155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Axirət Şüuruna Yiyələnən Bir Nəsl / Şəmsəddin KIRIŞ

      Share

      Allah Təala insana hafizə və xəyal qurma kimi iki qabiliyyət bəxş edib. İnsan hafizəsi və xəyalı olan varlıqdır. Hafizəsi keçmişə, xəyalı isə gələcəyə yönələrək işləyər. Hafizəmizdə bizi ən çox təsirləndirən şeyləri saxlayarıq. 

      Gələcəyə aid ümidlərimizin də əvvəlcə xəyalını qurar və onları ifadə etməyə çalışarıq. İnsanların fərd olaraq hafizələri olduğu kimi millətlərin də hafizələri vardır. Tarix bir millətin hafizəsidir. Millətin müştərək dəyərlərinə təsir edən bütün hadisələr orada cəm olub. Bir fərd olaraq xəyallar qurduğumuz kimi millət olaraq da xəyallar qurarıq. Millətlərin qurduğu xəyallar əsasən gənclik barəsində olur. Çünki gələcəyə çiyin verəcək insanlar onlardır. İstiqbalı müəyyənləşdirəcək insanlar onlardır. Gələcəyin toxumu gənclikdə gizlənmişdir. Gələcəkdə yetişəcək nə cür toxum səpəcəyik? Bu toxum nə cür meyvə verəcəkdir? Soruşulacaq əsl sual elə məhz budur.

      Yaşadığımız qlobal informasiya əsrində xarici aləmin daxili aləmə təsiri hər fərd üçün daha çox artmışdır. Xarici aləmimizdəki uyuşmazlıqlar eynilə daxili aləmimizə əks edir. Daxili aləmimizi tərtəmiz etmək olduqca çətinləşmişdir. Bu yalnız uşaqlar və gənclər üçün deyil, yaşlılar üçün də belədir. Yaşadığımız əsrin əsas problemləri olan siyasi və mədəni ziddiyyətlər, iqtisadi çətinliklər və sairə insanların daxili aləmlərindəki xəyallarını, hissiyyat və təsəvvürlərini mənfi şəkildə təsirləndirir. Buna görə, gəncliyin mənəvi problemləri ilə bərabər maddi problemlərini də əhatəedici nöqteyi-nəzərə sahib olmalıyıq. Böyük Allah dostu Əhməd Yəsəvi yetişdirib Anadoluya göndərdiyi dərvişlərinə iki şeyi şərt qoyardı. Birincisi, bir sənət sahibi olmaq və o sənəti ən gözəl, ən dürüst işlətmək, ikincisi də Hz. Peyğəmbərin sünnəsinə uyğun olaraq nümunəvi, faydalı insan kimi yaşamaq. Xacə Əhməd Yəsəvinin bu üsulu onun maddə ilə mənəviyyatı əhatəedici mövqeyə sahib olduğunu göstərir. Insanların qarnını, ağlını və qəlbini doyduracaq nöqteyi-nəzərdən məsələyə baxmaq lazımdır. Bunun ip ucları tariximizdə mövcuddur.

      Bəli, gənclik hara gedir? Qlobal kommunikasiya, qlobal informasiya əsrindəyik. Insanlar arasında maddi məsafələr qısaldı, ancaq mənəvi məsafələr uzandı. Dostluqlar mənasını itirməyə başladı, dəyərlər aşındı. Qəlbimizi və beynimizi mühafizə etmə gücümüzü itirməyə üz qoyduq. Qlobal çirklənmə əsrimizin ən böyük reallığı olmağa başladı. Təəssüflər olsun ki, gənclik qlobal çirklənməyə məruz və onunla qarşı-qarşıyadır. Mənəvi yanğın hər tərəfi bürüyüb. Buna görə, içərisində olduğumuz mənfi haldan ən çox təsirlənən gəncliyə əl uzatmaq, yarasına məlhəm sürtmək, dərdinə dərman olmaq lazımdır. Gəncliyin bu böyük dərdinin dərmanı imandır. Iman insanın maddi dünyasını da əhatəedici praktik həll yollarını göstərir. İmanda həzz, imanda ləzzət, imanda bərəkət vardır. Pulun verdiyi zövq gəlib-keçici, imanın verdiyi həzz isə daimidir, əbədidir. Gəncliyə ən böyük ehtiyacının iman olduğunu, dərdinin əsl dərmanının iman olduğunu söyləməyin məsuliyyəti böyükdür.

      Gəncliyin içərisində olduğu mənəvi problemlərdən bəhs edərkən din təhsili haqqında da bir neçə kəlmə demək zəruridir. Din təhsili olmazsa gənclik mənəvi qidasını necə alacaq? Dini təhsil olmazsa bu mümkün deyildir. Din təhsili zəruridir, lakin din təhsilinin qarşısındakı ən böyük maneə də zehni qarışıqlıqlardır. Din təhsilinin vacibliyi mövzusunda zehinlər aydın deyil, hələ həllini tapmayan suallar mövcuddur. Halbuki bu mövzunun başa düşülməyəcək bir tərəfi yoxdur. İmansız nəsillə bir millət haraya qədər gedə bilər? Ruhaniyyəti olmayan bir millət gələcəyə necə ümidli baxar, haramxorluq və rüşvətxorluq kimi pozulmaya, çürüməyə aparan xəstəliklərlə necə mübarizə edə bilər? Çatmaq istədiyi uca hədəfləri olmayan millət ayaq üstündə necə dayana bilər? Din və ya din təhsili deyiləndə insanların şüurlarında o dəqiqə siyasi siqnallar çaxmasa, əksinə "din həqiqəti" nə uyğun yanaşma oyansa bütün insanlıq üçün daha xeyirli olmazmı? İnsanlar bu gün qarşılaşdıqları problemlərin əsl səbəbinin mənəviyyat olduğunu bilərək bu mövzunu ələ alsalar daha gözəl olardı. Bu ölkənin ziyalıları zehinlərindəki siyasi, iqtisadi və mədəni təsəvvürlərin fövqündə dinə yanaşmasalar din təhsili problemini tamamilə həll etmiş olmazlar. Din təhsili də bəlkə bu səbəblə "həqiqi" ehtiyacdır. Din təhsili mövzusunda da əvvəla zehinlərindəki qabaqcadan hasil olan mənfi rəyi tərk etməsələr bu problemi həll edə bilməzlər. İman mövzusuna yenidən sağlam şəkildə yaxınlaşmasalar bu mövzunu anlaya bilməzlər.

      Qurani-Kərimin təqribən üçdə ikisi axirət inancından bəhs edir. Axirət inancı Quranda çox əhəmiyyətli yer tutur. Bəzi surələrin adları axirəti xatırladır. Əl-Qiyamə, əl-Haqqə, əl-Vaqiə, əl-Qariə kimi surələr eyni həqiqətdən bəhs edir; yaşadığımız kainat bir gün dağılacaq və qarşımızda təptəzə aləmin qapıları açılacaqdır. Cənabı Allah mövzunu axirətlə bağlamaqla insana çox əhəmiyyətli mesaj verir. Bu mesajın ifadə etdiyi məna budur: Ey Bəşər övladı! Axirətə imanında zərrə qədər tərəddüdün olmasın. Axirət sənə hal hazırda uzaq görünsə də unutma ki, sən oraya bir gün mütləq gedəcəksən.

       

      • Hits: 1164 clicks

      Tecox component by www.teglo.info