MƏHƏRRƏMLİK VƏ AŞURA GÜNÜ NƏDİR? / Aqil ƏLİYEV

      Share

      Məhərrəm ayı, İslami aylar təqviminin yəni Hicri-Qəməri təqviminin  birincisidir. Hicri tarixi, Hz. Məhəmməd (s.v.s)-in Məkkədən Mədinəyə hicrət (köçməsi) etməsi ilə başlayan bir tarixdir. Müsəlmanların tarixinin başlanğıcı olaraq seçilən bu tarix, Hz. Ömər (r.a) –un xilafəti zamanı qəbul olunmuşdur.

      Rəsulullah (s.v.s)-in hicrətindən on altı il sonra (miladı 638), o dövürdə xəlifə olan Hz. Ömərin əmri ilə Mədinədə bir məclis toplanaraq, müsəlmanların təqvim mövzusundakı problemlərini həll edilməsi istənildi. Hz.Əlinin (r.a) təklifi ilə və orda olan müşavirə iştirakçılarının da razılığı ilə Hz.Məhəmməd (s.v.s)-in Mədinəyə hicrət etməsi, islam tarixinin başlanğıcı və Məhərrəm ayının da bu təqvimin ilk ayı olması qərarlaşdırıldı.

      İslamdan öncə ərəblərin istifadə etdikləri hər-hansı bir təqvim mövcud deyildi. Onlar bəzi mühüm hadisələri, məsələn; (Hz. İbrahimin atəşə atılışını, yəmən valisi Əbrəhənin Məkkəyə hücum etdiyi ili fil hadisəsi ilini) tarixi bir başlanğıc kimi göstərirdilər.

      Miladi təqvimdə olduğu kimi, Hicri-Qəməri təqvimdə də on iki ay vardır. Yeni ilimizin ilk ayı olan Məhərrəm ilə birlikdə Rəcəb, Zülqadə və Zülhəccə aylarına ərəblər “ Əşhurul- hurum “ yəni “Haram aylar” adı verir, bu aylarda öz aralarında davam edən qan davalarına son verir, müvəqqəti olaraq savaşdan və anarxiyadan uzaq dururdular. Bunun səbəbi də həmin aylarada diğər bütpərəst qəbilələr tərəfindən Kəbəni həcc etmək üçün gələn zəvvarlara buranı ziyarət etməyə şərait yaratmaq idi. İslamda da elə bu aylar, haram aylar kimi qəbul edilmişdi.

      Məhərrəm ayının onuncu gününə isə Aşura deyilməkdədir. Aşura kəliməsi, İbrani dilindəki –aşur- sözündən gəlməkdədir ki, bu da -onuncu gün- deməkdir. Eyni zamanda ərəblər də on rəqəminə -aşərə- deməkdədir. Bu kəlimə eyni zamanda Yahudilərdə -böyük kəffarət günü- üçün də işlənmişdir.(Tövrat, Levililər, V, 351) Bunun üçün də bu günü oruc tutur və böyük bir bayram kimi keçirirdilər.

      Hz. Peyğəmbər (s.v.s) Mədinəyə gəldiyi zaman Yahudilərin Aşurə günü oruc tutduğunu gördü və bunun nə orucu olduğunu soruşdu. Belə cavab verdilər ki; “Bu gün şox yaxşı bir gündür.Allah, İsrailoğullarını Firovunun zülmündən bu gün qurtarmış, Musa (ə.s)-da Allaha şükür üçün bu gün oruc tutmuşdur.Bunun üçün biz də bu gün oruc uturuq dedilər. Hz. Peyğəmbər(s.v.s); “Biz Musanın sünnəsinə sizdən daha yaxınıq dedi o günü oruc tutdu və oruc tutulmasını əsabələrinə də əmr etdi. (Buxari, Savm, 69)

      Elə buna gürədir ki, o gün bu gün islam aləmi Aşura günü orucunu tutmağa davam edirlər. Bundan əlavə bu gün, bəzi tarixi hadisələrdən dolayı da müqəddəs sayılmışdır. Xüsusilə Hz. Nuh (ə.s)-ın gəmisinin tufandan xilas olmağı, Adəm (ə.s)-ın tövbəsinin bu gün qəbul edildiyi, Hz.İbrahimin atəşdən bu gün xilas olduğu, Hz.Yaqubun oğlu Yusifə bu gündə qovuşduğu, Hz.Yunus (ə.s)-ın balığın qarnından bu gün xilas olduğu qeyd edilən rəvayətlər arasındadır.

      Bu günə təsadüf edən digər mühüm tarixi hadisələrdən biri də, Peyğəmbər Əfəndimiz (s.v.s)-in göz bəbəyi, cənnət cavanlarının əfəndisi olan Hz.Hüseyin (r.a)-un və onun vəfalı yoldaşlarının, Əməvi xəlifəsi olan Yezidin orduları tərəfindən Kərbala çölündə şəhid edilməsidir. Bu bir həqiqətdir ki, Rəsulullah (s.v.s)-in mübarək nəvəsinin orada susuz və çarəsiz bir vəziyyətdə buraxılıb və daha sonra şəhid edilməsi hər bir müsəlmanın ürəyini qanatmaqdadır. Niyə də qanatmasın ki, O gözəllər gözəli Hz.Hüseyin (r.a)-nu ən gözəl baba olan Allah Rəsulu (s.v.s) sevmiş və biz ümmətə də onu sevməyi, ona hörmət və ehtiram göstərməyi vəsiyyət etmişdir. Bu haqda Allah Rəsulu (s.v.s) belə buyurur; “ Həsən və Hüseyini sevən, məni sevmış olar, onlara kin bəsləyən də mənə kin bəsləmiş olar.” (Əhməd ibni Hənbəl, Müsnəd, II, 288) Çox təəssüf ki, ümmətin üz qarası olan bəzi şəxslər, bu vəsiyyəti yerinə yetirməyi bacarmadı. Nəticədə O, mübarək şəxsi amansızca qətlə yetirdilər. Neyləmək olar İlahinin hökmü beləymiş bizə düşən bu qədərə boyun əyməkdir. Çünki Hz. Hüseyin (r.a) şəhid olmaqla Allahın iradəsini öz şəxsi seçiminə, haqqa bağlılığı, həyata və həyatın rahatlığına duyulan sevgiyə tərcih etdi. Amma çox əfsuslar olsun ki, bəzilərimiz bu qədərlə razılaşmır bu günlərdə özümüzü al qana qərq edirik. Sanki bu əməlimizlə biz Hz,Hüseyin(r.a)-hu çox sevdiyimizi göstəririk.Halbuki Rəsulu Əkrəm (s.v.s) özü üz cıraraq, saç-baş yonaraq ağlamağı qadağan etmişdir. Bir də məgər sevdiyimizi göstərmyin işarəsi yalnız ağlaş qurmaqdırmı? Gəlin daha dərindən düşünək. Məhərrəm ayında olan bu qədər hadisələri bir kənara qoyub bu ayı ağlamaqla keçirməyək. Yeni hicri ilimizi qeyd edək, aşurə oruclarımızı tutaq və Hz. Hüseyin (r.a) Əfəndimiz kimi şücaətli, dönməz və mərd olmağa çalışaq. Allah və Rəsulunun nurlu yolundan ayrılmayaq. Allah təala bizləri Hz.Hüseyin (r.a) Əfəndimizin şəfaətinə nail eyləsin! Amin!

      • Hits: 837 clicks

      Tecox component by www.teglo.info