Aqil ƏLİYEV / ETDİYİMİZ ƏMƏLLƏRƏ ARXAYIN OLMAMALIYIQ

    PDF faylını alÇapE-poçt

      Share

           Rəsulullah (s.ə.s) bir hədisində belə buyurmuşdu; “ İsrail övladlarından iki nəfər var idi. Biri günahkar, digəri isə ibadətlə məşğul olan abid bir kişi idi. İbadət edən adam bir gün günahkar adama günah işlədiyi yerdə rast gəldi. Gəl bu günahından əl çək dedi. Bir gün yenə onu günah edərkən gördü. Yenə ona bu işdən əl çək dedi. Günahkar isə; “Məni Allahla başbaşa qoy. Sən mənə müfəttiş təyin olunmusan?” dedi. İbadət edən isə; “ Vallahi Allah səni bağışlamaz və yaxud cənnnətə qoymaz .” dedi. Bunlar ikisi də vəfat etdi və Rəbbbulaləminin qarşısına çıxarıldılar. Allah (c.c.) ibadətlə məşğul olana: “Sən mənim əlimdə olana qadirsənmi? dedi. Günahkara da; “Get rəhmətimlə cənnətə gir” buyurdu. İbadət edən üçün də; ”Bunu atəşə aparın.” deyə əmr etdi. Bu hədisi rəvayət edən Əbu Hüreyrə (r.a) dedi ki; “(Bu adam Allahın qəzəbinə toxunan bir söz işlətdi) bu dünyası da xarab oldu axirəti də.”  (Əbu Davud, Ədəb, 51, 4901)

           Bu hədis, etdiyimiz əmələ arxayın olmamağımıza canlı bir misaldır. Edilən hər hansı bir xeyirli əmələ görə necə bir nəticə ilə qarşılaşacağını heç kim bilmir. Buna görə də günah içində olan insan haqqında da həmən qərar verməməliyik. Onların da xeyirli bir sonluqla bəxtiyarlar cərgəsində ola biləcəyini unutmamalıyıq. Bu hədisdən belə bir hokum çıxarmaq olmaz ki, demək ibadət edib-etməməyin heç bir fərqi yoxdur. Nəticədə Allah bağışlayandır. Əslində burada ibadət edən şəxs Allah (c.c.) rəhmətinə deyil, öz ibadətinə arxayın olmuşdu. Rəsulullah (s.ə.s) başqa bir hədisində belə buyurur; “ Özündən başqa ilah olmayan zata and olsun ki, biriniz cənnət əhlinin əməllərini işləyə işləyə, cənnətlə arasında bir ziralıq (dirsək) məsafə qalar, qədər qalib gələr, cəhənnəm əhlinin əməlini işləyər və cəhənnəmə gedər. Biriniz də cəhənnəm əhlinin əməlini işləyə işləyə, cəhənnnəmlə arasında bir zira məsafə qalar, qədər qalib gələr və cənnət əhlinin əməlini işləyər və cənnətə gedər.” (Buxari, Qədər, 1; Müslüm, Qədər, 1)

           Buna görə də dinimizdə əməllərə arxayın olmamaq, ölənə qədər, Allahın (c.c) rəhmətindən ümid kəsməmək, qəzəbindən də qorxaraq yaşamaq şərtdir.Yəni qorxu və ümid arasında olmalıdır. Alimlər qətiyyən “cənnətliyəm” və yaxud “cəhənnəmliyəm”, deməyin və başqası haqqında da belə bir hokum verməyin böyük günah olduğunu xəbər vermişlərdir.

           Rəsulullah (s.ə.s) Xeybər müharibəsində qəhrəmanlıqla savaşan Kuzman adında səhabənin cəhənnəmlik olacağını bildirmişdi. Onu təqib edən səhabələr Kuzmanın qəhrəmanlıqla döyüşdüyünü və yaralandığını gördülər. Ağrılara dözə bilməyən Kuzmanın, qılıncını sinəsinə soxaraq  özünə intihar etdiyini gördülər. Bunu Rəsulullaha (s.ə.s) xəbər verdilər. Bu hadisədən sonra Rəsulullah (s.ə.s) belə dedi; “ İnsanlar arasında bir sinif insan var ki, görünüşdə cənnət əhlinə yaraşan işlər görərlər. Halbuki onlar cəhənnəmlikdir. Yenə insanlardan bir qismi də var ki, görünüşdə cəhənnəm əhlinə yaraşan pis işlər görərlər. Halbuki onlar cənnətlikdirlər. (Buxari, hədis № 1609)

           Son zamanlarda görürsən ki, müsəlmanlar bir-biriləri haqqında kafirliklə və ya müşrikliklə hokum verirlər. Hətta bu məsələni imanın şərti kimi görürlər. Yəni kafir olduğunu təsdiq etməsən özü kafir olacaqsan. Bu müsəlmanları parçalamaq, kafir və müşrik dediyi insanın malını-mülkünü, namusunu özünə halal saymaq deməkdir ki, nəticəsi acı və xüsrandır.

           Allah (c.c.) vətənimizi və millətimizi belə bir fitnədən qorusun! Amin!

       

       

       

       

       

       

       

       

       

       

      • Hits: 942 clicks

      Tecox component by www.teglo.info