Alpay Əhməd/ Suriya danışıqları II Cenevrə görüşü ərəfəsində

    PDF faylını alÇapE-poçt

      Share

           Suriyada bombardman nəticəsində ağır yaralanmış üç yaşlı uşağın dediyi son sözlər: “O biri dünyayada sizlərdən Allaha şikayət edəcəyəm”.

           Yaxşı xatırlayıram, təxminən bir il əvvəl, Suriyada döyüşlərin şiddətli mərhələyə daxil olduğu vaxt, Reuters agentliyinin xanım köşə yazarlarından biri bu ölkəyə xaricdən hərbi müdaxilə olmayacağı təqdirdə 90-ların əvvələrində keçmiş Yuqoslaviya Federasiyası ərazisində olduğu kimi, yaranmış hərbi böhranın həll edilməsi istiqamətində heç bir danışığın, ya vasitəçilik missiyasının fayda verməyəcəyini bildirmişdi.  Məlum olduğu kimi, 22 yanvarda İsveçrənin Montrö şəhərində, - ilk görüş Cenevrədə keçirildiyindən formal olaraq növbəti danışıqlar II Cenevrə danışıqları adlanılır, -  böhranın çözülməsi üçün növbəti danışıqlar prosesinə start verilməlidir.

           Bu tarixə qədər barmaqla sayılacaq günlər qalmaqdadır. Amma mövcud reallıq nədən xəbər verir? Əgər iki il əvvəl bəlkə də ən azından, nəzəri olaraq Əsəd rejimi və müxalifət arasında danışıqların müsbət nəticə verdiyinə inanmaq ya ümid bəsləmək olardısa, indi bunu ağla gətirmək belə mümkün deyil.

           Məsələ burasındadır ki, daxili münaqişənin daha kəskin həddə keçməsi mərhələsində belə müxalifət qüvvələri müəyyən dərəcədə yekcins idi. Onda B.Əsəd rejiminə qarşı əsasən dünyəvi dövlət tərəfdarlaı olan və hal-hazırda Suriya Milli Şurasının hərbi qanadı olan Azad Suriya Ordusu və bu ordu ilə birgə hərbi planlarını koordinasiya edən ayrı-ayrı mücahid qruplaşmaları vuruşurdusa, son ayların mənzərəsi son dərəcə acınacaqlıdır.

           Keçən ilin noyabrında altı mücahid qruplaşması birləşərək, İslam Cəbhəsi (qeyri-rəsmi məlumatlara görə 40 minə yaxın döyüşçünü birləşdirən) adlı bir qurum yaratdılar və üstəlik, mətbuat üçün verdikləri bəyanatda Qərbin legitim müqavimət hərəkat kimi tanıdığı və danışıqlar apardığı Suriya Milli Şurasının Suriya xalqının legitim ifadəçisi kimi tanımadılar. Ölkədə şəriət qanunvericiliyi əsasında dövlət qurmağı qarşısına məqsəd qoyan İslam Cəbhəsi üstəliik, qısa müddət ərzində ölkənin şimalında mühüm strateji qələbələr də əldə edə bildi. Lakin keçən ilin dekabrından başlayaraq Hələb və Suriyanın Türkiyə ilə həmsərhəd şəhərlərində İslam Cəbhəsinə aid qruplaşmalarla Əl-Qaedəyə bağlı radikal sələfilər olan İraqda və Şamda İslam Dövlətinə (İŞİD) bağlı döyüşçülər arasında şiddətli döyüşlərin başlaması rejimə qarşı birgə mübarizəyə zərbə vurmuş oldu. Artıq hər iki tərəfdən onlarla, bəzi qaynaqlara görə yüzlərlə insanın ölümünə səbəb olan döyüşlər səngimək bilmir. İŞİD tutduğu ərazilərdə əhalinin narazılığına səbəb olan sərt qanunlar (məsələn, musiqinin, siqaret çəkməyin qadağan olunması) tətbiq etdiyindən bu yaxınlarda onlarla döyüşən digər sələfi qruplaşması olan Əhrar-əş-Şamın sözçüsü Həsən Əbud Əl-Cəzirə televiziyasına verdiyi intervüdə hətta məcbur olub bu cür qaydaların tətbiq olunmasının ümumi hərəkata ziyan gətirəcəyini bildirmişdir.

           Digər tərəfdənsə, müxalifətdaxili çəkişmələr nəticəsində onsuz da xeyli zəifləmiş və demək olar, əhali arasında dayaqlarını itirmiş Suriya Milli Şurası belə Cenevrə danışıqlarında böyük tərəddüdlərdən sonra iştirak etməyə razılıq vermişdir. Artıq indidən bəllidir ki, Şura yenə də əvvəlki kimi şərt olaraq Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edəcəkdir.

           Danışıqlar öncəsi bütün maraqlı tərəflər arasında ziddiyyət doğuran məqamlardan biri də İranın bu görüşlərdə iştirak etməsi məsələdir. Müxalifətin və onu maliyyələşdirən dövlətlərdən biri olan Səudiyyə Ərəbistanının qətiyyən razılaşmadığı, ancaq ABŞ-ın, israrla Rusiyanın və hətta müxalifətə dəstək verən Türkiyənin belə İranın bu danışıqlarda iştirakına loyal yanaşması böhranın daha da dərinləşəcəyindən xəbər verir. Digər tərəfdənsə, İrana loyal münasibət bəsləyən rəsmi Ankara hələ də Suriyanı yaxın gələcəkdə Əsədsiz görmək istədiyini açıq şəkildə bildirməkdədir.

           Beləliklə, II Cenevrə danışıqlarının nəticələrinin uğursuz olacağı elə indidən bəllidir və sözün düzü, bu formatda görüş keçirilməsinin heç bir mənası yoxdur. Masa arxasında oturan hakimiyyət və müxalifət nümayəndələrinin qarşılıqlı ittihamlarından başqa mətbuatdan yeni bir şey eşitməyəcəyik: müxalifət yenə elan edəcək ki, baş verən qanlı hadisələrə görə əsas məsuliyyəti Bəşər Əsəd daşıyır, ona görə ilkin addım olaraq o təcili istefaya getməlidir. Əsəd nümayəndələri isə cavab olaraq deyəcəklər ki, biz terrorçulara qarşı mübarizə aparırıq və son günlər şimalda Hələb və digər şəhər uğrunda islamçı qruplar arasında gedən şiddətli döyüşlər də hakimiyyətin haqq yolunda olduğunu bir daha sübut edir.

           Beləliklə, onsuz da işıq ucu görünməyən Cenevrə danışıqlarını tərəflər nəticəsiz tərk edəcəklər. BMT-nin və Ərəb Liqasının münaqişə üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi, eləcə də Qərb ölkələrini təmsil edən vasitəçilər diplomatik etiketə uyğun sifətlərinə təbəssüm maskası taxıb yalandan mətbuat nünayəndələri üçün keçirdikləri brifinqdə deyəcəklər ki, danışıqlarda prinsipial nəticə əldə edilməsə də, tərəflər müəyyən məsələlər üzrə yaxınlaşmağa nail ola bilmişlər. Müxalifət nümayəndələri isə media qarşısında özlərini daha təbii aparacaqlar, -kədərli tonda skeptik bəyanalarla kifayətlənəcəklər. Və görüş başlayıb bitənə, diplomatlar danışıqların keçirildiyi otelin işıqlı və isti zalını tərk edib maşınlarına oturana qədər... bundan sonrakı günlər, aylar ərzində Suriyada partlayışlar, qətllər davam edəcək, - bir sözlə, təəssüf ki, indiki şərtlər daxilində münaqişəni dayandırmaq perspektivindən belə danışa bilməyəcəyik.

      • Hits: 934 clicks

      Tecox component by www.teglo.info