Dr. ƏHMƏD NİYAZOV / ÖLÜYƏ QURAN OXUMAQ

    PDF faylını alÇapE-poçt

      Share

           Dini sahədə aktual məsələlərdən biri ölüyə Quran oxumağın yeridir. Əslində bu haqda məsələyə yanaşma tərzi nəticəyə aparan yoldur. 

           Ona görə də bu sual ətrafında  dönüb dolaşan məna və mahiyyət ölüyə Quranın oxunması yox, oxunan Qurandan olan səvabın ölüyə bağışlanmasdır. Qurani Kərim tilavəti ilə ibadət edilən və oxunması ilə səvab əldə edilən kitabdır. Peyğəmbər əleyhissalam buyurur ki, Qurandan tək bir hərf oxuyana belə bir səvab vardır. Hər səvab on misliylə qiymətləndirilər. (Tirmizi, Səvabul-Quran, 16.) Məsələ burasındadır ki, əgər Həzrət Peyğəmbər (s.ə.s) səhabənin istəyi üzərinə ölü adına verilən sədəqəyə, ölü adına kəsilən qurbana, ölü adına tutulan oruca, ölü adına qılınan namaza, ölü adına edilən həccə, ölü adına edilən duaya  icazə verərkən bunların səvabı ölüyə çatırsa, ölü üçün niyyət edərək oxunan Quranın bu səvabı niyə çatmasın!?

           Hər şeydən əvvəl ölü səvab əhlidir. Çünki, Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurmuşdur: “İnsan ölüncə, üç əməli xaricində bütün əməllərinin səvabı kəsilər: 1. Sədəqəyi-cariyə, (birinin ölümündən sonra da davam edən və Allah rizası üçün insanların istifadəsinə qoyub getdiyi sədəqə). 2. İstifadə edilən elm, 3. Arxasından dua edən xeyirli övlad.” (Müslüm, Vəsiyyət, 14; Əbu Davud, Vasaya 14; Tirmizi, Əhkam 36; Nəsai, Vasaya, 8.) Bunlar göstərir ki, ölənin bu üç əməli dünyadaymış kimi ona səvab yazılmasına davam edər. Onun bu üç əməli xaricində dünyada qalan özünün heç bir əməli səvab gətirməz. Başqasının əməlindən ölüyə olan səvaba gəlincə, bu haqda ayə və hədislərdə deyilir:

           1. Ölüyə dua etmək

           Qurani-Kərimdə ölmüşlər üçün dua edib, onlar üçün Allahdan əfv və istiğfar dilənməsi haqda deyilir: “Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (Həşr, 59/10)

           Əbu Hüreyrədən rəvayət edilir ki, Peyğəmbər əleyhissalam Həbəş kralı Nəcaşinin ölüm xəbərini öldüyü gündə xəbər verdi və “Qardaşınız üçün (Allahdan) bağışlanma diləyin” dedi və başqa bir şey danışmadı.( Buxari, Cənaiz, 4, 55, 61, 65, Menaqibul-Ənsar 38; Müslüm, Cənaiz 62, 63; Nəsai, Cənaiz, 76,)

           Ölən bir müsəlmanın meyit namazında oxunan “cənazə duası” (Müslüm, Cənaiz 86; Tirmizi, Cənaiz 38; Nəsai, Cənaiz 77.), qəbristana girəndə ölülərə edilən dua Həzrət Peyğəmbərin sünnəsi olaraq davam edib gələn bir duadır ki, bunun məğz və mahiyyəti ölənin aqibəti üçün Allahdan istiğfar və əfv diləməkdir. Eyni zamanda Əbu Hüreyrənin rəvayət etdiyinə görə Allah Rəsulu əleyhissalam buyurmuşdur ki, ölü üzərinə namaz qıldığınızda ona ixlasla dua edin. (Əbu Davud, Cənaiz 60; İbn Macə, Cənaiz 23,)

           2. Ölü üçün sədəqə vermək

           Ölü üçün səvabı çatan bir digər əməl onun adına sədəqə verməkdir ki, Buxari hədisində Həzrət Aişənin (r.a.)  Peyğəmbər əleyhissalamdan rəvayət etdiyinə görə bir adam gələrək əleyhissalama belə dedi:

           - Ey Allahın elçisi! Anam qəfildən öldü, vəsiyyət də edə bilmədi. Zənn edirəm ki,  demiş olsa idi sədəqə verilməsini vəsiyyət edərdi. Əcaba onun adına mən sədəqə versəm, anama səvab olar mı? dedi. Həzrət Peyğəmbər əleyhissalam:

           - Bəli! cavabını verdi.( Buxari, Cənaiz, 95; Vəsaya, 19;  Müslüm, Zəkat, 51; Vəsiyyə, 12, 13; Əbu Davud, Vəsaya, 15; Nesai, Vəsaya, 7.)

           3. Ölü üçün oruc tutmaq

           Süleyman ibn Büreydə babası Büreydədən (r.a.) rəvayət edir ki, bu eyni zamanda Həzrət Peyğəmbərin ictihadlarından biri hesab edilir. Bir qadın Rəsulullaha (s.ə.s.) gəldi və “Ey Allahın Rə­sulu, anam üzərində oruc borcu olduğu halda vəfat etdi” dedi. Rəsulullah (s.ə.s.):

           - Ananın əvəzinə oruc tut, buyurdu. (Buxari, Savm,  42; Müslüm, Savm, 156; Əbu Davud, Əyman, 25; Tirmizi, Savm,  22; Nəsai, Vəsaya, 8, 9, Əyman 34, 35; İbn Macə, Sıyam , 51, Kəffarat, 19; Əhməd b. Hənbəl, 1/224,227,258,362.)

           Buxarinin digər bir hədisində isə, Abdullah ibn Abbasın belə rəvayət etdiyi qeyd edilir ki, bir adam, Peyğəmbər əleyhissalama gəlib (ona):

           -Ey Allahın rəsulu! Anam, üzərinde bir ay oruc (borcu) olduğu halda öldü. Onun yerinə bu orucu qəza edə bilərəmmi?  deyə soruşdu. Rəsulullah (s.ə.s.):

           -Bəli, (qəza et)! Çünki Allaha olan borc, ödənməyə daha layiqdir!' diyə cavab verdi. (Buxari, Savm, 42) Bu mövzuda rəvayət edilmiş hədislər çoxdur. (Bax; Müslüm, Savm, 156; Əbu Davud, Əyman, 25; Tirmizi, Savm,  22.) Rəvayətlər öldükdən sonra hər hansı bir əməlin səvabının ölənin adına olması niyyəti ilə işlənib işlənməyəcəyinin açıq dəlilidir.Hərçənd, hədisin hökmü haqqında İbn Hazm birbaşa oruc tutulacağını desə də, xüsusilə İmam Şafei, İmam Əbu Hənifə və İmam Malik ölənin bədən ilə yerinə yetirməsini nəzr etdiyi bir ibadətin başqası tərəfindən ifa edilməsinə qarşı çıxaraq, ancaq onun adına sədəqə verə və kasıblara yemək (ehsan) edə biləcəyini demişdirlər. Çünki Abdullah ibn Ömərdən gələn bir rəvayətdə Həzrət Peyğəmbərin: “Bir nəfər üzərində ramazan orucu olduğu halda ölərsə, onun üçün hər gün əvəzində bir kasıb doyuzdursun.” (İbn Macə, Siyam, 50; Tirmizi, Savm, 23.) Həzrət Aişədən rəvayət edilən hədisdə isə: “Ölüləriniz üçün oruc tutmayın, onların adına yemək yedirin (sədəqə/ehsan verin)” buyurmuşdur. (Tirmizi, Savm, 23; İbn Macə, Savm, 50; Beyhaqi, Sünən, IV/257.) Həmçinin Abdullah ibn Ömərdən rəvayət edildi ki, Allah Rəsulu “Sizdən biri, üzərində Ramazan orucu borcu olduğu halda ölərsə, onun üçün hər günün əvəzinə bir kasıb doyursun” buyurdu. (Tirmizi, Savm 23, İbn Macə, Sıyam 50.),

           4. Ölü üçün qurban kəsmək

           Ölü adına qurban kəsərək, təsəddüq edib səvabı ölüyə bağışlanabilər. Hanəş (r.a) deyir: “Hz. Əlini (r.a) gördüm, iki qoç kəsmişdi. “Dedi ki, “Biri özüm üçün, digəri Rəsulullah (s.ə.s) üçün” və əlavə etdi: “Rəsulullah (s.ə.s.) belə vəsiyyət etdi. Mən (hayatda olduğum müddətcə) əbədiyyən bunu tərk etməyəcəyəm.” ( Tirmizi, Dahaya, 2; Əbu Davud, Dahaya, 2.) Hz. Əlinin (r.a)nin kəsdiyi bu qurban Rəsulullahın (s.ə.s) vəfatından sonradır. Əbu Davud da bu hədisin bab başlığına “Ölü adına qurban” demişdir.  

           Bunlarla yanaşı ölünün borcunun ödənilməsi (Tirmizi, Cənaiz, 76; İbn Macə, Sədaqət, 12.), ölü adına həcc edilməsi (Müslim, Sahih, Sıyam, 27.) və sair kimi hədislər bir başqası tərəfindən hər nəyin olarsa olsun səvabını ölüyə bağışlayabiləcəyini göstərir. Qurani-Kərimə gəlincə, Yasin surəsinin 70-ci ayəsindəki “(ölülərə yox) dirilər üçündür” ayəsində iman və hidayət baxımından xəbərdarlığın ölülərlə nə əlaqəsi ola bilər? Bu ayənin muradı Qurandan olan səvaba və ölü üçün duaya dəlil olmaz. Belə olsaydı sadalanan ayə və hədislərə zidd olardı. Həmçinin Peyğəmbərimizin: “Ölülərinizə Yasin surəsini oxuyun.” hədisinə  (İbn Macə, Cənaiz, 24; Əbu Davud, Cənaiz, 4.) zəif deyirlər. Uləma nəzdində uydurma şərtləri olmayan hədisi rədd  etmək, hədis uydurmaq qədər günah sayılır. Bu hədisə zəif deyənlərə gəlincə, heç kim buna  zidd heç bir rəvayət gətirməmişdir. Elə isə, (zəifdə olsa) var olanı yox, olmayan bir şeyi dindənmiş kimi göstərmək bidətdir!

      • Hits: 1068 clicks

      Tecox component by www.teglo.info