Adəm ŞAHİN / ƏHMƏD YƏSƏVİ HƏZRƏTLƏRİNİN HÜZURUNDA

    PDF faylını alÇapE-poçt

      Share

      Təhsil müəssisələrində hər şöbənin özünəxas ətri var. Gözləri bağlanan adam əgər diqqətli isə, olduğu otağın sinif, məscid, mətbəx, kitabxana, yoxsa yataqxana olduğunu asanlıqla hiss edə bilər…

      Əhməd Yəsəvi həzrətlərinin türbəsindəyik. Türbələr radiasiyaya məruz qalmayan baza stansiyalarıdır. Üsuluna riayət edilərsə, qulu Rəbbə bağlayar, axirət əlaqələrini gücləndirər. GSM şirkətləri kimi dildən-dilə yox, könüldən-könülə və könülün həqiqi sahibi ilə əlaqəni gücləndirir. Sənduqənin qarşısında Fatihə oxuyarkən tənəffüs etdiyimiz havanın və atmosferin Əziz Mahmud Hüdayi, Yəhya Əfəndi, Seyyid Yəhya Şirvani, Hacı Bayram Vəli kimi böyük şəxsiyyətlərin dəfn olunduqları ziyarət yerləriylə eyni olduğunun fərqinə vardıq. Əhməd Yəsəvi həzrətlərinin türbəsindən Mədinə, Konya, İstanbul, Ankara, Bakı, Daşkənd, Buxara, Düşənbənin ətri gəlir. Dəyişməz ətir... Ziyarət edilən və sevilən türbə sahiblərinin təməl və ortaq xüsusiyyətləri həyatlarında ikən insanlara haqq-ədalət, mərhəmət, məhəbbət kimi ölçüləri təlqin etmələridir. Əraf surəsinin 181-ci ayəsində buyurulur: “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər”.

      Həzrət Peyğəmbər yağış yağanda mübarək sarığını çıxardaraq saçını islatmış, üzünə düşən damcıları sevinclə qarşılayaraq “bu damlaların Rəbbimlə olan beyəti yenidir, Ondan bir az əvvəl əmr alıblar”,- demişdir. Allah dostları da yağış kimidirlər. Onların da Rəbləri ilə beyətləri, zikrləri hər zaman yenidir. Yağış kimi olan Allah dostları bərəkətdirlər, onlarla rahatlıq tapırıq və həsrət duyuruq. Yunus surəsinin 63-cü ayəsində də Allah dostlarının qorxu və hüzndən uzaq olduqları, iman və təqva sahibi olduqları bildirilir. Yağış kimi pak və şəffaf olan Allah dostları sağlıqlarında da, vəfatlarından sonra da ziyarət edənlərə heç vaxt qorxu, bədbinlik, ümidsizlik və hüzn yaşatmazlar. Ziyarət edənlərin iman və təqvalarının artmasına, özlərini hesaba çəkmə duyğularının qabarmasına səbəb olarlar. Yağışın təsiri susuzluqdan quruyan könüllərdə dərhal hiss olunur. 

      Diplomatiyada və qurumlararası iş və əlaqələrdə, görüşmələrdə, telefon danışıqlarında, yazışmalarda, imzalarda, davranışlarda, qəbullarda, ziyarətdə, qarşılama və bu kimi fəaliyyətlərdə bərabərlik və qarşılıqlı olmaq əsasdır. Böyükdən-kiçiyə onlarla insan Əhməd Yəsəvi həzrətlərinin hüzurunda digər türbələrdə olduğu kimi Fatihə oxuyur, Qurana qulaq asır, dua edir. Bütün dünyada tətbiq olunan protokol qaydaları və iyerarxiya eynilə məsciddə lduğu kimi burada da tətbiq olunur. İstər alim olsun, istər cahil, dərhal hüzura çıxılır. Gözləmə, vaxt təyini, bürokrtik əngəllər yoxdur. Bir anlıq özümüzü Rəsulullahla (s.ə.s) görüşən və ağlına gələn sualı çəkinmədən soruşan səhra bədəviləri kimi hiss edirik. Yəsəvi həzrətlərini və ya ziyarət etdiyimiz türbədəki ali şəxsiyyərlə canlı görüşsəydik, kim bilir hansı sualları verərdik?

      Televiziya verilişlərində xüsusilə Ramazan aylarında ilahiyyatçılara verilən sualların səviyyəsi hamıya məlumdur. Bərabərhüquqlu olma əsasına görə Əhməd Yəsəvi həzrətlərinin hüzuruna elm, irfan və ehsan baxımından ali dərəcəli insanlar çıxmalıdır. Mən dərviş deyil, bu devrilmiş halımla Yəsəvi həzrətlərinin təhəccüd namazına qalxmaqda əziyyət çəkən, ən zəif, tənbəl, miskin, mənəvi dərslərinə müntəzəm olaraq davam edə bilməyən, qəlbi sağa-sola sovrulmuş, əlinə, dilinə, gözünə və belinə hakim ola bilməyən yarımçıq dərvişi varsa, onu ziyarət etməliyəm. Hər kəs özü kimi olanla, özünə ən yaxın oxşarı ilə görüşməli deyilmi?

      Üzüm salxımı günəşi gördüyü üçün dada gəlir. Salxımın gün dəyən ətrəfi daha sarı və dadlı olur. Böyük insanlar da günəş kimidirlər. Yetişdirir, dad və rəng verirlər. Yəsəvi həzrətlərinin ən zəif dərvişi belə günəşi gördüyü üçün dadlıdır. Turş və bərk deyil. Səhabələr də günəşi görüblər. Günəşin şüa və istiliyindən faydalandıqları üçün yetişmişərək dadlı olmuşlar. Səhabə olmayanlar isə dağın gün dəyməyən quzey yamaclarında yetişmişlər. Dağın güney yamacı olan səhabələr həm şüadan, həm də hərarətdən istifadə ediblər. Quzey yamacda olanlar isə hərarətdən pay almamış, işıq ilə kifayətlənmişlər. Günəşi görməmək, günəşdən üz çevirmək ən böyük xamlıq səbəbidir. Yəsəvi həzrətlərinin ən zəif, ən tənbəl dərvişinə belə minlərlə salam və hörmət olsun.

      Müasir həyat, şəhərləşmə, əlaqə vasitələrinin yayğınlaşması dərvişləri deyil, devrilmişləri artırır. Devrilənlər ya dərvişlərin yolunda, ya da əks istiqamətdə doğrulmağa çalışırlar. Qazancına haram, şübhəli və faiz qarışdırmayanlar, söhbət məclisindən qeybət etmədən və eşitmədən qalxanlar, yolda Allah və Rəsulunu narazı salacaq bir əməldən uzaqlaşaraq bir dəqiqə addımlamağı bacaranlar və media vasitələrindən istifadə edərkən günaha düşməkdən qaçınanlar devrilməyən qəhrəmanlardır.

      Rəvayət edildiyinə görə “insan sevdiyi ilə bərabərdir” hədisi qədər səhabələri sevindirən ikinci bir söz olmamışdır. Birlikdə olmaq üçün əsas ölçü bərabərhüquqlu olmaq deyil, sevməkdir. Səhabələr kimi devrilmiş dərvişlər olaraq bizi də sevdiklərimizlə birlikdə olmaq müjdəsi sevindirir, qanadlandırır. Yəsəvi həzrətlərinin hüzurundayıq. Dəstəmazımızda nöqsan ola bilər, səviyyə bərabərliyi onsuz da mümkün deyil, amma Ona olan sevgi və təzimimizdə zərrə qədər şübhəmiz yoxdur, şükürlər olsun.

      • Hits: 1105 clicks

      Tecox component by www.teglo.info