Adəm ŞAHİN/ İNSAN İNSANA RAST GƏLƏR

    PDF faylını alÇapE-poçt

      Share

           Azərbaycanda uşaqlara verilən adlardan bilmədiklərimi və az eşitdiklərimi öyrənməyə çalışırdım. “Limon xala”, “Göyərçin xala” kimi adları eşidəndə xəfif təbəssüm edərdim.

           Qazaxıstanda bir müəllimənin adının “Oğulbolsun” (oğlan olsun) olduğunu eşidəndə də üzümə təbəssüm yayıldı. Qazaxıstanda ardarda qız övladı olan atalar “artıq yetər” mənasında sonuncu dünyaya gələn qıza “Oğulbolsun” adı verirlərmiş.

           Bir mədəniyyətlə tanış olmağın ən asan yolu adlardan keçir. Osmanlılar parkı “məsirə” sözü ilə ifadə etmişlər. Məsirə “seyr etmək, axmaq, görmək” deməkdir. Park isə “dayanmaq, gözləmək” kimi ətalət ifadə edir. Kəlmə mənasına görə məsirə dirilər, park ölülər üçündür. Məsirə və park hər ikisi məkan olaraq eyni yeri göstərsə də, arxalarındakı mədəniyyət tamam fərqlidir.

           Məktəblərin açıldığı ilk həftə sinif dəftərindəki şagirdlərin adlarından ailə profilini anlamağa çalışıram. İlk dərsdə hər şagird ad, soyad, ata adı və yaşadığı yeri söyləyib yerinə oturur. 2000-ci illərin əvvəllərində Abdussaməd Vahabov deyərək özünü təqdim edən ağ bənizli, bir az da sarışın tələbə diqqətimi çəkdi. Adının mənasını soruşdum, nə mənaya gəldiyini dedi. Atasının da adının Abdurrahman olduğunu söylədi. Abdurrahman oğlu Abdussaməd… Fərqli bir ailə olmalıdır hər halda…

           “Dağ dağa rast gəlməz, insan insana rast gələr”,- deyiblər. Abdussamədin atası Abdurrahman dayı və Abdurrahman dayının da atası Əmrullah baba ilə tanış olduq əlhəmdulilləh.

           Əmrullah dayı Əliabad qəsəbəsinin müəzzinidir. Hədisi-şərifdə müəzzinlərin qiyamət günü insanların ən uca boylusu olacağı bildirilir. (Müslim) Əmrullah dayı qiyaməti gözləmədən Darçın ətirli məscidin və qəsəbənin ən uca boylu və heybətli kişisi olmuşdu. İri papağı heybətini bir az da artırırdı. Rəsulullah (s.ə.s) başqa ölkələrə elçi göndərəcəyi vaxt elçinin boy-buxunlu, yaraşıqlı və heybətli olmasına diqqət edərdi. Osmanlıda da camelərə imam və müəzzin təyin edəcəyi zaman fiziki xüsusiyyətlərə və zahiri görünüşə diqqət olunardı. İmam və müəzzin qəlbli, qəlibli, heybətli və fiziki cəhətdən kamil olmalıdır. Əmrullah dayı gənc yaşlarında İslam dinini öyrənməyə və yaşamağa can atırmış. Gənclik illərində qurtuluşub İslama təslim olmaqla mümkün olduğunu görüb tez-tez: “Ya Rəbb, İslamı yaşamaq və Quranı öyrənmək üçün qəlbimə genişlik ver”,- duasını təkrarlayarmış.

           Saleh insanların əsas xüsusiyyətlərindən biri kimi daim üzlərində təbəssüm olması qeyd edilir. Allahı tapan, Allahla olan və yar ilə bayram edən insanlar qaş-qabaqlı ola bilərmi? Əmrullah dayı da Rəsulullah (s.ə.s) kimi təbəssüm əhlidir. Haqq dostlarından Mahmud Sami Ramazanoğlu haqqında daim dizi üstə oturduğu, dirsəklənərək və ya sərilərək oturmadığı deyilir. Hər tərəfi məscid olan yer üzündə və şah damarından daha yaxın olan Allahın hüzurunda olduğu (ehsan) şüuruna nail olan insanlar, əlbəttə ki, digərlərindən fərqlənəcəkdir. Əmrullah dayı da Sami Əfəndi həzrətləri kimi yemək yeyərkən, çay içərkən və söhbət edərkən də dizi üstə oturardı.

      Nazim Hikmət rəssam Abidin Dinodan soruşur: “Xoşbəxtliyin tablosunu çəkə bilərsənmi?”. Abidin Dino da cavabında yazdığı şeirini “xoşbəxtliyin tablosunu çəkməyə nə kətan çatar, nə də boya” sözləri ilə bitirir. Hər ikisi üçün xoşbəxtlik əlçatmaz, tərifi imkansız və çəkilməsi mümkünsüzdür. Xoşbəxtliyin əlçatmaz və tərifəsığmaz olmasının səbəbi Allahsız düşünməkdir. Üz cizgilərində iman məhəbbəti, mərifət, qarşılıqsız sevgi və səcdə izi görünən hər insan “bax budur xoşbəxtliyin tablosu” dedirdir. Təsbeh çəkən, yetim başı oxşayan, acları doyduran, çılpaqları geyindirən, səcdə edən hər mömin xoşbəxtliyin ətə və sümüyə bürünmüş halıdır. Nazim Hikmət ətrafında bir neçə “insan kimi insan” görsəydi, xoşbəxtliyin tablosunu çəkdirməyə çalışmazdı. İnsan özündə və ətrafında olmayanı istəyər.

           “Ey iman edənlər, özünüzü və ailənizi atəşi insanlar və daşlar olan cəhənnəmdən qoruyun” (ət-Təhrim, 6) ayəsi ilə əməl edən Əmrullah dayı bütün uşaqlarının (10 övlad) Quran öyrənməsinə səbəb olmuşdur.

           2013-cü ilin 27 dekabrında vəfat edən Əmrullah dayı inşallah “ey aram tapmış nəfs Rəbbinə dön, qullarımın arasına daxil ol. Allah səndən, sən də Allahdan razı olaraq cənnətimə gir”. (əl-Fəcr, 27-30) əmrini eşitmişdir.

           Cənazə namazında imam vəfat edəni necə tanıdıqlarını camaatdan soruşar: Camaat da: “yaxşı adam kimi tanıyırdıq”,- deyər. Biz də uzaq diyarlardan mələkləri şahid tutaraq “Əmrullah dayını yaxşı adam kimi tanıyırdıq, məkanı cənnət olsun”,- deyirik.

           Əmrullah dayı və Əliabadlı Musab üçün bir fatihə, üç ixlas... 

      • Hits: 955 clicks

      Tecox component by www.teglo.info