155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Aqil ƏLİYEV - DOST SEÇƏRKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSLAR

    PDF faylını alÇapE-poçt

      Share

      Yaxşı dost, oturub dərdləşəcəyimiz, söhbət edəcəyimiz, həyatımızın bir qismini paylaşa biləcəyimiz, dini və mənəvi duyğularımızın canlanacağı, əxlaqlı, sir saxlamağı bacaran, yalnız yaxşı gündə deyil, eyni zamanda hüznlü və kədərli gündə də sənə ən yaxın olan insandır.Belə bir dost insana arxa, dayaq və sirdaşdır.

      Bugünkü gənclərin ən mühüm problemlərindən biri də,yuxarıda saydığımız vəsfdə, yaxşı dost və yoldaş seçə bilməməkdir. Çünki bu elə bir mühüm məsələdir ki, lazımi şəkildə diqqət edilməzsə, insanın həyatının geri qalan hissəsinin xüsran və peşmançılıqlarla keçmə ehtimalı böyükdür.

      İslam müsəlmanın mağaraya çəkilib, tənha yaşayıb, həyatını ibadətlə keçirməsini tövsiyə etmir. Tam əksinə, bu kimi işləri, yəni ruhbanlığı qadağan etmişdir.

      İslam ülfət və ünsiyyət qurmaq,insanlarla tanış olmaq, onlarla, əlaqə qurub, dərdləri ilə dərdlənmək dinidir. Rəsulullah (s.ə.s) bir hədisində belə buyurur; “Möminülfət edilə bilən, yaxın əlaqə qurula bilən bir insandır. Bunu bacarmayan şəxsdə xeyir yoxdur”.(Əhməd ibn Hənbəl, Müsnəd, 2/400) Başqa bir hədisində isə:“İnsan dostunun dinindəndir. Buna görə kiminlə  dost olduğunuza diqqət edin.” buyurmuşdur.(Əhməd bin Hənbəl, Müsnəd, 2/334)

      Atalarımızdan gələn gözəl bir deyim var. “Atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olacaq”. Elə bu mövzuya aid olan bir hədisdə də belə deyilir: “Bir yerdə oturub-durduğun yaxşı dostla, pis dost, gözəl ətir daşıyanla körükcüyə bənəyir. Gözəl ətir daşıyan şəxs, ya o gözəl ətirdən sənə verər, ya pulla alarsan, ya da gözəl qoxusu sənə də keçər. Körükcü isə ya köz ilə patlarını yandırar, ya da kömürün pis qoxusu sənə də keçər”. (Buxari, Zəbaih, 31)

      Təki dostumuz,yoldaşımız çox olsun, ancaq bu mövzuda seçici olmaq məcburiyyətindəyik. Çalışmalıyıq ki, bu dostluq bizə faydalı olsun, yeniliklər qazandırsın.Dəyərlərimizi, gözəl əxlaqımızı, dinimizi və imanımızı əlimizdən almasın. Bəli, burada bir şərt daha var. Əgər yaxşı dost axtarırıqsa, birinci özümüz yaxşı dost olmağa çalışmalıyıq.

      İmam Qəzali həzrətləri dost və yoldaş seçərkən hansı xüsuslara diqqət edəcəyimizdən xəbər verərkən deyir: “Hər kəslə dostluq qurulmaz. Səmimi dostluq qurub onunla oturub-duracağınız şəxsdə  bu üç vəsf axtarılmalıdır:

      1.                      Dostun ağıllı olmalı

      2.                      Əxlaqlı olmalı

      3.                      Dinini bilməli, halal və harama diqqət etməlidir.

      Dostlar bir- birini maddi və mənəvi baxımdan qorumalıdır. Onlar bir-birinə haqqı və həqiqəti, eyni zamanda axirəti xatırlatmalıdır. Öz dostunu dünya və axirət sıxıntısından xilas etməyə çalışmalıdır.

      Allah (c.c) Qurani-Kərimdə bu haqda bizə belə buyurur:“(Onlar qiyamətdə belə deyəcəklər) Kaş ki mən filankəsi dost etməyəydim”.(əl-Furqan, 28)

      Yaxşısını Allah bilir, ancaq bəlkə də bu peşman olunacaq dostluq, bugünün sırf maaddiyyat üzərinə, şəhəvi arzular üzərinə qurulan (qız oğlan dostluğu), cib telefonu dostluğu, bəlkə də virtual aləmdə qurulan qeyri-səmimi dostluqlardır. Gəlin görək bütün saydığmız bu dostluqlar nəyə xidmət edir? Bunun bizim həyatımıza, mənəviyyatımıza, axirətimizə nə kimi faydaları var?Təbii ki, heç bir faydası ola bilməz. İslam ilk növbədə qız-oğlan dostluğunu, naməhrəm insanlarla cib telefonları və ya internet vasitəsi ilə danışıb dostluq qurmağı birmənalı olaraq qadağan edir. Çünki bütün bu kimi halların sonu çox vaxtya xüsran, ya da peşmançılıqla nəticələnir. Bu gün televiziya ekranlarından izlədiyimiz cinayət hadisələri arasında bu kimi halların şahidi oluruq. Sonda bir hədisi yada salaq.Allah Rəsulu (s.ə.s) belə buyurur:Allah dərgahında dostların ən xeyirlisi dostuna xeyri toxunandır”. (Tirmizi, Birr, 28)

      • Hits: 840 clicks

      Tecox component by www.teglo.info