Adəm ŞAHİN / QIZIL BİLƏRZİKLİ DƏRVİŞLƏR

    PDF faylını alÇapE-poçt

      Share

        Orta Asiyanın türkdilli dövlətlərində və Qafqazda məsciddə xidmət edənlərə dövlət tərəfindən maaş verilmir. Anadolu tərəflərdə hoca, Orta Asiya ölkələrində isə bu sözün müqabilində molla kəlməsindən istifadə olunur. Mollalar adətən dolanışıqlarını məscidə edilən yardımdan, cənazə və nikah sahiblərinin verdiyi bəxşişlərdən təmin edirlər.  

         Türkiyədə də vəziyyət uzun müddət buna bənzər olmuşdur. Hətta ona görə bəzi naxoş ifadələr də yaranmışdır: “Hocanın bir əli almağa, bir əli yeməyə”, “hocanın ağzı ilə boğazı arasına bir quzu sığar”, “hoca kimi ye, muxtar kimi dur”. Bu kimi sözlər artıq keçmişdə qaldı.

         Mədrəsələrdə dini təhsil alaraq məscid xidmətlərinə başlayanların bir çoxu camaatdan gələn yardımlarla yaşamağı özünə sığışdırmayaraq imamlıq vəzifəsindən və məscid xidmətindən uzaqlaşır. Bəzi məzunlar verilən yardım və sədəqələri qəbul edir, hətta daha artığına tamah salır. Bəziləri isə ticarətlə imamlığı yanaşı aparmağa can atır və zaman keçdikcə ticarət tərəfi ağırlıq təşkil etdiyi üçün imamlıqdan uzaqlaşır.

         “Verən əl alan əldən üstündür” hədisi-şərifindəki verən əl olan insanlardan olmaq ən çox  peyğəmbər varisi olar alimlərə və məscid xadimlərinə yaraşır.

         Peyğəmbərlər tarixinə və övliyaların həyatına baxdığımız zaman verən əl olduqlarını, dolanışıqlarını zəkat və sədəqə ilə deyil, əllərinin zəhməti ilə təmin etdiklərini görürük. Bir çox peşə və sənətin piri (banisi) peyğəmbərlər və övliyalar olmuşdur. Bir çox Peyğəmbər və övliyanın həyat hekayəsini oxuyarkən hər birinin xeyli miqdarda pul, qızıl və gümüş infaq etdiklərini, səxavət sahibi olduqlarını görürük. Kasıb və səfil olanlar bu qədər infaq edə bilməz. Davud (ə.s) dəmirçiliklə, Zəkəriyya (ə.s) dülgərliklə məşğul olmuşdur. Tacirlərin piri Həzrət Muhamməd (s.ə.s), əkinçilərin piri Hz. Adəm (ə.s), dərzilərin piri Hz. İdris (ə.s), saat ustalarının piri Hz. Yusif (ə.s)-dır. Əbu Nasir yəhər ustası, Əxi Devran dəri ustası olmuş, Somuncu Baba da çörəkçilik etmişdir. Peyğəmbərlər, alimlər və evliyalar yeni icadlar meydana çıxarmışlar.

         Əbu Bəkr (r.a) Təbuk səfəri üçün bütün sərvətini bağışlamış, mal varlığını sıfırlamışdır. Hz. Əbu Bəkr (r.a) sonrakı dövrlərdə mal varlığı əlindən çıxsa da və sədəqə alacaq vəziyyətə düşməmiş, kasıblıq yaşamamış və qısa zaman ərzində yenidən sədəqə, zəkat verəcək qədər zəngin olmuşdur. Mühacirlərdən Əbdürrəhman bin Əvf Mədinəyə gəldiyi zaman təklif olunan bağ-bağça və evi qəbul etməmiş və “siz mənə bazarın yolunu göstərin”,- deməsi alan əl olmağa can atmanın ən gözəl nümunələrindəndir.

         Qafqaz tərəflərdə və Orta Asiyada yaşayan din adamlarının zəmanəmizdə müşahidə olunan dolanışıq çətinliyi, xalqın zəkat, sədəqə və yardımlarına möhtac olması keçmiş zamanlarda yaşanmamışdır. XX əsrə qədər mollalar alan əl deyil, verən əl olmuşlar. Vəqf əsəri olan məscidlər, mədrəsələr və karvansaraların daimi gəlir axarları olmuşdur. Qədim Türküstan adlanan torpaqlar 6 milyon kvadratkilometrdən daha geniş bir ərazidir. Statistik məlumatlara görə, Qədim Türküstanda əvvəllər əkinə əlverişli ərazinin 8-10 faizi vəqf torpaqlarıdır. Bu nisbət Hivədə 40-45 faiz, Buxarada 24,6 faizə yaxındır. XX əsrə qədər İslam alimləri və din adamları (mollalar) zənginlər sinfindən sayılırdı.[1]

         Piri-Türküstan kimi tanınan Əhməd Yəsəvi həzrətləri çoxluqdan kinayə olaraq 99000 dərvişini Hindistan, Çin, Afrika, Balkan Yarımadası, Anadolu və Qafqaz bölgəsinə göndərmişdir. 99000 dərviş dilini, adət-ənənəsini bilmədikləri ölkələrə qollarına taxdıqları qızıl bilərziklərlə getmişdilər. Qızıl bilərzik ən çox “mən gizli xəzinə idim, tanınmağı murad etdim, məxluqatı yaratdım” hədisinə görə xəzinəni könüllərindən çıxaradn dərvişlərə yaraşır. 99000 dərviş getdikləri yerdə camaatdan yardım yığaraq zəkat və sədəqə ilə dolanmamışdır. Getdikləri ölkələr müsəlman diyarı olmadığına görə işləyib çörəkpullarını qazanmaq məcburiyyətində idilər. Övliya Çələbi Ysəvi dərvişlərinin bir peşə və sənət sahibi olmağa can atdıqlarını, istehlak edən deyil, istehsal edən olduqlarını söyləyir.[2]  

         Əhməd Yəsəvi həzrətləri dərvişlərini uzaq diyarlara göndərəcəyi zaman onlara aylıq büdcə göndərməmişdir. Sənət və peşə sahibi olan dərvişlərini (sənət qızıl bilərzikdir) xüsusi seçmişdir. Qızıl bilərzik: gəlir gətirən, ömür boyu dolanışığı təmin etməyə yarayan sənət və peşədir. “bu gün borc alan, sabah əmr alar” qaydası dərvişlər və İslam təbliğçiləri üçün də keçərlidir. Mehmed Akifin “Kim qazanmazsa bu dünyada bir əkmək parası, Dostunun üz qarası, düşməninin masğarası” sözləri hər zaman aktualdır. Anadolu türkcəsində işlənən “Gavurun tənbəli keşiş, müsəlmanın tənbəli dərviş olur” atalar sözü Yəsəvi dərvişlərindən sonra çıxmışdır. Din təhsili alan insanların, alimlərin və mollaların istər dövlət tərəfindən maaş alsın, istər almasın, təşəbbüskar olmalarına, çörəyini daşdan çıxaracaq bacarıq və qabiliyyətə, eyni zamanda bir peşəyə sahib olmalarına imkan və fürsət verilməlidir. Son illərdə artan universitetlərə və universitet məzunlarına rəğmən işsizliyin çoxalması gənclərin çörəkpulu qazanacağı peşə və sənət sahibi olmamaları və təşəbbüskarlıqdan aciz olması səbəbilədir.

         Əhməd Yəsəvi həzrətlərini anmaq yox, mesajını və vizionunu anlamaq xüsusilə din xidməti sahəsində həm diplomlu, həm də qızıl bilərzikli gənclərin irfani cəhəti də unudulmadan yetişdirilmə zamanıdır. Əks təqdirdə “Dəli dəlidən xoşlanır, imam da ölüdən” frazası dəyişmədən davam edəcəkdir.

       

       


      [1] “Türküstanda İslam və Müsəlmanlar”, Dr. Seyfettin Erşahin, İlahiyat Vakfı Yayınları, 1999 Ankara

      [2] Beynəlxalq Xoca Əhməd Yəsəvi Simpoziumu, Məruzələr, Bağcılar Bələdiyyəsi, 2012

       

      • Hits: 941 clicks

      Tecox component by www.teglo.info