155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Aqil ƏLİYEV\ FİRQƏLƏRƏ BÖLÜNMƏYİN

    PDF faylını alÇapE-poçt

      Share

           Allah-Təala müqəddəs kitabında belə buyurur: "...Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!"… (Şura, 13)

             Firqə sözünün mənası ayırmaq və bölməkdir. Siyasi və etiqadi məzhəblərə verilən termindir. Fərq sözünün kökündən törəyən bu dini termin ayələrdə eyni kökdən gələn buna bənzər kəlmələrlə istər dini, istərsə də sosial həyatda hər cür bölünüb-parçalanmağa qarşı olmağı ifadə edib, "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın..." (Ali-İmran, 103)- deyə buyurulan ayədə tövhid dini ətrafında birləşmək əmr edilmişdir. Yenə başqa bir ayədə: "(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar" (Ali İmran, 105)- deyə buyurulur və müsəlmanları xəbərdar etməklə, dində parça-parça olub firqələrə bölünənlərin acı aqibətini göstərməkdədir.

           Əsas şərt bundan ibarətdir ki, müsəlmanlar firqələrə bölünməkdən uzaq durmalı, Qurani-Kərimin kölgəsi altında birləşməli və Rəsulullahın (s.ə.s) sünnəsini və yaşayış tərzini nümunə götürməlidir. Uca Allah tərəfindən bizim üçün qoyulan yol budur. Qurani-Kərimdə belə buyurulur: "(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut..." (ər-Rum, 30)

           İnsanların niyə firqələrə bölündüyünü Uca Rəbbimiz iki mənfi xüsusla izah edir. Bunlar qısqanclıq və azğınlıqdır. Gəlin Qurani-Kərimə nəzər salaq: "Onlar yalnız özlərinə (tövhid haqqında) elm gəldikdən sonra aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər..." (Şura, 14). Elə bu həsəd və ədavət ucbatındandır ki, bu gün də insanlar cürbəcür firqələrə və qruplara bölünür və dində ikitirəlik salırlar. Bəziləri özlərini tövhidi və sünnəni ən yaxşı bilib əməl edən, bəziləri özlərini Rəsulullahın (s.ə.s) Əhli Beytini (ailəsini) ən çox sevib onları təqlid edən kimi qələmə verir, hətta bəziləri də ifrat və radikallıqda həddi əməlli-başlı aşaraq özündən başqa heç kimə müsəlman və mömin gözü ilə baxmır. Hər kəsə kafir damğası vurmaqla qeyri-müsəlmanların dəyirmanına su tökürlər. Bununla da özlərini təmiz müsəlman hesab edirlər. Bu yerdə mərhum M. Ə. Sabirin əsrin əvvəllərindən bu günə xitab edən şeirini xatırlayırsan:

       

           Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,

           Doludur lənət ilə, qeybət ilə söhbətimiz.

           Oxumaqdan payımız yox, yazıdan qismətimiz,

           Bu əvamlıqla belə hər sözü təfsir edəriz,

           Mümkün olduqca müsəlmanları təkfir edəriz.

       

           Möminik keflənərik arzuyi-cənnət ilə,

           Oxumuşlar  adını yad edərik lənət ilə,

           Düşmənik elm ilə, insaf ilə, hürriyyət ilə,

           Biz bu əfsanələri cəhl ilə tənfir edəriz,

           Mümkün olduqca müsəlmanları təkfir edəriz.

       

           Halbuki, bütün müsəlmanlar qardaşdır. Əgər bir olan Allaha inanır, bir Quranı qəbul edir, eyni Peyğəmbərə inanır və eyni qibləyə qarşı namaz qılırıqsa, bəs niyə bir-birimizə ləqəblər qoyaraq “təltif” edirik? Allah-Təala buyurur: "Bu (tövhid dini islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!" (Muminun, 52). Bəzi fiqhi məsələlər üstündə mübahisə edib özümüzü niyə yoruruq, niyə enerjimizi və gücümüzü itiririk? Yaxşı mömin bölücü deyil, birləşdirici, nifrət etdirici deyil, sevindirici, sui-zənn sahibi deyil, hüsnü-zənn sahibi, mərhəmətsiz deyil, mərhəmətli, təkəbbürlü deyil, təvazökar, kobud və sərt deyil, mülayim olmalıdır.

           Allah-Təala ümməti-Muhammədi islah etsin! Amin!

      • Hits: 1119 clicks

      Tecox component by www.teglo.info