Fuad QULİYEV / BİR AYƏ

    PDF faylını alÇapE-poçt

      Share


      وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنْصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ

      “Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!” Əraf surəsi, 7/204

           İlahi mesaj olan Qurani-Kərim insan həyatı üçün son dərəcə əhəmiyyətli məqamları ehtiva edir ki, bəşər övladının qurtuluşu üçün bu mesajların oxunması və dinlənilməsi, həmçinin idrak edilərək bu mesajlara riayət olunması tələb olunur bəşər övladından...

        Bu mənada qeyd olunan ayə Quran oxumanın və onu dinləmənin vacibliyini bizə xatırladır ki, oxunaraq və dinlənilərək Allahın mərhəmətinə nail olunsun.

           Qurani Kərim səsli oxunarsa və  bu səs ətrafdan da eşidilərsə başqa işlə məşğul olmaq caiz deyil, onu dinləmək fərzdir.

           Yaradan, dünyanı xəlq etdiyi zamandan etibarən insanların onu tanımasını, ona ibadət və itaətin necə ediləcəyini, sosial və fərdi yaşayışlarına dair peyğəmbərlər vasitəsiylə kitablar göndərərək insanları və digər məxluqlara istiqaməti göstərmişdir. Məhz bu kitabların sonuncusu olaraq da Qurani Kərim insana ən gözəl yaşam tərzinin necə olacağını təfsilatlı olaraq göstərmişdir. Qurtuluşa, mərhəmətə nail olmanın şifrəsinin Quranı oxumaqda, onu haqqını verərək dinləməkdə olduğunu bildirir sanki  Uca Yaradan insana...

           Onu oxumada və dinləmədə Peyğəmbərimizin (s.ə.s.) təqib etdiyi metodlara riayət edilməsi lazımdır. Allahın Rəsulu (s.ə.s.) Qurani Kərim oxumağı və dinləməyi çox sevməklə bərabər hər zaman təşviq edərdi. O (s.ə.s.) Qurani Kərimi Cəbrail (ə.s.) dan öyrənər və öyrəndiyi kimi də əshabi-kiramına da bu şəkildə öyrədərdi. Qurani Kərim oxumanın fəziləti haqqında Peyğəmbərimizin bu bənzətməsi diqqətçəkicidir:

           “Quran oxuyan müsəlman dadı gözəl olan portağal kimidir. Quran oxumayan müsəlman dadı gözəl ancaq ətiri olmayan xurma kimidir. Quran oxuyan münafiq ətiri gözəl, ancaq dadı acı olan reyhan kimidir. Quran oxumayan münafiq isə ətiri olmayan acı yabanı qovun kimdir.”

           Allahın kitabından bir ayəni dinləyənə qat-qat savabın verildiyini, onu oxuyanın isə qiyamət günündə o kəs üçün bir yol göstərici nur mahiyyəti daşıdığını buyurur insanların ən şərəflisi Peyğəmbərimiz (s.ə.s.)...

           Quranı tilavət etmək Allahın insanlara bəxş etdiyi böyük bir lütfdür ki, bunu mələklərə belə bəxş etməmişdir. Görünməyən digər varlıqlar da Allahın kəlamını dinləməyi çox sevər və Quran məclislərinə səmadan enərlər onu dinləmək üçün. Odur ki, onu oxuyarkən dəqiq, səlis, üsuluna görə oxumaq lazımdır ki, oxuyan insanın “tək olmadığı, onu dinləyənlərin” olduğu bilinməlidir.

           Ununtmamaq lazımdır ki, bütün ibadətlərin bünövrəsi ixlas və səmimiyyətdir.  Quran tilavəti bir mənada Allah ilə söhbət anlamı ifadə edir ki, bunun fərqində olmaq oxuma və dinləmə ədəblərinə riayət etmək lazımdır.

           Bəşər övladının Rəbbi qarşısında qulluq vəzifəsini xatırlaması, onu Rəbbinə bağlayan saysız səbəblərin var olduğunu unutmaması doğru istiqamətdə yaşam tərzini formalaşdırmasının təminatcısı olacaqdır.

           Allah onun mesajını doğru oxuyan, dərk edən və ən əsası oxuduqlarımızla əməl edənlərdən etsin!

      • Hits: 903 clicks

      Tecox component by www.teglo.info