Müşfiq XƏLİLOV / PEYĞƏMBƏRİMİZİN UŞAQLARA QARŞI MÜNASİBƏTİ

    PDF faylını alÇapE-poçt

      Share

          İslam dininin uşaqlara qarşı münasibəti sevgi, mərhəmət və xoş rəftar anlayışına əsaslanır. Çünki uşaq dünyaya tər-təmiz bir fitrətlə və günahsız gəlir. Həddi-buluğ yaşına qədər etdiyi hərəkətlərinə görə dini baxımdan məsuliyyət daşımır. Dünyaya gələn yeni körpə hər cəhətdən böyüklərin köməyinə möhtac olub müəyyən yaşa qədər valideynlərinə bağlıdır. 

           Buna görə də, uşaq ona lazım olan qayğının göstərildiyi təqdirdə sağlam bir şəxsiyyət kimi formalaşa bilər. Bu nöqteyi-nəzərdən baxanda Hz. Peyğəmbərimizin (s.ə.s) uşaqlara qarşı münasibəti və onların yetişdirilməsinə aid tövsiyələri son dərəcə diqqətə layiqdir. Başqa din və mədəniyyətlərdə olduğu kimi, dinimizdə də anadan yeni olan uşaqlar üçün müxtəlif mərasimlərin yerinə yetirilməsi tövsiyə edilmişdir.

         Dünyaya gəldikdən sonra uşağın qulağına azan oxumaq, onun üçün əqiqə qurbanı kəsmək və anadan olduğunun 7-ci günündə saçını qırxaraq saçının çəkisi ağırlığında gümüş və ya qızıl sədəqə vermək sünnədir. Bütün bunlarla yanaşı, uşağa gözəl ad qoymaq da Peyğəmbərimizin (s.ə.s) yüksək dəyər verdiyi bir məsələdir. Bir hədisi-şərifdə: “Siz Qiyamət günü özünüzün və atanızın adları ilə çağırılacaqsınız, övladlarınıza gözəl adlar qoyun!”- deyə buyurmuşdur[1], hətta xoşuna gəlməyən bəzi adları belə dəyişdirmişdir[2].

         Oğlan uşaqlarının ən geci həddi-buluğ yaşına çatana qədər sünnət etdirilməsi də Peyğəmbərimizin (s.ə.s) həyata keçirdiyi işlərdəndir[3].

         Hz. Peyğəmbər (s.ə.s) həyatın hər sahəsində uşaqlara dərin sevgi bəsləmiş, ciddi qəbul edərək onların səviyyəsinə enmiş, problemlərini həll edərək doğru yola istiqamətləndirmişdir. Bir hədisi-şərifində: “Kimin uşağı varsa, onunla uşaq kimi davransın,”[4] buyuran Rəsulullah (s.ə.s) bir dəfə nəvəsi Həsəni öpərkən yanında oturan Aqra bin Xabis adlı bir nəfər onu görmüş: “Sən uşaqları öpürsən? Mənim 10 övladım var, amma heç birini öpmürəm”- demişdi. Peyğəmbərimiz (s.ə.s): “Mərhəmət etməyənə mərhəmət olunmaz!”- deyə cavab vermişdi[5].

         Hz. Peyğəmbərimiz (s.ə.s) “Gözümün nuru!” deyə təsvir etdiyi və hər fürsət tapanda əhəmiyyətini dönə-dönə vurğuladığı namaz zamanı belə uşaqlara mərhəmət və sevgi göstərmiş onların qəlbinə toxunmamışdır. Allah Rəsulu (s.ə.s) yatsı namazlarının birində nəvəsini məscidə gətirmişdi. Camaat namazını qıldırarkən nəvəsi belinə çıxmış, O da buna görə səcdəni uzatmışdı. Səhabələr namazı bitirən kimi Peyğəmbərimizə: “Səcdəni uzatdın, ya Rəsuləllah! Nə isə baş verdiyini və ya vəhyin gəldiyini zənn etdik”, - dedilər. Bunun müqabilində Hz. Peyğəmbərimiz (s.ə.s): “Yox, belə bir şey olmadı. Amma oğlum belimə çıxmışdı. Könlü xoş olsun deyə tələsmək istəmədim”,- buyurdu[6].

         Hz. Peyğəmbərimiz (s.ə.s) uşaqlara salam verər, onların əhvalını soruşar, xəstələnəndə ziyarət edər, həm öz nəvələri, həm də digər uşaqlarla zarafat edər, onları həm əyləndirər, həm də tərbiyə edərdi.

          Ənəs (r.a) belə nəql edir ki, Rəsulullah əxlaq baxımından insanların ən gözəli idi. Mənim Əbu Umeyr adlı süddən kəsilmiş bir qardaşım var idi. Hz. Peyğəmbərimiz (s.ə.s) bizə gələndə: “Ey Əbu Umeyr! Nə etdi Nuğeyr?”- dedi. Nuğeyr qardaşımın oynadığı quşun adı idi.

          Əbu Hüreyrə (r.a) belə deyir: “Bu iki qulağımla eşitmiş və bu iki gözümlə görmüşəm ki, Rəsulullah iki əli ilə Həsənin və Hüseynin iki ovcunu tutar, sonra uşağın iki ayağını öz ayağının üstünə qoyar və “Yuxarı çıx”,- deyərdi.

          Uşaq ayaqlarını Rəsulullahın sinəsinə qoyana qədər çıxardı. Sonra Hz. Peyğəmbər (s.ə.s) uşağı öpər: “Allahım! Bunu sev, çünki mən onu sevirəm”,- deyə buyurardı[7].

           Hz. Peyğəmbər (s.ə.s) uşaqlara hədiyyələr verməyi tövsiyə edər və münasib vaxtlarda onlara lazımi olan qayğını göstərərdi. Hz. Ənəsin (r.a) rəvayət etdiyi bir hədisdə Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Uşaqlarınıza ikram edin və onlara gözəl tərbiyə verin![8]

           Əbu Hüreyrənin rəvayətinə görə, Hz. Peyğəmbərə mövsümün nübar meyvələri gətirildikdə: “Allahım! Bizə vətənimizdə, meyvələrimizdə və miqyasımızda bərəkət üzərinə bərəkət ver!”-deyə dua edər, sonra da meyvəni orada olan ən kiçik uşağa verərdi[9].

           Ənəs (r.a.) belə nəql edir: “Bir nəfər Peyğəmbərimizin (s.ə.s) yanında olarkən oğlu gəldi. Həmin adam oğlunu öpdü və qucağında oturtdu. Bir az sonra da onun qızı gəlib çıxdı. Həmin adam qızını (öpmədən) önünə qoydu. Bunun müqabilində aləmlərə rəhmət olan Peyğəmbərimiz (s.ə.s): -“Kaş ki, ikisi ilə də eyni cür rəftar edəydin”,- dedi[10].

          İslamdan qabaqkı dövrdə xor baxılan, oğlan uşaqları yanında ikinci dərcəli olan, hətta keçmiş zamanlarda diri-diri torpağa basdırılan qız uşaqları İslamın gəlməsi ilə öz həqiqi qiymətini almışdır. Belə ki, bu barədə bir hədisi-şərifdə belə buyurulur: “Kimin bir qızı olarsa, onu torpağa basdırmazsa, ona  xor baxmazsa və oğlunu ondan üstün tutmazsa, Allah onu cənnətə qoyar[11].

          Hz. Peyğəmbərimiz (s.ə.s) barmaqlarını bitişdirərək: “Kim qız uşağını yetkinlik çağına çatana qədər böyüdüb tərbiyə edərsə, Qiyamət günü o kəslə mən bax belə, yan-yana olacağıq[12],- dedi.

          Allah-Təala bütün müsəlmanlara Peyğəmbərimizi (s.ə.s) layiqincə tanımağı, hər sahədə olduğu kimi, övladlarına qarşı münasibətdə də ondan nümunə götürməyi nəsib etsin! Amin!

       


      [1] Əbu Davud, Ədəb, 61.

      [2] Müslim, Ədəb, 14; İbn Abdilbər, əl-İstiab, II, 837.

      [3] Buxari, Libas, 63-64.

      [4] Deyləmi, III, 513.

      [5] Buxari, Ədəb, 18; Müslim, Fəzail, 65.

      [6] Nəsai, Tətbiq, 82.

      [7] Buxari, Ədəbül-Müfrəd, hədis 249.

      [8] İbn Macə, Ədəb, 3.

      [9] Müslim, Həcc, 474.

      [10] Heysəmi VIII, 156.

      [11] Əbu Davud, Ədəb, 121.

      [12] Müslim, Birr, 149. 

       

      • Hits: 1134 clicks

      Tecox component by www.teglo.info