Əziz SULTANOV / ÇƏRXİ-FƏLƏK

    PDF faylını alÇapE-poçt

      Share

           Hər kəsin vaxtı çatır, dövr eləyir çərxi-fələk,

           Baxırıq göylərə öz vaxtımızı gözləyərək.

           Görəsən, fələyin çərxi düzmü dönür?

           Yoxsa onun əyriliyi elə təbiətindən qaynaqlanır?

          Kimisinə görə düz, kimisinə görə əyri olan bu oxun tilsimi nədədirsə, razı qalan da, narazı qalan da günahı atır onun boynuna. Bəs yaxşı gördüyümüz əyriləri düzəltmək bizim üstümüzə bir vəzifədir, yoxsa yanından baxaraq ötüb keçməliyik? Bəlkə hər gördüyümüzdən nəsə dərs çıxartmalıyıq? Deyək ki, bir kasıbın bir inəyi var idi. İnək bir gün girir qonşusunun tarlasına. Nə ki var yeyir orada göyərən yaşıllıqdan. Hadisədən xəbəri olan qonşu inəyi bağlayır öz damına. Mal sahibi nə qədər and-aman eləsə də, qonşusu inəyi geri qaytarmır. Haray-həşirə digər qonşular və yoldan keçənlər yığışırlar. Nə var ki, hər kəs eləcə baş verənlərə baxmaq üçün gəlibmiş. Ağızlarına su alıb olan-bitəni maraqla izləyirlər. Qonşusuna gücü çatmayan mal sahibi naəlac onu Allaha həvalə edib inəkdən əlini üzür. Bir gün sonra zorba qonşu inəyin boynuna ip salıb aparır bazara. Onu satıb həm bağçasındakı ziyanın əvəzini almaq istəyirdi, həm də artıq qalan pulla həyətinin dörd tərəfinə hündür divar tikdirəsi idi. Tanımadığı təzə sahibinin onu heç öyrəşmədiyi yerlərə dartıb aparmağından narahat olan heyvan ipini dartmağa başlayır. Bazarın girişindəki nalbəndin yanından keçəndə içəridəki nalbənd nə elədisə yanındakı at iki ayağı üstə şaha qalxıb kişnəməyə başladı. Adamlar onu əldən buraxmamaq üçün qışqır-bağırla bir-birindən kömək istəyirdilər. Bu qarışıqlıqda ürkən inək də ipinin boşaldığını görüb qaçmağa başlayır. Zorba qonşu da düşür inəyin dalınca. İnək bazarın bu başından girib, o biri başından çıxır. Qabağına da nə çıxsa alt-üst edib aşırdır. Nəticədə bazar sahibi zorba qonşunu məhkəməyə şikayət edir və həm inəyi onun əlindən alır, həm də əlavə olaraq xeyli miqdarda məbləğ ödəyib ziyanın ödənməsini tələb edir...

           Hekayəni istədiyimiz qədər uzada bilərik. Bir inək belə qısa ömrü boyunca neçə əldən, neçə evdən necə yerlərə gedib çıxa bilir. Çərxi-fələk dönəndə elə dönür ki, quru odun dura-dura yaş yanır. Və ya yaş odun dura-dura qurusu sönür. Kimi yığdığı milyonların səfasını sürə bilmədən gedir, kimi də böyütdüyü bir buzovunun xeyrini görə bilmədən. İslaq sabun kimi sürüşüb əldən-ələ keçən bu məta dolayır bizi fələyin çərxinə, fırladır tərsinə. Əslində bir də işin tərs tərəfindən baxmaq lazımdır. Deyirlər ki, insan ya malını özü ilə aparar, ya da onun qarovulçusu olar. Soruşurlar ki, bu necə olur? Cavab verirlər ki, malını xeyirli işlərə xərcləyən, Allah yolunda sərf edən Allahın hüzuruna gedəndə onun xeyrini yanında tapar. Malını özü ilə aparmış olar. Yenə soruşurlar ki, bəs malının qarovulçusu kimdir? Deyirlər ki, o da xərcləmədən mal yığıb sonra da dünyadan köçüb gedəndir. Eləcə öz mirasçılarının malına qarovulçuluq eləmiş olur. Bir peyğəmbər hədisindən aldığım bu səhnə yəqin ki, yuxarıda anlatdığım qarışıq hekayəni bir az daha mənalı elədi. Fələyin çərxi tərsinə dönmədən bəzi şeyləri fikirləşmək lazımdır. Çünki o döndükdən sonra çox gec olur. Allah-Təala Həzrət Adəmi cənnətdə xəlq eləmişdi. Burada yeyib-içib rahatlıqla yaşa demişdi. Darıxmasın deyə yanına da Həvva anamızı xəlq elədi. Ancaq insan təbiətidir, bəzən rahatlıq da toxunur insana. Bəzən doğrular da insanı narahat edir ki, niyə bu qədər doğru var. Mütləq bir səhv olmalıdır deyə axtarmağa başlayır, Qurana baxışında da, İslama baxışında da. Həzrət Adəmin bir anlıq xətası ucbatından əlindən cənnət çıxdı. Hansı ki, qədirbilən insanlar bir ömür alnı səcdədə, göz yaşları ilə, haramdan çəkinib, iffətini qoruyub, dilini lal saxlayıb, kimisi malını, kimisi də canını fəda edib onu əldə etməyə çalışırlar. Bir inəklə və ya milyonlarla müqayisə edilə bilməyəcək qədər dəyərli və qiymətli bir qazanc. Bunu itirmək, əldən qaçırtmaq nə qədər peşmançılıq gətirər, bunu bir Həzrət Adəm ilə Həvva bilir, bir də biz itirsək biləcəyik. Dünya əhlinin çoxu deyir ki, onsuz da öləcəyik, ölmədən nə ki var faydalanaq, kef çəkək bu dünyada. Heç kim ölümü danmır. Çox azı deyir ki, onsuz da öləcəyik, heç olmasa cəhənnəmə düşməyək. Məsələ çərxi-fələyə baxış tərzindədir. Kimisinə görə bu çərxi-fələk öz-özünə dönür. Kimisinə görə də bu fələyin sahibi var və istədiyi an onun çərxini tərsinə çevirər. O tərsinə çevirən bir gün torpağın altını üstünə çevirsə, üstündəkilər alta gedib altındakılar bir-bir üstə düzülsə necə olacaq o gün əliboş qalanların halı? Bizim də vaxtımız çatmadan yanımızda götürmək üçün nəsə hazırlasaq pis olmaz yəqin ki. Çünki bu fələyin çərxinə heç etibar yoxdur, nə vaxt çevriləcəyi də heç bilinməz.

      • Hits: 982 clicks

      Tecox component by www.teglo.info