Eldar KƏRİMOV/ ATASIZ ATA OLMAQ

    PDF faylını alÇapE-poçt

      Share

      Saç-saqqalındakı ağlar çoxalmışdı. Üzündəki qırışlar arxada qoyduğu illərin iztirabından xəbər verirdi. Belindən tutan şiddətli ağrılar ağır işlər görməyə imkan vermirdi. Vaxtaşırı tutan bel ağrıları hərəkətini çətinləşdirirdi. Gözləri uzağı yaxşı seçmirdi. Dişlərini düzəltdirmək üçün bir neçə ilə həkim olacaq oğlunu gözləyirdi. Cibində olan pullar aylıq maaşından qalan qəpik-quruşlar idi.

       Ömründəki yuxusuz gecələrin çətinliyinə övladlarının səadəti üçün dözürdü. Pul və vəzifə üçün başqalarına ağız açmaz, qazancını halal zəhməti ilə qazanardı. Qıldığı namazların sonunda əllərini saatlarla göyə qaldırıb ailəsinin səadəti üçün Uca Allaha göz yaşları içərisində dua edirdi.  Övladlarını daha da yaxşı yaşatmaq istəyirdi, ancaq aldığı məvacib buna imkan vermirdi. Heç kimin yanında sınmalarını istəmirdi onların. Və beləcə illər bir-birinin ardına düşüb tərk edirdi bizləri.

      Hər istədiyimizi almağa çalışırdı, ala biməsə də bütün qazancını bizim oxumağımız üçün xərcləyirdi. Biz də onun iztirab çəkməməsi üçün çox zaman lazım olan şeylərimizi də özümüz bir yerlərdən işləyib həll edirdik. Biz işləsək də onun qəlbi buna razı olmurdu. Səhərlər yuxudan çətinliklə qalxıb işə tələsdiyim zaman dəfələrlə gözlərinin yaşla dolu olduğunun şahid olmuşdum. Ən böyük arzusu hər iki oğlunu ali təhsilə yiyələndirmək idi. Bütün çətinliklərə baxmayaraq o buna nail olmuşdu. Qardaşımla mən oxuduğumuz universiteti müvəffəqiyyətlə başa vurmuşduq. Çox az qalmışdı onun da xoş güzəran görməyinə. Özü də hamıdan çox sevinirdi bizim uğurlarımıza. Bizim əlimiz universitetdən sonra yaxşı bir işə çatdığı zaman o artıq işləməyəcək və anamın cehiz olaraq gətirdiyi mütəkkələrə bel qoyub nəvələrilə oynayacaqdı. Hər zaman bu xəyallarla yaşayardı. Məhəllədə qucağında nəvəsilə gəzən babalara qibtə edərdi. Öz nəvələrini qucağına alıb gəzəcəyi günləri gözləyirdi.

      Amma yox, bütün bunlar onun və bizim istədiyimiz kimi olmadı. Ən maraqlı filmlərin ortasında sönən işıqlar bizim də həyat filmimizin ortasında öz adətini unutmadı. Ölüm mələyi onun qarşısını gözləmədiyi bir zamanda kəsdi. Bəlkə də bundan sonra daha çox yaşayacağını düşünürdü. Hələ gözəl günlərin qabaqda olduğuna ümid edirdi. Axı çox əziyyət çəmişdi bu dünyada. Onun da bir az dincəlməyə, xoş günlərin təravətini hiss etməyə haqqı var idi.  Yaradan üçün sevirdi yaradılanları. Hər kəsin sevincinə uşaq kimi sevinər, kədərinə sevinc qatmağa çalışardı. Uşaqla uşaq, böyüklə böyük kimi davranardı. O, hamını sevdiyi kimi hamı da onu sevirdi.

      Sən demə addım-addım yaxınlaşırmış ölüm mələyi. Cümə gün idi. Normal günlərdən bir gün. Yenə həmişəki kimi yorğun halda işdən, axşam növbəsindən gəlmişdi. Bir az dincəlib cümə namazına gedəcəkdi. Ancaq olmadı. Kürəyində hiss etdiyi istilik onu narahat etmişdi. Son nəfəsini verdiyində cümə namazının azanı oxunurdu. Anam inanmırdı bütün bu olub-bitənlərə. Necə ola bilərdi bir neçə dəqiqə əvvəl birlikdə oturub çay içdiyi otuz illik həyat yoldaşı gözlərini bu dünyaya əbədi yummuşdu. Son nəfəsində saatı soruşmuşdu. İllərlə arzusunda olduğu və xəyal etdiyi gözəl günləri görmədən axirət yolçuluğu başlamışdı.

      Bəli, həyat budur. Hər gün minlərlə aldığın nəfəsi bir gün ala bilməmək. Deyəcəyin sözləri deyə bilmədən susmaq. Göz qapaqların bağlanarkən dünya işığına əbədi göz yummaq. Çox zaman istədiklərini əldə edə bilmədən getmək. Övladlarının xöşbəxtlikləri üçün öz xoşbəxtliyini unutmaq. Uğrunda canını fəda etdiklərini son nəfəsdə yanında görə bilməməkdir həyat. Atasız ata olmaqdır ən çətin olanı. Sənə ata deyildiyi zaman sənin ata deyəcək birinin olmamasını düşünməkdir fəlakət. Hər zaman gücünə arxalandığın, hamıdan güclü hesab etdiyin və ən çətin anlarında yanında olan bir insanın indi əlçatmaz uzaqlarda olmasıdır qəddimizi bükən.

      Bir həqiqəti də unutmamaq lazımdır. Belə ki, ən mahir oğru həyatın özüdür. O, səndən sevdiklərini, zamanını və hətta səni səndən oğurlayar. Qəribəsi də orasındadır ki, bundan sənin heç xəbərin belə olmaz. Və bu misralarla bitirirəm atasızlıq hisslərimi...

      Atam yoxdur;

       tutan yoxdur əlimdən.

      Başıma vurub; hər şeyi alan çoxdur əlimdən.

      Atam yoxdur;

      xəyalı gözlərimdə.

      Onsuz taqətsiz qalıb; əyilməz dizlərim də.

      Atam yoxdur;

      dünya mənə dar oldu.

      Düşmənimin qəlbində dar ağacım quruldu.

      Atam yoxdur;

      bəlkə məni atasız.

      Mən oğlumun gözündə bir atayam atasız.

      • Hits: 984 clicks

      Tecox component by www.teglo.info