155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    YAŞLILARIMIZ GƏNCLƏRDƏN NƏ GÖZLƏYİR? / Salih Zeki Meriç

      Share

      Uşaqkən otuz-qırx yaş  bizə o qədər böyük gələrdi ki, içimizdə o yaşa  yetişə bilməyəcəyik kimi bir hiss oyanardı. İllər gözümüzə böyük, bitməz-tükənməz bir zaman yığını kimi görünərdi. Bitməyəcək kimi görünən o qoca illərin güvənli limanında sonsuz bir həyat varmış kimi özümüzü toxunulmaz hiss edərdik. Otuz-qırx yaşa çatdıqda da bu səfər, altmış-yetmiş yaş əlçatmaz gəlir insana.

      Uşaqlıqda meydana gələn bu duyğu, gənclik illərində də davam edər və evlənib oğul-uşaq sahibi olunduğu vaxt, insan təfəkkürünə keçməz kimi görünən o illərin, necə  sürətlə geridə qaldığı məlum olar. Əvvəllər xəyaldan önə keçməyən bu duyğular yerini daha gerçək olan hisslərə verər.

      Yaşlılıq kamilləşməyin bir davamı olaraq  insan ömrünün irəliləyən illərində  fiziki və ruhi dəyişikliklərin göründüyü bir  dönəmdir.

      İnsan həyatını uşaqlıq, gənclik, yetişkənlik və yaşlılıq dönəmləri kimi siniflərə ayıra bilərik.  Bu bölgülər içərisində ən çətin yaşanan dönəm yaşlılıq dönəmidir. Bu dönəm həm fiziki, həm də psixoloji baxımdan insanın həssaslaşdığı, zəiflədiyi ehtiyac hiss etdiyi  bir dönəmdir. Yaşanılan həyatın su kimi axıb getdiyi, yaxud ötən illərin qiymətinin verilməməsi duyğusu insanda təəssüf hissi doğurar, həyata aid ümidlər azalar, keçmişə dair ah-nalə meydana gələr.

          İnsan nə qədər yaşayırsa yaşasın öz ixtiyarlığını rahat qəbul etmir. Hansı yaşda olursa olsun, o yaşın ölüm üçün tez olduğunu düşünür.

         Halbuki ölüm qoca-cavan bilmədən, zamanı çatanı bu fani aləmdən ayıran ilahi bir qanundur.

      Ömrü olan hər kəs gec-tez, bir gün bu  yaşlılıq duyğusunu yaşayacaqdır. Bu da bir həqiqətdir ki, istəsək də, istəməsək də onların yaşadıqlarını biz də yaşayacağıq. Görəsən bu hala düşməzdən öncə ixtiyarlıq yaşında olan insanların halını anlaya bilirikmi? Onların bizdən nə istədiyini hiss edə bilirikmi?!..

      Bu sualların cavabını özümüzü onların yerində hiss etdiyimiz zaman verə bilərik.

      Elə isə aşağıda sadalayacağımız xüsuslara diqqət edək:

      Hər şeydən öncə yaşlıların cəmiyyətdə hörmətə layiq bir yerə sahib olduğunu hiss etdirməli, hər işdə öndə getdiklərini onlara hiss etdirməli, yaşlılıq səbəbiylə meydana gələn  fiziki və zehni qüsurlarını fərq etdirməməliyik.

      Cəmiyyətdə qarşılaşdığımız hər yaşlı insanı ən yaxın adamımız, hətta öz ata-anamız kimi görməli, onlara eyni hörmət və ehtiramı göstərməliyik.

      Yaşlı insanların ən çox çətinlik çəkdikləri şey, yalnızlıq və cəmiyyətdən təcrid edilmə düşüncəsidir. Bu duyğu içərisində yaşayan insan özünü həyatda bir işə yaramayan varlıq kimi qəbul edər.

      Ətrafdakı insanların ixtiyarlara  qarşı ən əsas vəzifəsi onları  sosial mühitə cəlb etmək  və yalnızlıq hissindən uzaqlaşdırmaq olmalıdır.

      İxtiyarlar  biz gənc nəsil üçün bir güzgü olmalı, onlara baxdığımız zaman öz gələcək halımızı düşünməliyik. “Bir gün biz də yaşlanacağıq” deyərək əməllərimizə çəki-düzən verməliyik.

      Yaşlı insanlar fiziki olaraq zəifləsə də, həyat təcrübəsi baxımından ən zəngin insanlardır. Bu səbəblə də onların hər biri bizim üçün örnək olmalıdır. Soruşaraq, bilmədiklərimizi öyrənərək, həm onları qürurlandırmalı, həm də faydalı məlumatlar əldə etməliyik.

      Beləcə güclü, qüvvətli olduğumuz və dəyərini çox da bilmədiyimiz bu gənclik illəri yerini bir gün xəzan mövsümünü xatırladan ixtiyarlıq illərinə verəcəkdir. Həyatımızın baharını yaşayarkən, bu baharın bir payızının da olacağını unutmamalıyıq.

      Əkdiyimizi biçmək üçün sabahı gözləməyə gərək yoxdur. Bugünün gənci sabahın yaşlısıdır. Bu gün nə əkəriksə, sabah da onu biçərik. 

      • Hits: 967 clicks

      Tecox component by www.teglo.info