155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Adəm ŞAHİN / İRFAN, SƏKSƏN VƏ TƏTİL

    PDF faylını alÇapE-poçt

      Share

           Böyrü üstə yatmış səkkiz rəqəmi riyaziyyatda sonsuzluğun simvoludur. Səksən rəqəmi də balaca uşaqların xəyal dünyasındakı ən böyük saydır. 70 şar, 90 top deməkdənsə, səksən deməyi üstün tutarlar. “Bu gün səksən dənə konfet yedim” kimi cümlələr qurarlar.

           Sonsuzluq aləminin giriş qapısı olan qəbirlər də sonsuzluğun simvolu olan səkkiz rəqəmiylə əlaqədardır. Türkcəmizdə yerdə uzanmaq, ölmək və ya istirahət etmək mənasında “iki səksən uzanmaq” kimi deyimlər var. Türkiyədə məzarların standart ölçüsü: uzunluğu 2 metr, eni 80 sm, dərinliyi 1,5 metrdir.

           Fransız yazıçı Jüll Vern “Səksən gün dünya ətrafında” adlı romanında hava şarı ilə dünya səyahətindən söz açır. Uşaqlara və gənclərə xitab edən əsərində 50, 100 kimi yuvarlaq rəqəmlər işlətmək yerinə səksən rəqəmini işlətmişdir.

           365 gün hər insan üçün bir yaş deməkdir. Jurnal üçün isə işıq üzü görən hər bir say bir yaş deməkdir. Hələ dünən doğum sancısı çəkərkən, adının nə olacağı haqqında müzakirələr gedən İrfan dünyaya gəlmiş, böyümüş, səksəni haqlamış və səksən sayı ilə dünya səyahətini tamamlamışdır.

           Səksən gün ərzində dünya səyahətini başa vuran İrfan tətil nədir bilmədi. Hər zaman çalışdı, “dünya çalışmaq yeridir, istirahət qəbirdə olacaq” düsturunu mənimsədi. Yaşayan insanın damarlarında axan qan yavaşlasa da, dayanmaz. Mn illərlə fırlanan dünya nə zaman nəfəsini dərmək üçün dayanıb ki? Uca Allah dünyanı idarə etməkdən, yaratmaqdan, nəzarət etməkdən və hesaba çəkməkdən bir anlıq vaz keçsə, var olan nizam və sistem altüst olar, xaos yaşanar.

           İrfan jurnalı Allah deyir, Allah üçün olduğunun və Allaha dönüləcəyinin şüurunda olduğu üçün “Allah hər gün bir işdədir” (ər-Rəhman, 29) ayəsinə görə yaşayır. İrfan hər ay hazırlanır, bəzənib-düzənir, ən gözəl paltarlarını geyinir. Bütün dünyanı çəscid olaraq görür və Qurana görə məscidlərə gedərkən bəzənmək lazımdır. “İrfan” elmdə, irfanda, əxlaqda, mərhəmətdə, ata-ana və topluma qarşı vəzifələrdə, insanlıqda və sevgidə tətil olmadığının fərqindədir. “Bir işi başa vurduğun zaman başqasına başla” (əl-İnşirah, 7) ayəsinə görə yaşayır. Bir nömrəsini çıxardığı zaman dərhal yeni sayının hazırlığına başlayır. Səksən sayına belə gəldi.

           Tətili iş dəyişikliyi, elmi və dünyagörüşünü artırma olaraq başa düşmək lazımdır. İslamda təşviq edilən və “səfərə çıxın, sağlam olun” hədisindəki səyahət əmri dünya görüşünü artırma, qaynayıb-qarışma və ibrət olmaq kimi dəyərləndirilməlidir. Bu hədəfi nəzərdə tutaraq səyahətə təşviq edən iyirmiyə yaxın ayə var: Ənkəbut 20, Nəml 69, Ənam 11, Ənfal 137, Nəhl 36, Həcc 46, Rum 9, Ali-İmran 137, Muhamməd 10, Fatir 44, Mumin 21 və 82. Sağlıq və mədəniyyət məqsədi ilə turizmə çıxmaq olar, amma günah və Allaha üsyan üçün turizm olmaz.

           Bizə belə öyrətdilər ki, yəhudilər şənbə günü, xristianlar bazar günü, müsəlmanlar isə cümə günü tətil edərlər. Cümə surəsinin 9-11-ci ayələrində cümə namazına tələsmək əmr edildikdən sonra namazın ardından “yür üzünə səpələnin və Allahın lütfündən qismətinizə düşəni axtarın” deyilərək tətildə belə çalışmaq əmr edilmişdir. Tamamən işsiz keçirilən həftə sonu tətil anlayışı hətta İslamda tətil günü olduğu söylənən cümə günündə də yoxdur.

           Qəribə burasındadır ki, dindən uzaq olanların tətil anlayışında yayda daha isti yerlərə - dəniz kənarına, qışda isə daha soyuq yerlərə - buz oyunları oynamağa getmək var. Antalya, Alanya, Adana kimi yerlərə sırf dənizə girmək üçün getmək o yerlərin itsisini, ağcaqanadını, nəmişliyini yaşamaq beyini işğal edilməmiş insanlar üçün zülmdən başqa bir şey deyil. Köçəri quşların soyuq yerlərdən isti ölkələrə köç etməsi sekulyarizmin tətil anlayışından daha məntiqli və doğrudur.

           “İslamda tətil yoxdur” deyərkən İslam istirahət etməyi qadağan edir demirik. Ən yaxşı istirahət adamın öz evində olur. Evində istirahət edə bilməyən insanı dünyanın heç bir yeri rahatlada bilməz. Cənnət evdir, ev də cənnət. “Allah sizin evlərinizi sükunət və rahatlıq tapma yeri qıldı”. (ən-Nəhl, 16)

           Tətillərdə çox uzaqlara getmək və tez-tez tətilə çıxma ehtiyacı hiss etmək evdə itirilən cənnəti çöldə axtarmaqdır. Bu, Molla Nəsrəddinin itirdiyi iynəni işıqlı yerdə axtarmasından fərqlənmir: Molla Nəsrəddin bir gün itirdiyi iynəni evin doqqazında axtarır, amma tapa bilmir. Qonşusu iynəni harda itirdiyini soruşur. Cavab verir: “Tövlədə”. Qonşu təəccüblə “Tövlədə itirdiyini tövlədə axtarmalısan, ay molla!” deyir. Molla Nəsrəddinsə bu cavabı verir: “Amma bura daha işıqlıdır”. Tətilə çıxanlardan soruşmaq lazımdır: “Yaşadığın yerdə nə itirdin ki, onu tətildə axtarırsan?”.

           Bu aləmdə var olma qayəsini dinlənmək kimi görənlər dəliksiz yuxu ardınca düşmüş, zövq və əyləncədən vaz keçə bilmirlər. Mən DİNlənmək üçün yaradıldım deyənlər də yuxularını namazla, mədəsini orucla, sərvətini zəkat və sədəqə ilə dəlirlər. Milyonlarla adam dinlənmək üçün dənizlərə, dağlara getdiyi halda DİNlənmək istəyənlər türbələrə, Məkkə və Mədinəyə, söhbətlərə və nurlu insanlara can atırlar.

           İrfan jurnalı bir ömrə bərabər olan 80 nömrəsində oxucularını DİNləndirməyə çalışdı. 80 saydır ki, mərhəmətsiz, ədalətsiz, sevgisiz, mürşidsiz olmaz deyə nida etdi. DİNlənən eşitdi, dinlənənlərsə yatmağa davam etdi.

           “İrfan, doxsan və üç aylar” yazısı ilə 2014-cü ilin may ayında burada görüşmək ümidilə…

      • Hits: 1216 clicks

      Tecox component by www.teglo.info