Saleh ŞİRİNOV / İLAHİ DƏVƏT AZAN

    PDF faylını alÇapE-poçt

      Share

           Qulluğun əsası Allaha hörmət etməkdir. Hörmət halı nə qədər qüsursuz olarsa, ibadət də o qədər kamil olar. Allahın yer üzündə bəzi nişanələri vardır ki, onlara hörmət və məhəbbət bəsləmək, Allahı sevib Ona təzim etmək mənasına gəlir. 

           O əlamətlərə hörmətsizlik isə, Allah-Təalaya hörmətsizlik mənasını daşıyır. Bunlar Qurani-Kərim, Kəbə, peyğəmbər, azan, namaz, qurban, Səfa və Mərvə kimi Allaha yaxınlıq hissi oyadan əlamət və işarələrdir.

           İslamın mühüm əlamətlərindən biri də azandır. Azan vasitəsilə İslamın əsasları gündə beş dəfə yüksək səslə elan edilərək imansızlar imana, müsəlmanlar da camaatla ibadətə və birliyə dəvət edilir.

           Bir yerdə azan oxunanda, əslində orada müsəlmanların varlığı və həmin bölgənin İslam torpağı olduğu elan edili.

           Azan peyğəmbərlik vəzifəsinin davamıdır. Çünki o, dinin ən böyük rüknü və bütün ibadətlərin əsası olan namaza çağırışdır. Allah-Təala azanla bəndələrini hüzuruna dəvət edir. Buna görə də azan Allahın bəndələrinə verdiyi dəyəri göstərir.

           Doğulanda qulağına azan oxunan uşaqlar, mənəvi tərbiyənin ilk əsasını bu ilahi dəvətdən alırlar. Bir sözlə, azan müsəlmanların hörmət etdiyi vacib nişanələrdən biridir. Azan namaza edilən dəvətdir.

           Lüğət mənası eşitdirmək, bildirmək, elan etmək deməkdir. Termin mənası isə, fərz namazların vaxtlarını bildirən, xüsusi sözlərdən ibarət elan deməkdir. Azan oxuyana “müəzzin” deyilir.

           Azan məşru qılınmamışdan əvvəl (hicrətin birinci ilində) səhabələr müntəzəm şəkildə məscidə toplaşaraq camaatla namaz qılardılar. Yaxud namaz vaxtları girəndə bir nəfər küçələrdə sürətlə gəzişir və: “Əssaləh, əssaləh / namaza (buyurun) namaza!” deyərək möminləri namaza çağırardı. Gün keçdikcə möminlərin sayları çoxalıb yaşayış yerlərinin genişlənməsi, namazın elan edilməsini çətinləşdirdi. Hz. Peyğəmbər (s.ə.s) əshabla bu məsələni müşavirə etdi. Əshabın bu xüsusda gördüyü yuxuları Peyğəmbərimizin də təsdiqləməsi ilə azan bugünkü şəkli ilə qəbul edilərək oxundu və qiyamətə qədər də davam edəcəkdir inşallah.

           Azan səsinin çatdığı yerlərdə cin, insan, mələk, daş və ağac – hər şey qiyamət günü müəzzinin lehinə şahid olacaqdır (Buxari). Müəzzinlər Rəbbimizin ismini xalqa elan edib, onları ibadətə çağırdıqları üçün, qiyamət günü Allah-Təala da onları ucaldacaqdır. Bir hədisi-şərifdə belə buyurulur: “Müəzzinlər qiyamət günü insanların ən uzun boyluları (olacaq)dır.”

           Azanın bir çox faydaları vardır. Bunların ən başda gələni, azan oxunan yerdə müsəlmanların varlığının isbat edilmiş olmasıdır. Həmçinin ibadət vaxtının girdiyi müsəlmanlara azanla xəbər verilir. Azan müsəlmanları camaat olmağa və bir yerə yığışmağa, vəhdət olmağa səsləyir. İslamın əsas hökmləri bütün insanlara gündə beş dəfə azan sayəsində açıq şəkildə eşitdirilir.

           Qurani-Kərimdə azana bu ayələrlə işarə edilir: “Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır.” (Maidə 58).

           Buna görə də Azana hörmətsizlik insanı hər zaman pis aqibətə düçar edər.

           Azana göstəriləcək hörmətin ilk təzahürü onu dəstəmazlı olaraq oxumaqdır (Tirmizi). Başqa bir dəyəri də, müəzzinlə birlikdə azanı təkrar etməkdir. Belə edən möminlər müəzzinin aldığı qədər savab qazanar və Allahdan bir şey istəyərsə, dualarına cavab verilər. Yəni ki, oxunan azanı eşidən bir müsəlman, laqeyd qalmamalıdır. Azan oxunarkən bizim vəzifəmizi Əziz Peyğəmbərimiz (s.ə.s): “Azanı eşitdiyiniz vaxt Allahın dəvətçisinə icabət edin” (Təbərani) əmri ilə açıqlamaqdadır.

           Oxunan azana icabət iki cürdür; Feili və qövli (sözlə). Feili icabət dəstəmaz alıb məscidə tələsməkdir. Allah-Təala bəndələrini hüzuruna çağırarkən, mən müsəlmanam deyən bir bəndə, necə bu ilahi dəvətə laqeyd, hərəkətsiz və hissiz qalabilər ki?! Belə anda müsəlmanam deyən hər kəsin borcu dəvət edilən məscidə getməkdir. Sözlə icabət müəzzinin söylədiklərini təkrarlamaqla olur. Oxunan azanın sözlərini müəzzinin ardından təkrar etməkdir. Lakin “hayyə aləs-saləh və həyyə aləl-fələh” deyilərkən, “lə havlə və lə quvvətə illə billəhil-aliyyil azim” , səhər namazında “əssalətu xayrun-minən-nəvm” deyilərkən “sadəqtə və bərartə” deyib, digərlərini eynilə təkrar etmək lazımdır. Peyğəmbərimiz (s.ə.s) bu xususda buyurur ki: “Kim müəzzini dinləyər və onun söylədiyi kəlamın eynisini söyləyərsə (təkrarlayarsa), ona cənnət vardır.” (Təbrani).

           Azan oxunduqdan sonra Peyğəmbərimizə salavat gətirilir və hədislərimizdə öyrədilən dualar oxunur.

           Dinin əlaməti olan azanı bu bu şəkildə təkrar edib duaları oxuyan insan İslama daxil olub Allaha boyun əydiyini və Ona itaət etdiyini göstərər. Bütün qəlbilə ilahi dəvəti qəbul edər və ona tabe olar.

           Azana göstərilən başqa bir hörmət nümunəsi isə azan oxunarkən başqa bir şeylə (müəzzinin sözlərini təkrar etmək xaric) məşğul olmamağa çalışmaqdır. Bu, həmin anda daha fəzilətli bir əməldir. Bir neçə məsciddə azan oxunduqda, sadəcə bir məscidin azanına icabət edilməsi yetərlidir.

           Azanın fəzilətinə dair Peyğəmbərimizin (s.ə.s) hədisi ilə mövzunu yekunlaşdıraq: “İnsanlar azan oxumanın və namazı birinci səfdə qılmağın nə qədər fəzilətli olduğunu bilsəydilər və sonra da püşk atmaqdan başqa çarə tapa bilməsəydilər, şübhəsiz, öz aralarında püşk atardılar.” (Buxari, Müslim).

      • Hits: 828 clicks

      Tecox component by www.teglo.info