Səfa MURADOV - BİR HƏDİS

    PDF faylını alÇapE-poçt

      Share

      عَنْ أَنَسِ بْنِ مَالِكٍ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: {إِنَّ اللهَ لَيَرْضَى عَنِ الْعَبْدِ أَنْ يَأْكُلَ الْأَكْلَةَ فَيَحْمَدَهُ عَلَيْهَا أَوْ يَشْرَبَ الشَّرْبَةَ فَيَحْمَدَهُ عَلَيْهَا}

                  Ənəs b. Malik (r.ə)-dan rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allah Təala yemək yedikdən və su içdikdən sonra Ona şükr edən qulundan razı qalar.” (Müslim, Zikr, 24; Tirmizi, Ətimə, 18)

      İnsan oğlu saymaqla tükənməyəcək qədər çox və o nisbətdə də böyük nemətlərə sahibdir. Bu nemətlərin dəyərini bilmək, bunları ona əvəzsiz verəni xatırlamaq bir qul olaraq insanın vəzifəsidir. Yaşaya bilmək üçün yediyi və içdiyi nemətlər, Allahın ona bəxş etdiyi saysız hesabsız lütflərdən sadəcə ikisidir. Bu nemətləri ona verən Allah Təala, ondan olduqca asan və əziyyətsiz bir vəzifə gözləyir. Yediyi və içdiyi nemətlərə şükür və həmd vəzifəsi.

      Qurani-kərimdə Allah Təalanın həmdə layiq olduğunu və Ona həmd etməyin insanın vəzifələri arasında yer aldığına işarət edən bir çox ayələr var. Burada mövzumuzla əlaqəli olaraq bir ayəni qeyd edək. "Həqiqətən, əgər sən (Məkkə müşriklərindən): “Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti dərindən düşünməz!" (Ənkəbut 29/63)

      Allaha həmd etmək qul üçün böyük bir şərəfdir. Çünki, mələklər yeyib içmədikləri halda Allah Təalaya sadəcə kainatın Rəbbi olduğuna görə bir an bele durmadan gecə-gündüz həmd və səna edirlər. Allahın bu qədər saysız nemətlərindən faydalanan insan oğlunun daha çox Allaha həmdü səna etməsi lazımdır. Allahın bəxş etdiyi saysız və sonsuz nemətlərinə qarşı davamlı olaraq şükür içində olmaq eyni zamanda o nemətlərin bir az daha artmasına və bərəkətlənməsinə səbəb olmaqdadır. Allah Təala Qurani Kərimdə "Əgər (verdiyim nemətlərdən dolayı) şükür edərsinizsə, sizin üçün (o nemətləri) daha da artıraram, yox əgər nankorluq edərsinizsə, bilin ki, əzabım çox şiddətlidir" (İbrahim 14/7) buyurmaqla bu həqiqətə işarə etmişdir.

      İnsan, dünyaya qədəm basdığı gündən ta dünyadan köçüncəyə qədər aldığı hər bir nəfəs də daxil olmaqla həyatını davam etdirə bilməsi üçün Allahın nemətlərindən istifadə etməyə məcburdur. Bu səbəblə də insanın istifadəsi üçün yaradılan bütün nemətlərə görə daim şükür və həmd içində bir həyat yaşaması və qədirbilməzlik edərək bir an belə Allaha şükürdən qafil qalmaması lazımdır. Şükürdən qafil qalmamanın ən ümdə yollarından biri davamlı olaraq qulun özü və ətrafı haqqında təfəkkür etməsidir. Çünkü təfəkkür nemətləri xatırlamağa və nemətlərin dəyərini anlamağa insanı sövq edən ən önəmli vasitədir.

      Nəticə olaraq, Allahın mülkündə Onun bəxş etdiyi həyatla ömrünü sürdürən hər bir insanın Allah qarşısındakı önəmli vəzifələrindən biri istifadəsinə verilən bütün nemətlər üçün Allaha davamlı şükür içində olmasıdır. Unutmamaq lazımdır ki, əldə olan nemətlərin qədri əldən çıxdıqdan sonra bilinər. 

      • Hits: 906 clicks

      Tecox component by www.teglo.info