Dr.Alpay ƏHMƏDOV / İSLAM LİBERALİZMİ, YOXSA ƏNDRƏBADİLİK?

    PDF faylını alÇapE-poçt

      Share

           Dəfələrlə müxtəlif fikir adamları ilə söhbətlərdə demişəm və düzünü deyim deməkdən (hələ ki) yorulmamışam: İslam və demokratiya, daha doğrusu, sonuncunun dünyada geniş vüsət alan liberal cərəyanı bir-birinə zidd ideologiyalardır. İslam ehkamlara, yeri gələndə bu və ya digər dərəcədə sərt qadağa və qaydalara əsaslanır. 

            Liberal demokratiya isə digərinin hüquqlarına və fiziki varlığına xətər yetirməyəcək dərəcədə söz, vicdan və fikir azadlığını müdafiə edir. Bu baxımdan, “İslam demokratik dindir” kimi söylənilən fikirlər, açığı, mənə bir az absurd gəlir.

           O ayrı söhbətun mövzusudur. Bəhs etmək istədiyim məsələ isə İslamda modernizm, müasirçilik ideyası altında inqilablar etmək istəyənlərdəndir. Qərbdə, elə Şərqdə də son on illər ərzində bir qrup müsəlman meydana çıxmışdır ki, bir yandan, İslamın müasir din olmasını dünyaya bəyan etmək, bununla da bir növ onun imicini qorumaq üçün dində islahatların keçirilməsi adı altında yeniliklər və ya teoloji dillə desək, bidətlər gətirirlər. Söhbət kişilərin qadın və ya homoseksual imamın arxasında namaz qılmağa normal, “tolerant” yanaşanlardan gedir. Belələrinin arasında bəlkə də niyyətləri düz olan cahillər də var, bunu təbii ki, dəqiq söyləyə bilmərik.

           Konkret olaraq bu yaxınlarda İndoneziyada hicablı xaınmlar arasında keçirilən gözəllik müsabiqəsindən danışmaq istərdim. Müsabiqə keçirildi, qələbəni qazanmış Nigeriyadan gəlmiş müsəlman xanım podiuma çıxıb kövrəldi, münsiflərə təşəkkürünü bildirdi, kövrələ-kövrələ “Fatihə” surəsini də oxudu, hələ axırda səcdəyə də getdi. Daha sonra mətbuatda məlumatlar getdi ki, bu müsabiqədə iştirak edən hicablı xanımlar Quran oxuyub, namaz qılırlar.

      Düzü, bu görüntüləri televiziyadan ya internetdən bir çox müsəlmanlar üçün üzüntü yaşatdı və çox güman, çoxlarında “bu qədər də olmaz axı” kimi reaksiyalar doğurdu. Opponentlik edən dünyəvilər o dəqiqə söyləcəklər ki, o qız, ya müsabiqə iştirakçıları nə günah işlədiblər ki, abırlı geyimdə səhnəyə çıxıblar, məgər İslam gözəlliyə yox deyir? Deyəcəklər ki, dünya müasirləşir, siz müsəlmanlar hələ də geri qalır, inkişaf edən dünya ilə ayaqlaşmaq istəmirsiniz. Lap axırda da məlum mənəviyyat postulatına söykənib deyəcəklər ki, başqasını suçlama, səni də suçlayarlar.

           Yox, İslamla bağlı elə məsələlər var ki, orada susmaq, passiv mövqe tutmaq heç cürə mümkün deyil. İstər-istəməz ilk ağla gələn sual bu olur. Yəni bu müsabiqəni keçirənlər elementar bir şeyi anlamırlar ki, gözəl müsəlman qadını ancaq onun əri üçün gözəl ola bilər. Hələ mən məsələnin daha dərin, başqa bir haramla bağlı olan aspektini, - müsəlman bir qadının müsabiqədə dünya üçün görüntülənən kadrlarından gördüyümüz kimi, Quran oxuması faktını qırağa qoyuram. Bir o qədərmi vacibdir ki, İslamın bu şəkildə müasirliyini göstərmək üçün belə bir müsabiqə keçirilsin? Yəni onların doğrudan, Peyğəmbərimizin (s.ə.s) “Görmək günah deyil, ikinci dəfə baxmaq göz zinasıdır” hədisindən xəbərləri yoxdur?

           Müsəlman müəyyən dövrün şərtlərinə uyğunlaşa bilər, amma İslamın baza prinsiplərini pozmamaq şərti ilə. Bunu edənlər hansı ictihad metodologiyasına söykənir, görəsən? Bu cür məntiqlə sabah hicablı xanımlar arasında mahnı, karate, boks yarışması da keçirmək olar.

           Düzdür, yuxarıda dediyimiz kimi, biz sürətlə qloballaşan dünyada yaşayırıq və çox zaman bu cür halları önləmək demək olar, mümkün olmur. Amma ən azından, hər bir savadlı müsəlmanın borcudur ki, liberal demokratiya ideoloqları görən nə deyər, axı biz dünyəvi dünyada yaşayırıq tənəsindən çəkinməyib öz etirazlarını açıq şəkildə bildirsin. Həm də ən azından, ona görə susmamalıyıq ki, belə dırnaqarası tədbirlərin baş tutmaması üçün adam öldürməyə fürsət axtaran qatil düşüncəli radikal müsəlmanların qeyri-adekvat cavablarını önləyə bilək.

      • Hits: 1230 clicks

      Tecox component by www.teglo.info