Rüfət ŞİRİNOV / ƏHLİ-BEYTİ SEVMƏK

    PDF faylını alÇapE-poçt

      Share

            Bütün möminlər Allah tərəfindən rəhmət timsalı olaraq göndərilən Hz. Muhammədin (s.ə.s) ümmətidir. Mömin şəxs Allahın əmrlərini və Peyğəmbərin (s.ə.s) həyat fəlsəfəsini özünə rəhbər seçən kimsədir. Bu mənada həyatın hər mərhələsində həm sevgi və nifrətdə, həm də dostluq və düşmənçilikdə Allah və Rəsulunun göstərdiyi yol bizim üçün meyar olmalıdır. Əks təqdirdə bağlılıqda qüsur yaranar və qaşı düzəltmək əvəzinə göz çıxartmış olarıq. Məhərrəm ayı ərəfəsindəyik. Buna görə də yazımızı O mübarəkin (s.ə.s) əhli-beytinin sevgisinə həsr etmək istəyirik. Bu yazımızda əhli-beyt sevgimiz necə olmalı, məqsədin xaricinə çıxılarsa, hansı təhlükələrlə üzləşə bilərik kimi suallara cavab axtarmaq istəyirik.

            Peyğəmbərin (s.ə.s) əhli-beyti ilə əlaqəli həm mənsubları, həm də fəziləti barəsində əsrlər boyu davam edən mübahisələr hələ də öz aktuallığını qorumaqdadır. Dəqiq olan odur ki, nə islam aləmi bu mübahisələrdən bir fayda əldə edə bilmiş, nə də ki, cəmiyyət kifayət qədər maariflənə bilmişdir. Tarixin hər dövründə bu mübahisələr öz qərəzliyini qoruyaraq obyektivlikdən uzaqlaşmışdır. Əlbəttə ki, yazımızda bu mübahisələrə yer verməyi düşünmürük və bu cədəlləşmənin İslam dini adına faydalı olduğunu da sanmırıq. Məhdud kəlmələrlə, az da olsa, fayda verəcəyini düşündüyümüz mübahisələrin təhlükəsinə diqqətləri cəlb etmək istəyirik.

            Həzrəti Peyğəmbərin (s.ə.s) aləmlərə rəhmət olaraq göndərilməsi kəlmeyi-şəhadəti gətirən hər kəsə məlumdur. Rəhmət demək, hər kəsə qucaq açmaq, hər kəsə Allahın məxluqu kimi baxmaq, hər kəsə Allahın rəhmət-mərhəmət sifəti ilə müamilə etmək deməkdir. Təfriqənin, təəssübkeşliyin, ayrı-seçkiliyin, kinin, nifrətin rəhmət sifəti ilə heç bir əlaqəsi yoxdur. Bunlar müsəlmana çox uzaq xislətlərdir. Rəhmət Peyğəmbəri (s.ə.s) heç bir zaman fikir ayrılığına, düşməyi istəməmiş, yuxarıda sadaladığımız xüsusiyyətlərə qapı açılmasını qəbul etməmiş, əksinə, ixtilafa aparan bu cür düşüncələrin yerini tərəqqiyə, birliyə verməsini təmənni etmişdir. Görəsən, düşmənçiliyə götürən sevgini rəhmətlə necə yan-yana gətirmək olar? Çünki düşmənçilik və sevgi bir-birinə zidd duyğulardır. Yəqin ki, təfriqə yaradan sevginin “sevgi” duyğusunu itirdiyini ifadə etsək yanılmarıq.

            Günümüzdə müsəlmanların qarşısında duran təhlükələrdən biri də Əhli-Beyt sevgisinin siyasiləşdirilməsi, bu mövzu ətrafında heç bir faydası olmayan mübahisələrin yaradılmasıdır. “Bəzi kimsələr”  bu sevgini eyni dəyərlərə sahib və eyni dəyərlərə inanan müsəlmanlar arasında düşmənçilik, təfriqə yaratma vasitəsi kimi istifadə etmə həvəsinə düşüblər. Nəticədə “Şübhəsiz ki, bütün möminlər qardaşdır” (Hücurat, 10) ayəsinin xitabı tamamilə tərsinə çevriləcək və müsəlmanlar əziləcəkdir. Əlbəttə ki, Rəhmət Peyğəmbərin rəhmətindən nəsiblənmiş heç bir mömin bu məkrli əməlin gerçəkləşməsinə imkan verməyəcəkdir.

            Həm şiə, həm də sünni alimlərinin qəbul etdiyi hədisə əsasən deyə bilərik ki, əhli-beyt sevgisi hər iki tərəfin qəbul etdiyi və önəm verdiyi mövzuların başında yer alır. Rəsulullah (s.ə.s) buyurur: “Mən sizə iki dəyərli əmanət qoyub gedirəm. Onlara sarıldığınız müddətdə zəlalətə düşməzsiniz. Bu iki əmanət Allahın kitabı və mənim Əhli-Beytimdir. Bu iki əmanət kövsər hovuzu üzərində mənə təkrar qovuşanacan bir-birindən ayrılmazlar. Baxın görək, məndən sonra onlara necə davranacaqsınız?” (Müslim, Hakim). Bu hədis bizi birliyə bərabərliyə dəvət edir. Ümumilikdə hədisi, xüsusi olaraq da əhli-beyt sevgisini təəssübkeşlik eynəyini çıxardaraq oxumaq və anlamaq lazımdır. Həzrət Peyğəmbərin (s.ə.s) məktəbində öyrədilən tərbiyə qucaqlayıcı, hər kəsi əhatə edici xüsusiyyətə malikdir. Bundan nəsibini alan hər kəsə rəhmət, mərhəmət qucağı açılar. Bu il yaşayacağımız məhərrəmliyin qəlblərimizdə daşıdığımız Əhli-Beyt sevgisinin bizim birlik, bərabərlik, qardaşlıq şüarımız olmasını təmanna edək Uca Allahdan. Əminliklə deyə bilərəm ki, Peyğəmbər (s.ə.s) Əhli-Beyt sevgisi üstündə müsəlmanlar arasında yaranan ayrılıqdan əsla razı qalmaz. Bu, onun rəhmət olması ilə təzadlıq təşkil edir. Çünki Əhli-Beyt bizi birləşdirən dəyərdir. Elə isə hər bir Əhli-Beyt aşiqi bir daha sevgisini rəhmət süzgəcindən keçirməli və saf sevgi əldə etməyə çalışmalıdır.

            Əhli-Beyt sevgisinin bütün müsəlmanlar arasında birləşdirici ünsür olması diləyi ilə aşura gününüz xeyirli, bərəkətli olsun!..

      • Hits: 1507 clicks

      Tecox component by www.teglo.info