Mübariz ƏLİOĞLU / HƏR ŞEY QƏLBDƏN BAŞLAYIR

    PDF faylını alÇapE-poçt

      Share

           Uca Allah Qurani-Kərimdə belə buyurur:

           “(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? 

      Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola bilməz!)”  (əl-Casiyə, 23)

           Bizləri xəlq edən Uca Allaha şükürlər və həmd-sənalar, göndərdiyi Rəsulu Muhammədə (s.ə.s) salətu-salam olsun.

           Yaşadığımız böyük imtahan yurdu olan dünya həyatında maraqlı hadisələrə şahid olan insan övladı nu yurdun həqiqətini anlama yarışında ya haqqı təbliğ edən xilaskarlara, ya da batili həqiqət kimi təqdim edən əbədi fəlakət baiskarlarına yönəlməkdədir. “Kim Rəsula itaət edərsə Allaha itaət etmiş olur”, (ən-Nisa, 80) və “Şübhəsiz sən doğru yola, Allahın yoluna götürməkdəsən” (əş-Şura, 52-53) deyə buyuran Allah-Təalanın özünə itaəti göndərdiyi Rəsuluna sözsüz bağlılıqla əlaqələndirməsi, Rəsulun hər bir hal və hərəkətinin insanlıq üçün bir qurtuluş mənbəyi olduğunu göstərir. Mübarək hədisində bu məqamı incə bir üslubla təqdim edən Allah Rəsulu belə buyurur: “İstəməyənlər xaric, ümmətimin tamamı Cənnətə girər,- buyurur. Bunun üzərinə - Ey Allahın Rəsulu! Cənnətə girməyi kim istəməz ki?- deyə soruşan səhabə toplumuna və ümumən də Adəm övladlarına bunları söyləyir: Mənə itaət edənlər Cənnətə girər. Mənə qarşı gələnlər isə Cənnəti istəməyənlərdir”. (Buxari, İtisan 2)

           Digər tərəfdən də: Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir! (əl-Həşr, 19) – deyə buyuran Rəbbimizin bizi bir daha fəlakət dəllallarından uzaq durmağa səsləməsi, heç bir alış-verişin, heç bir dostluğun, heç bir şəfaətin olmayacağı o hesab gününə hazırlaşma istiqamətində qəfləti və durğunluğu tərk etməyə yönələn ciddi bir çağırışdır. Böyük İslam alimi Elmalılı Həmdi Yazır Əfəndi bu ayənin təfsirində belə deyir: “Allahı (c.c) unudanlar Allahdan qorxmayan, hüququnu tanımayan və Onun sonsuz qorumasından da yardım diləməyənlərdir. Allah da onlara özlərini unutdurmuşdur. Onlar insan nəfsinin, bəşər hüququnun qiymətini anlamaz, adi şeylərə taparaq insanlığı zəlil edərlər. Ayrıca özlərini qurtaracaq xeyir işləri düşünməzlər. Əzabdan qoruyacaq əməllərə baş vurmayan bu zümrə hesab üçün də heç nə hazırlamaz”.

           Məhz bu dünyagörüşü öz mənliklərinə ölçüb-biçən qəflət dəllalları hər an olduğu kimi zəmanəmizdə də öz atlarını dördnala çaparaq qəflət mehini əsdirməyə davam edirlər. Keçən əsrin əvvəllərindən etibarən dünyanın az qala yarıdan çoxunda hakim mövqeyə gələn kommunizm ideologiyasının banisi Karl Marks öz əsərlərində belə yazırdı: “Hesab edirəm ki, insanın maddi-mənəvi səviyyəsini müəyyən edəcək meyar onun malik olduğu məişətidir”. Yəni insan maddi olaraq nəyə malikdirsə və ya ona təqdim edilən nemətlər hansı ölçü və keyfiyyətdədirsə, onun mənəviyyatı da həmin ölçü və keyfiyyət çərçivəsində olmalıdır. Qəlbdən doğan mənəvi məsuliyyət hissinin tamamən heçə endirilməsinə yönələn bu ideoloji taktikanın əsas məqsədi cansız robotlardan seçilməyən və yalnız ona təqdim edilən maddiyyatla nəfəs alan insan cəmiyyətinin ərsəyə gəlməsidir. Bu tip cəmiyyətlərin insan taleyində oynamış olduğu acınacaqlı rolunu isə yaxın dünya tarixinin qanlı səhifələrindən izləmək mümkündür. İnsanı insan edən qəlb aləminin öldürülməsinə yönələn, özlərinə xeyir vermək bir yana dursun, milyonlarla insanın əbədi taleyi ilə oynayan oyunbazların bütləşmiş mənəviyyat tablosu Qurani-Kərimdə belə təsvir edilir:

           “Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər! (əl-Əhqaf, 5)    

           Təbiidir ki, qəlbi möhürlənmiş olanlardan hər cür natamamlıq gözləmək mümkündür. elə dünya şöhrətli fizioloq olan akademik Pavlovun qəlb haqqında söylədiyi fikirləri dövründə ört-basdır edənlər bütün cəhdlərə baxmayaraq alimi susdura bilməmişdilər. Pavlov deyirdi: “Mən söylədiklərimlə sübut edirəm ki, insan ürəyi nəinki qanı damarlara vuran mühərrikdir, o eyni zamanda ən mühüm hissiyyat orqanıdır. Ürəyə baxarkən siz onun olduqca çoxsaylı və mürəkkəb formada sinir telləri ilə əhatələndiyinin şahidi olacaqsınız. O, sinir sisteminin möhtəşəmliklə hörülmüş telləri ilə beyin və onurğa beyni ilə əlaqəyə malikdir. Başqa hissiyyat orqanlarının heç biri ürəkdəki kimi xarici qıcıqlandırıcıları hiss edəcək çoxşaxəli qəbuledici mexanizmə malik deyil”. Pavlov qətiyyətlə təkrar edirdi: “Ürəyin anatomik-fizioloji təyinatı bizi bu bəyana məcbur edir: Ürək insanın əsas hissiyyat orqanıdır”.

           “Ən gözəl aqibət təqva sahiblərinindir” (əl-Qəsəs, 83)- deyə buyuran Rəbbimizin haqq Rəsulunun sinəsinə işarə edərək “Təqva buradadır”,- söyləməsi hər şeyin Allaha təslim olmuş qəlbdən, özü də diri bir qəlbdən başladığını göstərən şanlı dəlillərdir. Bu dəlillərdən ən heyrətvericisi də “Məni nə yerim aldı, nə də səmam. Lakin bir mömin qulumun qəlbi Məni alır” qüdsi hədisidir.

           Qeyd etmək lazımdır ki, son dərəcə mürəkkəb dünya imtahanının şərtləri ilə üz-üzə olan insna övladı yalnız dərin bir anlayış iqlimi çərçivəsində ilahi qəzəbə səbəb olacaq məqamların həqiqətinə varmaqla bu rəzillikdən qurtula bilər. ümmətinin əbədi səadəti üçün həyatı və ölümü belə sönməyən çırağa çevrilən Allah Rəsulu qəlb haqqında söylədiyi kəlamları ilə Adəm övladlarını diqqətli bir davranış mədəniyyətinə dəvət edir: “Adəm oğlunun cəsədində bir ət parçası vardır. O xeyrə qovuşduğu təqdirdə bütün cəsəd xeyrə qovuşar. O fəsada uğradığı təqdirdə isə bütün cəsəd fəsada uğrayar. Diqqət edin, o ət parçası qəlbdir”. Demək, Allaha qul olma bəxtəvərliyi, şərəfi, şanı Ona təslim olmuş qəlbdən başlayır. O qəlbdən ki, Rəbbimiz qulunu sevincə onun eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı, danışan dili və idrak edən qəlbi olur. (Buxari, Riqaq 38) Bu mənaları təfəkkür aləminin baştacı edən Mahmud Sami Əfəndinin etirafları Adəm övladlarını qəlbdən başlayan qulluğa səsləyən əmsalsız bir irşad nümunəsidir: “Qəlbin yaradılış səbəbi mərifət və tövhidlə məşğul olmaqdır. Dilin vəzifəsi isə şəhadət və Quran tilavəti ilə məşğul olmaq, insnaların eyiblərini danışmamaq, insanlara yumşaq və könülalıcı bir üslubla xitab etməkdir. Hər bir əzanı yaradılış məqsədinə görə istifadə etmək xüsusunda Allaha verdiyi sözü tutmayan adam Onun qəzəbinə uğrayar”.

           Doğrudan da: “Allah sizin üzlərinizə və mallarınıza deyil, qəlblərinizə və əməllərinizə baxar”. (Müslim, Birr 34)

      • Hits: 762 clicks

      Tecox component by www.teglo.info