"İRFAN"DAN/ HƏYA ABİDƏSİ Mahmud Sami Ramazanoğlu

    PDF faylını alÇapE-poçt

      Share

           Allah dostu Mahmud Sami Ramazanoğlunun 12 fevral vəfat ildönümünə həsr olunur. 

           Sami Əfəndi mərhəmət, şəfqət, nəzakət, həssaslıq, səbir, dini əmrlərə səy göstərmək, əzimət, istiqamət, hadisələri olduğu kimi qəbul etmək və s… Onun xarakteri bir çox gözəlliklərdən ibarət kamil bir mömin xarakteri idi.

           Həccə getməyin çətin olduğu vaxtlarda “Əfəndim, həccə gedirik”,- dedikdə, “Əlhəmdülillah, Rəbbimiz yenə lütf etdi”,- buyurardı. Sonrakı il: “Əfəndim, bu il viza ala bilmədik”,- deyəndə də: “Əlhəmdülillah, Allah bu günə qədər çox qismət etdi”,- buyurardı. Daima “radiyyə” halında idi. Xəstə olanda belə heç vaxt halından şikayət etməzdi.

           Qurani-Kərimə qarşı həssas rəftar edər, Quran xadimlərinə böüyük hörmətlə yanaşardı. Quranın hökmləri ilə əməl edən, əxlaqı ilə əxlaqlanan, hər halı ilə Quran xadimi olan bir hafiz gələndə onu ayağa duraraq qarşılayar, yanında oturdardı.

       

      ***

           Sükut halı daha çox hakim idi. Mübarək evlərində kiçik bir otaq vardı. Orada söhbət edərdi. Beş dəqiqəyə yaxın söhbətdən sonra beş dəqiqə sükut edərdi.

           Cümə namazından çıxandan sonra sədəqə verərdi. Yolda yenə bir ehtiyac sahibi görsə maşına saxladar, şəxsən özü aşağı enər və zərif bir təşəkkür ədası ilə sədəqə verərdi. Rəhmətlik atam onun infaq həyəcanına misal olaraq “Həcdə o qədər şövqlə sədəqə paylayardı ki, siz onun sədəqə verərkən yaşadığı sevinci açıq şəkildə görərdiniz”,- deyirdi.

           “Sədəqələri Allah alar.”[1] anlayışıyla sədəqəsini Allah-Təalanın müşahidəsi altında verdiyini görərdiniz. Təbəssüm edərək, könül alaraq və sevinərək verərdi.

      ***

           Bursaya getmişdik. Şiddətli quraqlıq hökm sürürdü. Atamla birlikdə Ulu Cameyə getmişdik. “Yağmur duası ediləcək və duanı adanalı Sami Əfəndi edəcək”,- dedilər. İncə, zərif bir siluetin ürəyə rahatlıq verən səslə yağmur duası etdiyini xatırlayıram. Ulu Camedən Çekirgəyə 4-5 km məsafə vardı. Anamın ifadəsi ilə, hava buludlandı və biz Çəkirgəyə çatanda yağış yağmağa başladı. Rəhmətlik atam da bu hadisədən sonra Sami Əfəndi ilə Servinaz otelində tanış oldu, geri qayıdarkən də Mudanyaya qədər onu maşınında gətirdi. Sami Əfəndi ilə ilk tanışlığımız belə oldu. Sonra atam söhbətlərə başladı və beləliklə dünyası dəyişdi. Rəhmətlik atam incə ruhlu, sənətkar xarakterli idi. Məsələn, önünə bir fincan qoyulsa, əlinə götürüb incəliyinə, qalınlığına, formasına, naxışına baxar, sənət nöqteyi-nəzərdən qiymət verərdi. Hüsnü-xəttə çox maraqlı idi. Çox həssas, nizam-intizamlı adam idi. Özünün dərzisi, ayaqqabı ustası vardı. Əyin-başı həmişə səliqəli olardı. Sami Əfəndiyə bağlandıqdan sonra bu həssaslığı və dəqiqliyi tamamən mənəviyyata yönəldi. Sami Əfəndinin incəliyi, zərifliyi, mərhəməti, duruşu atamıza sirayət etdi. Ondan aldığı və özündə olan xüsusiyyətlərlə yeni bir xarakter formalaşdı. Rəhmətlik atam əvvəllər bir az əsəbi adam idi. Sami Əfəndiyə bağlandıqdan sonra bu əsəbiliyi dəyişdi. Yəni bizə belə bir faydası da oldu. Namaza diqqəti artdı. Evdə dini və əxlaqi söhbətlər olmağa başladı. Gün keçdikcə mənəvi atmosfer bir az feyzləndi.

      ***

           Səhv etmirəmsə iyirmi yaşlarımda Sami Əfəndimizlə atamın sürücülüyünü edir, onları cümə namazlarına aparırdım. Təyin edilmiş vaxtdan 10 dəqiqə əvvəl Güllü Köşkün qarşısıdna olurduq. O vaxtlar yollarda sıxlıq və tıxac olmamasına baxmayaraq atam ehtiyatla hərəkət edirdi. Sami Əfəndi saniyəölçən kimi tam vaxtında qapıda görünürdü. Heç vaxt gecikməzdi. Ümumiyyətlə sakit məscidləri tərcih edərdilər.

      ***

           Sami Əfəndi Tahtakaledəki bir dükanın hesabdarlığını edirdi. Darulfünunun Hüquq fakültəsindən birinciliklə məzun olsa da, öz ixtisası sahəsində işləmirdi.

           Bunun səbəbi kimi belə bir xatirəsini danışmışdı:

           “Darülfünunda oxuyanda Sarıyerdə qalırdı. Üst mərtəbədə mən, aşağı mərtəbədə ev sahibi qalırdı. Evdəki ən böyük sərmayəm hüquq kitablarım idi. İxtisasımı sevirdim və kitablarımı oxuyurdum. Bgünlərin birində sel fəlakəti yaşandı və tələsik evi tərk etdim. Ev sahibi evdən çıxmadığı üçün boğularaq vəfat etdi. Yüksək bir yerdə dayanıb suyun axışına baxırdım. Uzun illər etina ilə yığdığım bir-birindən dəyərli hüquq kitablarım gözümün önündə axıb gedirdi. Öz-özümə dedim ki, “Bu mənə mənəvi bir işarədir. Deməli, Haqq-Təala dlanışığımı bu peşə vasitəsilə təmin etməyimi istəmir”. O qərarla hüquq elmindən öyrəndiklərim mənim üçün yalnız dünya görüşü olaraq qaldı”.

           Danışdığı bu hadisə Sami Əfəndinin mənəvi fərasətinə də bir misaldır.

      ***

           Mənə çox təsir edən bir xatirəmi sizinlə bölüşüm: Rəhmətlik atam həcdə idi. Səhv etmirəmsə, yaz fəsli idi. Bayram namazı və ediləcək ibadətlər erkən bitdiyi üçün evdə istirahətə çəkilmişdim. Saat 9:30 və ya 10 radələri idi, qapının zəngi çalındı. Eyvandan baxanda gördüm ki, Sami Əfəndi, Özterk və Aləmdar abi kimi yolumuzun ən öndə gələn böyükləri qapıdadır. Çox utandım. Əynimdə pijama vardı, tez patlarımı geyinib evə dəvət etdim. Kiçik ikramdan sonra: “Əfəndim bu, bayram ziyarətidir, sizin də işləriniz var”,- deyərək getmək üçün qalxdılar.

           Bu hadisə mənə çox təsir etdi. Möhtərəm atamla dost olduqları üçün onun vəkili olaraq bizə ziyarətə gəlmişdilər. Necə də zərif vəfa nümunəsidir…

           Rəhmətlik atam İstanbulda olmadığı zaman Sami Əfəndi evdə ziyafət verəndə gənc olmağıma baxmayaraq məni də çağırardı. Hər kəsə yeməkləri artıqlamasıyla ikram edər: “ixvanla yeyilən yeməyin məsuliyyəti yoxdur, bol-bol yeyin”,- deyər və demək olar ki, servisi də özü edərdi. Daha təsirlisi odur ki, əlimizi yumaq üçün ayağa duranda dəsmalı öz mübarək əlləri ilə tutardı. Bu alicənab hərəkəti qarşısında utanardıq.

      ***

           Allah dostlarının təsərrüfünə dair bunu nəql edərdu:

           “Bacım ayağındakı xəstəlik səbəbilə yeriyə bilmirdi. Anam yemək bişirdi və bacımla birlikdə məni də götürüb Kaplanca Babaya ziyarətə apardı. Gecəni türbədə keçirdik. Gecənin bir aləmi bacımın qışqırığına oyandıq. Anam nə olduğunu öyrənmək üçün təlaşla yanına qaçdı. Bacım: “Gözəl üzlü bir baba gəlib ayağımın üstündən basdı və getdi. Onun ağrısına qışqırdım”,- dedi. Bu hadisə baş verəndə bacımın səkkiz yaşı vardı. Ondan sonra ayaqları açıldı və ömrü boyu heç vaxt ayaq ağrısından şikayət etmədi”.

           Təbii ki, bu bir ixlas məsələsidir. Sonradan bu hadisəni eşidən çox adam ora getsə də nəticəsi olmadı.

       


      [1] Bax. ət-Tövbə, 104.

       

      • Hits: 1195 clicks

      Tecox component by www.teglo.info