İbrahim EROL\ SEYİD YƏHYA MƏHƏBBƏTİ

    PDF faylını alÇapE-poçt

      Share

           Bir çox şair və ədəbiyyatçı eşq, sevgi və məhəbbət haqqında yazıb-pozarlar. Bunlardan bəziləri su üstünə yazılan yazılar kimidir. Yox olub gedər. Lakin məhəbbət əhlindən çıxan sevgi və eşq şüaları illərə, əsrlərə meydan oxuyur. İllər keçdikcə daha da dəyər qazanır.

           Məhz bu könül əhli dostlarından biri də Seyid Yəyha həzrətləridir. XV əsrdə yaşasa da, o dövrdə əkdiyi sevgi fidanları bu gün belə mədəniyətimizin üzərində qoca bir çinar ədası ilə ətrafına həyat verməkdədir.

           "Məhəbbət sevənin sevdiyinə tabe olmasıdır"- deyə başlayar sözə Seyid Yəhya... Əgər iki insan arasında məhəbbətdən və sevgidən bəhs ediləcəksə, orada mütləq bir tabe olma halı mövcud olmalıdır. Sevən sevdiyinə tabe olmursa, onun yolundan getmirsə, sevgilinin yolunu öz yolu kimi hesab etmirsə, burada məhəbbətdən söz açmaq yersizdir. Hz. Peyğəmbərimiz (s.ə.s) də "İnsan sevdiyi  ilə bərabərdir"- deyərək bu həqiqəti izhar etmişdir. Məhz bu səbəblə Bədr müharibəsində iştirak edən əshabı-kiram İslam ümməti içərisində ən dəyərli, ən fəzilətli olaraq hesab edilir. Çünki onlar sevdiklərinin yolunda canlarını verəcək qədər vəfakardılar.

           "Məhəbbət Allahın öz dostlarının qəlblərində alovlandırdığı elə bir atəşdir ki, bu atəşlə qəlblərdəki şər duyğuları və pis niyyətləri yandırır". Bu ifadə  ilə ortaya qoymaq istənilən həqiqətlər çox diqqət çəkicidir. Birincisi, Məhəbbət Allahın bir nemətidir. Bu nemət isə Allah ilə dost olma yolunda səy göstərənlərə daha yaxındır. Məhəbbət həm bir nemət, həm də təsirli bir dərmandır. Bu dərman sevgili tərəfindən veriləndə qəlbdəki xəstəliklərə şəfa verir. Hətta bəzən Mövlana kimi əl açıb dövrə vurur.

           Aşiqin nəyi varsa, məşuqə fədadır

           Səma[1] səfa, cana şəfa, ruha qidadır...

           Seyid Yəhya (q.s) möminlərə bu ayəni xatırladıb məsələni daha da lazımlı vəziyyətə gətirir: "İman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir" (Bəqərə, 165). Ayədə keçən اشد حبا  (əşəddu hubbən) kəlməsi sevginin ən üst səviyyəsinə işarə edir ki, bundan artığını düşünmək qeyri-mümkündür. Yəni sevgi və məhəbbət üçün düşünüləcək ən yüksək səviyyə mütləq, Allaha həsr edilməlidir ki, eşq və məhəbbət gerçək məkanını və məqamını tapsın.

           Sevgilini sevmək demək sevgilinin sevdiklərini də sevməyi gərəkdirir. Bu baxımdan Seyid Yəhya bütün inananlara "Ali-İmran" surəsinin 31-ci ayəsini xatırladır. Bu ayədə Allahı sevən bir insanın Hz. Muhəmmədi (s.ə.s) də sevməsi və ona itaət etməsi istənilir. Sevən itaətkardır. İtaət etdiyinə qarşı boynu bükükdür. Bir yanlış hərəkətdən, xəta etməkdən qorxar. Bu tərk edilmə qorxusu deyil, əksinə sevgilisini incitməmək qorxusudur. Məhz bu həssaslığın adı da təqvadır.

           Təqva eyni zamanda "nə qədər səmimiyik?" sualına cavabdır. Çünki bizim dəyərimiz bu suala verəcəyimiz cavabla əlaqəlidir. Səmimiyyət dürüst olmaqdır. Ayənin ifadəsi ilə "düzgün" və ya "istiqamət sahibi" olmaqdır. Sevgidə səmimiyyətin, məhəbbətdəki israrın davamlı olması lazım gəlir. Bu, eyni zamanda hər iki tərəfin bir-birlərini davamlı xatırlamaları, heç unutmamaları mənasına gəlir. Sevənin dili yorulsa belə, qəlbi sevgilisiylə məşğul olacaqdır.

      Məhz buna görə XV əsrdə Qafqazdan qaynayan Seyid Yəhya adlı məhəbbət bulağının XXI yüzilliyin susuzluğuna çarə olmasıdır.


      [1] Mövləvilərin dövrə vuraraq Allahı zikr etməsinə "Səma" deyilir.

       

      • Hits: 1276 clicks

      Tecox component by www.teglo.info