Saleh ŞİRİNOV / İSLAMDA NİKAH

    PDF faylını alÇapE-poçt

      Share

         Təklik Allaha məxsusdur və Allah bütün məxluqatı cüt yaratmışdır. Aralarında da cazibə və cəzbetmə qanunu qoyaraq maddi və mənəvi təkamülləri bir-biriləri ilə bütünləşmələrinə bağlamışdır. Allah-Təala şərəfli olaraq yaratdığı insanın, verdiyi bu ülvi mərtəbənin mühafizə edilməsi və insan nəslinin təmiz və mübarək şəkildə davamı üçün ailə həyatını zəruri qılmış və nikahı əmr etmişdir.

         Adəm övladı “üns” və ya “ünsiyyət”, yəni “ülfət və dostluq” sözlərindən törəmiş olan “insan” kəlməsi ilə adlandırılmışdır. Bu onun başqa varlıqlarla və xüsusilə öz cinsindən olanlarla bərabərliyə möhtac olduğunu göstərir. Bu həqiqətin bariz şəkildə ortaya çıxdığı yer də nikahdır, evlilikdir.

         İslam ailəyə çox böyük əhəmiyyət verir. Ailə milli quruluş içində ən kiçik, lakin ən əsas idarəedici birlikdir. Elə buna görədir ki, insanlığa rəhbər olan bütün peyğəmbərlər evlənmiş və nikahı olmuşdur. Onların yoluyla gedən böyük və mübarək şəxsiyyətlər də bu yolu izləmişdirlər.

         Nikah peyğəmbərlərin yolu, Rəsulullahın sünnəsi, nəslin baharı, kişi və qadının şərəf və ədəbi, namus və iffətin qalası, insan nəslinin heyvanlardan fərqliliyi və üstünlüyüdür. Buna görə də nikah ailə qurmağın ən mühüm şərti, yəni ailə yuvasının əsas dirəyidir.

         Əxlaqın gözəlliyi, ailə səadəti, cəmiyyətin rifah və tərəqqisi nikahla reallaşır. Millətlər ailənin sağlamlığı hesabına tərəqqi edər. Uca Rəbbimiz buyurur: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (Rum, 21)

          Möminin təqvasından sonra ən qiymətli varlığı (şəri yolla, nikahla aldığı) salihə bir xanıma sahib olmasıdır. Salihə qadınlar səadət bağçasının ən qiymətli meyvələridir. Hz. Peyğəmbərimiz (s.ə.s) də bu barədə belə buyurur: “Qadınla dörd şeyə görə nikahlanırlar; malına, gözəlliyinə, əsil-nəcabəti və dininə görə. Siz dindar olanına üstünlük verin (dindar olanı seçin) ki, əliniz xeyir görsün!” (Buxari, Müslim).

          Cəmiyyətin mədəni səviyyəyə çatması, yuvaların ilahi səadətlə dolması üçün ən vacib xüsusların başında xoşbəxt bir ailə mühiti gəlir. Ona görə İslamda ailə qurularkən kişi və qadın bir-birlərinə Allah adına söz verirlər. Bu söz, onların yaradılış qayələri istiqamətində bir məhəbbəti reallaşdırmaq üçün niyyət və səyləridir. Bu niyyət və səyləri bəsləyəcək və qoruyacaq olan da şübhəsiz ki, ər-arvad arasında qarşlıqlı hörmət, etimad və səmimiyyətdir.

         Unutmamaq lazımdır ki, bir milləti yaşadan ən təməl ünsür din və əxlaqdır. Bu əxlaq normasını qorumaqda ən təsirli yol isə nikahdır. Cəmiyyət əxlaqını qoruyub saxlamaqda ən təsirli amil nikah olduğuna görə də Allah Rəsulu (s.ə.s) onun çətinləşdirilməməsini istəməkdədir və belə buyurur: “Nikahın xeyirlisi əzziyyətsiz (asan) olanıdır” (Əbu Davud).

         Bundan başqa, bir ailə yuvası qurularkən diqqət olunması gərəkən xüsuslardan biri, belə mübarək bir evlilik və nikah mərasimində şəriətdən kənar bir sıra yanlış hərəkətlər və xoşagəlməz adətlərlə (içki və s.) qurulan bir məclis qəti şəkildə Allahın sevmədiyi bir məclisdir və nəticəsi də ancaq peşmanlıqdır. Ancaq Uca Allahın qanunlarına, hökmlərinə bağlı və əxlaq qaydalarına uyğun nikah məclisləri mübarəkdir və duaların qəbul olunduğu məkanlardandır.

         İslam nikah kimi ülvi bir “əhd-peyman - qarşılıqlı söz vermə” ilə başlayır. Yəni hər iki tərəfin də Allah hüzurunda bir-birlərinə Allah adına müəyyən sözlər vermələrini şərt qoşur.

         Evlilikdə şahidlərin şərt qoşulması, nikah əqdinin bütün cəmiyyət tərəfindən qəbul edilməsi üçündür. Bu üsulla bu iki tərəfin bir-birinə aid olduğu elan edilərək, onlara gələcək hər hansı tələbin qarşısı alınmış olur. Buna görə sadəcə iki şahid kifayət etmir, məclis qurularaq qonaqlar da bu nikah əqdinə şahidlik edirlər.

         Xülasə, evlilik İslamın üzərində çox həssas bir şəkildə durduğu maddi və mənəvi iki tərəfli ülvi bir müəssisədir. Bu səbəbdən həmin ülvi müəssisənin qurulması məsələsində son dərəcə ciddi və diqqətcil olmaq zəruridir. Əks halda izdivacı (evlənməyi) bəsit bir bərabərlikdən ibarət kimi zənn edib qurulan ailə yuvaları ərşi-əlanı titrədən yersiz boşanmalarla nəticələnir. Peyğəmbərimiz (s.ə.s)  buyurur: “Evlənin, boşanmayın! Çünki boşanma səbəbiylə ərş titrəyər” (Muxtarul-Əhadisin-Nəbəviyyə 228).

         Əsasən də zövq və əyləncə üçün qadın boşamaq hesabı və əzabı böyük olan bir günah və zülm, Haqqın bağışlamayacağı qul haqqını yüklənib məhvə doğru qəflət dolu addımlarla getməkdir.

         Bir şeyi də unutmamaq lazımdır ki, bir yuvanı xoşbəxt və səadət içində davam etdirən yeganə qayda, qarşlıqlı sevgi və hörmətdir. Ailə səadəti hər iki tərəfin qarşılıqlı haqlarına hörmət göstərmələrinə və bu hörməti məhəbbətlə qüvvətləndirmələrinə bağlıdır. Bütün bunlara görə də Peyğəmbərimizin ailə yuvası, Onun üstün şəxsiyyəti kimi hər yönüylə ən ideal və nümunəvi bir ailədir.

      • Hits: 1125 clicks

      Tecox component by www.teglo.info