Nurlan MƏMMƏDZADƏ / BİR ÜÇÜN, BİRLİKÜÇÜN CANI FƏDA ETMƏK

    PDF faylını alÇapE-poçt

      Share

      İnsan oğlunu bu dünyada və axirətdə məsud və bəxtiyar edəcək ən doğru yol Yaradanı tanıyaraq Onun qoyduğu yolla addımlamaqdan keçir. Çünki varlqı səbəbimiz Allahı Rəbb olaraq tanıyıb Ona ibadətdir (əz-Zriyat, 56). 

      İlk insandan bəri bütün peyğəmbərlər bəşəriyyəti tövhidə çağırdı. Tövhid ki, yalnız və yalnız BİR olana inanmaq, hər şeyin Ondan gəldiyinə iman gətirmək və bütün duyğuları, hissləri BİRin ətrafında cəm etmək, həyatı bir olan Allaha həsr etməkdir. Həqiqi tövhid hər şeyin mərkəzində bir olan Allahı görmək, hər şeyə Onun açdığı pəncərədən baxmaqdır.İnsan tövhid sayəsində bütün məxluqatın bir olan varlıq tərəfindən yaradıldığını dərk edərsə, məhz o zaman aradakı fərqliliklər dəyərini itirir. Məhz o zaman insan təfəkküründə və düşüncəsində yalnız bir ilah, Ondan qeyri hər şeyin isə Onun qulu olduğu fikri formalaşır. Bu nöqteyi-nəzərdən tövhid eyni zamanda insanların birlik şüurunun güclənməsinə təkan verən mühüm amillərdəndir. Allahı, kitabı, qibləsi bir olan möminlər bunun fərqinə vardıqları zaman sözün həqiqi mənasında birlik və bərabərlik meydana gətirmiş olurlar. İslam tarixində bunun saysız-hesabsız canlı nümunələri ilə qarşılaşmaq mümkündür. Təəssüflər olsun ki, bu gün yalançı tövhid davası adı altında özündən olmayanları kafir elan edərək ümmətin birlik və bərabərliyini zədələyənlər işin həqiqətini bilməyənlərin qəlbinə şübhə toxumları saçmaqda və yer üzündə fitnə-fəsad çıxarmaqdadırlar. XXI əsr müsəlmanının önündə duran ən böyük məsuliyyət bu kimi fitnələrə uymadan İslamın həqiqətindən zərrə qədər də olsa ayrılmamaqdır.

      Tövhid sözün əsl mənasında ciddi imtahanlar tələb edir. Yaradanın, yaşadanın, öldürənin, nemət və ruzi verənin yalnız Allah olduğuna inananlar həyatları boyu bunun imtahanı ilə qarşılaşa bilərlər. Qurani-Kərimdə bunun bir çox misalı ilə qarşılaşırıq. Müqəddəs kitabımızda Hz. Musanın haqq olduğunu görüb gətirdiyi dini qəbul edən sehrbazların ilahlıq iddiasında olan firon tərəfindən əl-ayaqları çarpaz kəsilərək asılmaqla sınağa çəkilməsi iman davasında başa gələ biləcək çətinliklərdən və bu yolda mətin olmağın şərəfindən söz açılır. İman imtahanlarınıdiri-diri tonqalda yandırılaraq verən Əshabi-Uxdudun və bir zamanlar Roma arenalarında şirlərə yem edilən həqiqi isəvilərin, Məkkə müşrikləri tərəfindən olmazın işkəncələrə məruz qalan əshabi-kiramın halı hər bir iman sahibinə nümunə olmalıdır. Həzrət Peyğəmbər (s.ə.s) iman davasında başa gələn bəlaları səbir və mətanətlə qarşılamağın önəminə diqqət çəkərək işgəncədən şikayət edən səhabələrə  belə buyururdu:

      “Allaha and olsun ki, sizdən əvvəlki qövmlər arasında Allaha iman gətirmiş bir insan tutulur, dizlərinə qədər yerdə qazılmış çuxura basdırılır, sonra da mişarla başının ortasından ikiyə bölünürdü. Amma yenə də bu işgəncə onu dinindən döndərməzdi. Yaxud da dəmir daraqlarla əti sümüyündən ayrılırdı, amma yenə də bu işgəncə onu dinindən döndərməzdi. Allahdan qorxun! Şübhəsiz ki, Allah-Təala sizin üçün fəthi ehsan edəcəkdir!”.

      Hicri təqvimlə Məhərrəm ayının gəlişi bizə ilk növbədə Allah Rəsulunun çox sevdiyi, ciyərparası Hz. Hüseynin şəhadətini xatırladır. Tövhid mövzusunun qapağa çəkildiyi bu ayda eyni zamanda Hz. Hüseynin və Kərbəla şəhidlərinin xatirəsi də yad olunur. Tövhid davası, ümmətin birlik və bərabərliyi uğrunda, ədalətin bərqərar olması naminə canını fəda edən Həzrət Hüseyndən alacağımız dərs çoxdur. O, Peyğəmbər babasından, elm şəhərinin qapısı sayılan atasından aldığı iman dərsi ilə son damla qanına qədər İslamın həqiqətini hayqırdı. Şəhadəti ilə biz müsəlmanlara nəyin bahasına olursa olsun, əsla və əsla tövhid inancını zədələməməyimizi birlik və bərabərliyi qorumağın zərurətini öyrətdi. Bu gün isə İslamın həqiqətlərini dünyaya tanıtmaq, müsəlmanlığın şərəfini qorumaq növbəsi bizdədir. Yuxarıda da qeyd etdiyimiz kimi bəzi fəsadçıların fitnə toxumları ilə ümmətin birliyini zəhərləməsinin qarşısını almalı, İslam adı altında dinimizi ləkələməyə çalışan, əcnəbi köklərdən bəslənən bir sıra qruplaşmalara fürsət verməməliyik. Peyğəmbərlərin, əshabi-kiramın, İslamın dahi şəxsiyyətlərinin, bu aydaşəhadətinin ildönümünü qeydetdiyimiz İmam Hüseynin yolu bu idi. Elə isə onların yolundan gedərək dinimizi onlar kimi təmsil etməyə çalışmalıyıq. Allah-Təala haqq yolda canlarından keçənlər üçün Qurani-Kərimdə belə buyurur:

      “Allah möminlərdən canlarını və mallarını onlara haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır...” (ət-Tövbə, 111).   

      • Hits: 998 clicks

      Tecox component by www.teglo.info