AĞSAQQAL NƏSİHƏTİ / ƏHMƏDOV SƏHRAB

    PDF faylını alÇapE-poçt

      Share

           - Zəhmət olmasa, özünüz haqda qısa məlumat verin

           - Mən, Əhmədov Səhrab Seyfəddin oğlu 1933-cü ildə Qəbələ rayonunda dünyaya göz açmışam. 

           Müharibə illəri olduğu üçün imkansızlıqdan üç il məktəbə getmişəm. Savadım yoxdur. Təkcə tanıdığım Allah və onun Peyğəmbəridir. Düzdür, özüm oxumaqdan məhrum olsam da, övladlarımın hamısını oxutmuşam.

           Bir müddət qalayçı, sonra maşın akkumulyator təmirçisi işləmişəm. Düz 37 il bu sahədə işləmişəm. Atam yeddi il əsirlikdə olub. Atam əsirlikdən qayıdandan sonra onu on illik həbs ediblər. 17 il ac və paltarsız böyümüşük. Ailədə beş uşaq olmuşuq. Anam da savadsız qadın idi, amma bizi halallıqla böyüdüb. Çox ağır günlər görmüşük. Sonra şükürlər olsun hər şey yoluna düşdü. Hətta ağlıma gətirməzdim ki, nə vaxtsa həccə gedərəm, amma Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycandan həccə gedən ilk zəvvarlardan biri olmaq şərəfini yaşadım. Allah böyükdür.

           - Bildiyimiz qədər nəslinizdə Əhməd baba adlı bir övliya olub siz onu necə xatırlayırsınız?

           - Əhməd baba 53 yaşında rəhmətə gedib. Bu evin sahibi də odur, böyük övliya olub. Yuxuda ona Quran oxumağı öyrədiblər. O da savadsız insan olub. Özü əvvəlcədən deyib ki, mən yatacağam. Bəlkə bir gün, bəlkə yeddi gün, bəlkə də 40 gün yatdım. Hər kəsə tapşırıb: "Əgər mən yatsam, heç kəs məni yuxudan oyatmasın". Yatıb üç gündən sonra yuxudan oyanıb. Əhməd Baba bir gün səfərə hazırlaşır. Atası soruşur:

           - Ay oğul, hara gedirsən.

           Deyir:

           - Kürdəmirə gedirəm, mənə Quran öyrədən şeyxə xidmət edəcəyəm.

           Atasının xeyir-duası ilə yola düşür. Mindiyi at onu düz həmin şeyxin qapısına gətirir. Şeyx də qabaqcadan gəlişini hiss edib yoldaşına deyir ki, qonağımız gələcək, hazırlıq gör.

           Əhməd baba düz dörd il o şeyxə xidmət edir. Dörd ildən sonra Şeyx babama deyir ki, oğul get artıq evinə. Sonra o adam Kürdəmirdən köçüb Qəbələnin Hacallı kəndinə gəlir və yay aylarında da Duruca kəndində qalır. Şeyxin Durucaya çəkdirdiyi sudan indi də istifadə edirlər. Həmçinin yaylağa da yol çəkdirib. İndinin özündə həmin yol Durucanın içindən keçir. Şeyx ölənə yaxın yaxınlarına deyir ki, gedin mənə Durucaya çəkdirdiyim sudan gətirin. Bir nəfər atla gedib onun çəkdirdiyi sudan yox, Durucanın ayağındakı bulaqdan su götürür, gətirir şeyxə. Suyu içib həmin adama deyir ki, bu su mənim çəkdirdiyim sudan deyil.

           - Ailədə, nəsildə belə qəribəliklər çox olub ümumiyyətlə?

           - Belə şeylərə çox şahid olmuşuq. Yadıma gəlir, mən balaca olanda bacım gecə yuxuda ağlayırdı. Atam hələ əsirlikdə idi. Anam bacımdan nə üçün ağladığını çox soruşurdu. O isə sualımızı cavabsız qoyurdu. Nəhayət, bir gün dedi ki, yuxuda nurani bir kişi gəlib mənə Quran öyrədir. Bir səhər yuxudan durdu və bütün ərəb hərflərini əzbər yazdı. Amma bu sirrin üstünü açdığı üçün bir daha o nurani kişini yuxuda görmədi. Allahın bu cür hikmətləri var.

           - Qəbələ rayonunda böyük din xadimləri olub, onlardan kimləri tanıyırsınız?

           - Molla Abdüləziz və Molla Eyyub dayı var idi. Onların dini savadları çox yaxşı idi. Şövkət baba, Əhməd baba var idi. Əhməd baba həmişə bizə gəlib Quranı xətm edərdi. Bir də Yəhya Əfəndi var idi. Yəhya Əfəndi rus dili muəllimi işləyirdi. Yəhya əfəndi söhbət edib danışırdı ki, ruslar allahsızlıq vəsiqəsi paylayırdılar. Mən də sevincək gedib birini alıb gətirdim evə. Üstündən bir neçə il keçdi, bir də gördüm ki, uçurumun zirvəsindəyəm. Allaha yalvarıb-yaxarıb tövbə edib günahımın bağışlanması üçün üç il oruc tutacağa söz verdim. O, üç il fasiləsiz olaraq oruc tutandan sonra sizə gəldim. Hər gün sübh namazında onların adını çəkib rəhmət oxuyuram

           - Qeyd etdiyiniz kimi, atanız böyük din xadimi olub. Onun haqqında bir az da danışın mümkünsə.

           - Atam Quranı çox gözəl bilirdi. Hər gün sübh namazdan sonra "Yasin" surəsini oxuyurdu. Savadlı adam idi. Çox kitab oxuyurdu. Əlyazma kitabları indi də durur. Azadlığa çıxandan sonra camaata dini xidmətlə məşğul olub. O vaxtlar hökumət onu çox çağırdı ki, iş versin. O isə rusları sevmirdi. Atam ömrünün axırına qədər dini işlərlə məşğul olub. Elə mənim uşaqlarıma da Quran oxumağı o öyrədib. 1979-cü ildə rəhmətə gedib, həyatda 82 il yaşayıb. Atam haqqında şahid olduğum belə bir hadisə var:

           Qonşuluqda Həsən adlı televezor ustası var idi. Mənimlə eyni sexdə işləyirdi. Günlərin bir günü Həsən ağacdan yıxılır və omba sümüyünü sındırır. Həkimlər buna vaxt qoyurlar ki, altı ay gərək yataq şəraitində qalsın və ayağa durmasın. Onu ziyarətə getmişdim. Məni görüb təsirləndi və ağlamağa başladı. Dedim ki, ay Həsən, Allahdan ümidini üzmə. Allah böyükdür.

      Üstündən bir-iki gün keçdi və mənə dedilər ki, Həsən səni çağırır. İnana bilmədim ki, Həsən bu tezliklə ayağa durar. Axı altı ay yatmalı deyildi? Maşını oğlu sürürdü, Həsən də arxada əyləşmişdi. Yaxınlaşıb görüşdüm. Dedi ki, sən yanıma gəlib-gedəndən sonra atan yuxuma girdi və məni üç dəfə bu yaşadığınız evin başına fırlatdı. Sonra mənə dedi ki, bu evdə əsa var, onu Səhrabdan istə. İki həftə həmin əsa ilə gəzərsən, sonra işə çıxarsan. Gəlmişəm o əsanı aparmağa.

           Həmin əsa da bizə babamdan qalıb. Gətirib vedim. İki həftə əsa ilə gəzəndən sonra işə çıxdı. Bizim qonşu kənddən bir qadının oğlu vardı, yeriyə bilmirdi. Yuxuda qadına deyərlər ki, sən bu uşağı Hacı Səhrabın evinə apar, qadın əhəmiyyət verməz. Ertəsi gün yuxuda bir də deyərlər ki, uşağı onlara apar. Yenə inanmaz. Üçüncü dəfə də eyni yuxunu görəndən sonra uşağı götürüb bizə gətirər, amma mən evdə olmaram. Bir neçə dəqiqə bizdə qalandan sonra uşaq bizdə ayaq açıb yeriməyə başlayıb. Bunlar atamın, babamın kəramətləridir. Allahın bu cür hikmətləri var.

           - İrfan oxucularına nə tövsiyə edirsiniz?

          - İrfan oxucularına tövsiyəm odur ki, oxuduqlarına əməl eləsinlər. Günlərin bir günü tanıdığım adamlardan biri mənə dedi ki, Quranı iki kərə oxumuşam, artıq üçüncü dəfə oxuyuram. Mən də ona dedim ki, bu sənə əziyyətdən başqa bir şey deyil. 30 ildir ki, usta işlətmisən, hələ də haqqını verməmisən. Onsuz da onu oxumaqdan sənə bir fayda yoxdur. Tövsiyə edirəm ki, hamı oxuduqlarına əməl etsin.

      • Hits: 1093 clicks

      Tecox component by www.teglo.info