Fuad QULİYEV/ BİR AYƏ

    PDF faylını alÇapE-poçt

      Share


      وَاذْكُرْ رَبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُنْ مِنَ الْغَافِلِين

      Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində

      Rəbbini yad et və qafillərdən olma!

      Əraf surəsi, 7/205

           Bu ayə Hz. Muhammədə (s.ə.s) xitabən Uca Allahı (c.c) səhər-axşam zikr etməyi, onu daim yad etməyi xatırlatma mahiyyəti daşıyır. Ayədə keçən “təzərrü” ifadəsi yalvarma və yaxarma, Allaha itaət etmə, Ona xüşu içərisində yalvarma mənalarına, “xifətən” ifadəsi isə “qorxaraq” mənasına gəlir. Ayənin davamında Rəbbini zikr etməklə qafillərdən olmaması üçün xəbərdarlıq edilir. Bu isə o mənaya gəlir ki, Hz. Muhammədin (s.ə.s) timsalında möminlər qəlbən Allahı zikr etməyə hər zaman davam etməli, qəlbi Allahı xatırlamaqdan qafil olmamalıdır.

           Bu ayələrdə Uca Allahın üstünlüyü, böyüklüyü, gücü və qüvvəsi və bəndələrinin  Onun qarşısındakı acizliyi ifadə edilmişdir. İnsanlara təkəbbür və qürura qapılmama, ilahi əmrlər qarşısında bu əmrləri mühakimə etmədən təslimiyyət göstərərək dua və bağışlanmağı diləmək əmr edilmişdir.  Həmçinin  başa düşülür ki, şeytana itaət edən qəlbi qatı insan Allaha “təzərrü” etməz və hər məqamda Allahın əmr və qadağalarını qoyulduğu məqsədindən uzaq izahatlar verərək təhrif etməyə çalışarlar. Belə bir insan və anlayışın islah olması isə uzun və məşəqqətli bir hadisədir.

           Hz. Muhamməd (s.ə.s) daim “təzərrü” ilə dua etmiş və bunu ümmətinə tövsiyə etmişdir. Yağmur duasına çıxaraq təvazö və xüşu içərisində dua edib iki rükət namaz qıldığına dair müxtəlif qaynaqlarda rəvayətlər keçir. (Əbu Davud, İstisqa 1; Tirmizi, Cümə, 43; Əhməd ibn Hənbəl 1, 230,355)

           İnsan varlığında ruh ilə bədənin çox qəribə bir əlaqəsi vardır ki, düşüncə ilə duyğu, vicdan ilə ağıl insanın ruhi varlığında bir vəhdət təşkil edir. Bu münasibətlərin zəminində və məhvərində şəxsiyyət formalaşması başlayır. Bu vəhdət Allahın birliyini tanımağa doğru açılan bir pəncərə mahiyyətindədir. Bu səbəbdəndir ki,  ruhda meydana gələn bir təsir və bunun əlaməti özünü bədəndə də göstərir. Həmçinin bədəndə meydana gələn bir dəyişiklik və ya əlamət dərhal özünü ruh cəhətində də göstərir. Bəsit bir misal verilərsə, turş bir meyvə və yaxud qida təsəvvür edildikdə qeyri ixtiyari olaraq ağız sulanar, yaxud bir faciəvi hadisəni danışarkən baş ağrısı, həyəcan və s. insana hakim olar ki, bu da ruh-bədən arasındakı sıx bir əlaqənin olduğunu göstərir. Bu əlaqəni diqqətə alaraq demək mümkündür ki, insanın dil və qəlbinin zikrə vərdiş olması ruhən bir təsir meydana gətirir. Bu təsir sayəsində insan mənən ucalar və yüksək əxlaqi dəyərlər sferasında formalaşmasına zəmin yaradılar.

           Allahüməcəlna minəz-zakirin, və la təc`alnə minəl-ğafilin! Amin

           Allahım! Bizi Səni zikr edənlərdən eylə, qafillərdən eyləmə! Amin.   

      • Hits: 984 clicks

      Tecox component by www.teglo.info