)-in başqa bir hədisi-şərifinə görə insan dünyada qərib bir yolçudur. Keçən hər an həyat yolçusu olan insanı axirətə yaxınlaşdırmaqdadır. Yola çıxan bir kimsənin çıxdığı bu yolçuluqda başına hər hansı bir müsibətin gəlməməsi üçün ona yol göstərəcək bir rəhbərə ehtiyacı vardır. Gecə qaranlığında ön işıqları işləməyən bir avtomobilin yola çıxması nə qədər təhlükəlidirsə, dünya yolçusu olan insanın da yol göstərici bir rəhbəri olmadan həyatına davam etməsi o qədər təhlükəlidir. Bu səbəblə də müsəlmanın ömrünə Quranı rəhbər qılması və Quranın aydınlatdığı yol ilə həyat yolçuluğunu davam etdirməsi onun əmin bir şəkildə mənzilə çatacağının zəmanətidir. Həyatına Quranı hakim qılmayan bir kimsənin aqibəti isə azaraq fərqli bir məcraya sürüklənməkdir.

                  Hədisi-şərif uzun ömrün gözəl əməl ilə dəyərləndirilməsi lazım gəldiyini bizə açıq şəkildə xatırlatmaqdadır. Çünki hər kəs axirətdəki həyatını bu dünyada hazırlayır. Dünyadakı gözəl əməllər axirətdəki gözəlliklərin toxumlarıdır. Rəsulullah (s.ə.s) bir hədisində "Möminin ömrü uzandıqca xeyirləri artar" (Müsnəd, III, 27) buyurmuşdur. İman və ihsan şüuru ilə keçən bir ömrün uzun olması ən böyük qazanc və səadətdir. Ömrü bu şəkildə keçirə bilmənin ən önəmli yolu nəfsin arzularına arxa çevirərək onunla mübarizə aparmaqla mümkündür. Nəfsin boyunduruğu altında uzun bir ömür keçirmənin insana qazandırdığı şey isə sadəcə zillətdir. 

      • Hits: 889 clicks

      Tecox component by www.teglo.info