Ölümdəki Ölümsüzlük / Eldar KƏRİMOV

      Share

      Dünyada gözlə gördüyümüz varlıqların hər biri, başladıqları bir yolun sonuna doğru yol almaqdadır. Bəziləri getdikləri yolun sonuna çatmış, bəziləri isə hələ də davam etməkdədirlər.

       Dünyada var olan bu varlıqlar, özü də varlıq olan insan üçün yaradılmış və onun öhdəsinə verilmişdir. Dünyada varlıqlar arasında ən ali mərtəbəyə mənsub olan insan övladı, Uca Yaradanın ona bəxş etdiyi nemətlərdən istifadə edərək yaşamaqdadır.

      Ancaq insan övladı çox zaman bu nemətlərin olmasının məcburi olmasını düşünər, onlardan istifadə edər və varlıqların nə üçün yaradıldığını onların insan övladına yaradılış mükəmməllikləri ilə söylədiyi mesajların fərqinə varmadan yaşayar. Dünyada var olan bütün varlıqlar öz maddiyyatlarıyla insan övladına mənfəət sərmayəsi verməklə bərabər, insanın haradan gəlib, harada olub və haraya gedəcəyi haqqında düşüncələrinin doğru yolda formalaşması üçün katalizator rolunu oynayar.

      Qurani-Kərim bu haqqı bu şəkildə vurğulamaqdadır "Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görərsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib, qabarar. Onu dirildən şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir." (Fussilət 41/39) Kainatda Uca Yaradan tərəfindən bərqərar edilmiş nizam öz nizamıyla bir yaradıcının olduğunu və bir gün ona dönüləcəyin məcburiyyətini hayqırmaqdadır.

      Ağacların, otların, çiçəklərin pöhrələnib öz meyvə və gözəlliklərini ətrafa sərgiləmələri saralıb, solub məhv olmaları, sonradan yeni bir gözəllik və təravətlə canlanmaları insan həyatını əks etdirən ən gözəl nümunələrdəndir. İnsanda bir ağac kimi toxum olaraq ana bətninə atılar, pöhrələnib həyata gələr və öz əməllərini meyvə olaraq həm bu dünyası üçün, həm də axirət dünyası üçün təqdim edər. İnsanın saralıb solması bu dünyadan köçməsi, yenidən pöhrələnməsi isə axirət dünyasında yenidən dirildilməsidir. Qurani Kərimdə bu gərçək bu şəkildə bəyan olunmaqdadır. "Həqiqətən ölüləri dirildən, onların nə etmiş olduqlarını və qoyub getdiklərini yazan bizik. Biz hər şeyi hesaba alıb, Lövhi-Mahfuzda təsbit etmişik." (Yasin 36/12)

      Qaçılması mümkün olmayan ölümdən sonrakı həyatı düşünüb, onun varlığını qəbul edib, onu qarşısına düstur edib, yaşayan hər bir insanın həyatı səadətə, xoşbəxtliyə ən əsası da haqqa yönəlmək məcburiyyətini hiss edər. Əgər bu gerçək yəni axirət həyatının varlığı qəbul edilmədən yaşanılarsa yaşanan bu ömür ümitsizliyə, peşmançılığa və qənaətsizliyə  düçar olmağa məhkumdur. Bu da bir gerçəkdir ki, yaşayan hər bir insan sabit bir yaşda qalmayıb, uşaqlıqdan gəncliyə, gənclikdən də, qocalığa doğru bir ömür yolu keçməkdədir.

      Bu gün gəncliyində nə qədər ağır işlərin öhdəsindən gələn insan, bir neçə il sonra qocaldığında bir fincan çayı götürməkdə çətinlik çəkməkdədir. Gənclik baharında var olan gözəlliklər qocalıq və ölümdəki xəzan yelinin qurbanımı olacaq? Yoxsa anadan olduğu gündən, ölümünə qədər çarəsiz dərdlərə mübtəla olmuş insanlar dünya gözəlliklərindən öz nəsiblərini almadanmı yox olmağa məhkum olacaqlar? Axirət inancı olmayan bir insan bu sualların ət ürpərdici ölümdən sonra qara torpaq altında çürüyüb yox olma qorxusunun təsiri ilə nəfsinin istəklərinə qatılıb, bir gün yox olacağını düşünüb, özünü yavaş-yavaş tərk edən nemətlərin bir daha ona geri qayıtmayacağı qorxusu ilə fani dünya nemətlərindən möhkəm yapışaraq səfil həyat keçirər. Bu zamanda həm bu dünyası səfalət və rəzilliyə qərq olar, həm də varlığı gerçək olan axirət həyatı ona əbədi olaraq cəhənnəm  çuxuruna çevrilər. Qurani-Kərimdə dünya həyatına sarılan insanlara belə nida vardır. "Fəqət siz (ey insanlar) axirət daha xeyirli və daha davamlı olduğu halda dünya həyatını tərcih edirsiniz. " (əl-Ala, 87/16-17)

      Ancaq axirət inancı olan bir insan özündən ayrılan nemətlərin bir gün ona geri dönəcəyi, əgər bu dünyada haqqı tapdanmışsa bir gün bu haqqını tələb edəcəyi, yaşadığı ömrü boyunca şikəst qalmışsa, bir gün buna qarşılıq əcrinin veriləcəyi, ana, ata, qardaş bacı kimi əzizlərini itirmişsə bir gün onlara qovuşacağı, düşüncəsi və haqlı inancı ilə öz həyatını qəmdən, kədərdən və ümidsizlikdən azad edər. Bu inancı səbəbi ilə də, imanın şərtlərindən biri olan axirət inancına sahib olub, bu inancının xeyirli və əcirli qarşılığını axirət dünyasında haqq edər.

      Dünyada gözəllik, haqq, ədalət və gözəl davranışlar islam, islamda bütün gözəlliklər deməkdir deyildiyi zaman heç də təəccüb etmək lazım deyildir, çünki İslam dini insan övladının şüuruna hər zaman gözəllikləri aşılamaqdadır. Məhz hər tərəfdən baxıldığı zaman xeyirli görünən axirət inancını da ən gözəl şəkildə aşılayan Uca Yaradanın Adəm övladına son din olaraq göndərdiyi İslam dini aşılamaqdadır.

      Yaşayan hər insan gəldiyi bu dünyadan bir gün getmək məcburiyyətindədir. Insanın bu dünyadan ayrılacağı zamana ölüm adı verilməkdədir. Bir şeyin varlığının sona çatmasını bildirən bu isim həqiqətdə insanın həqiqi varlığının başlanğıcını və əbədiyyən ölümsüz olan bir həyatın qapısının onda olduğunu göstərməkdədir. İnsan yaşayırsa bir gün öləcəkdir, ancaq bir gün ölmüşsə, bir daha ölməyəcəkdir. İnsanın ölüm və yoxluq olaraq gördüyü bu məfhum əslində ölümsüzlük və əbədiyyətdir. Beləliklə də hər bir insanın öz ölümünü ölümsüzlük kimi görə bilməsi də onda axirət inancının formalaşmasına möhtacdır.

       

      • Hits: 690 clicks

      Tecox component by www.teglo.info