Həyat Bir Gündür! / Eldar Kərimov

      Share

      Universitetdə oxuduğum zamanlarda bizim qrupa ingilis dili fənnini yaşı xeyli irəliləmiş, dünya görmüş və olduqca alicənab bir müəllim tədris edirdi. Hər dəfə dərsin sonuna beş-on dəqiqə qalmış onunla dərdləşir, ondan dəyərli məsləhətlər almağa çalışırdıq. Tələbələr fərqli-fərqli suallar verir, o da dünyada yaşayıb gördüklərindən geniş bəhs edirdi.

       Hərdən də böyük ustalıqla qələmə aldığı şeirlərindən oxuyaraq, hər birimizi özünə mat-məəttəl buraxırdı. Həqiqətən də ondan öyrəndiklərimiz həyatımızda çox dəyişikliklərə səbəb oldu. Hələ indi də onun dediklərini düşünür, onlardan bir dərs çıxartmağa çalışıram. Yenə mövzumuzla əlaqəli onun çox ibrətli bir sözü gəldi xatirimə. Demək olar ki, o hər dəfə bizimlə söhbətləşdiyində bu ibrətli kəlmələri səsləndirirdi: Mən bu qədər ömür sürmüşəm. Hər kəs mənə baxıb sənin yaşın və həyat təcrübən çoxdur deyir. Ancaq mən özüm çevrilib arxaya baxdığım zaman mənə elə gəlir ki,  mən heç yaşamamışam. Yaşadığım yetmiş, səksən ili bir neçə kəliməylə ifadə edə bilirəmsə deməli mən hələ dünyaya yeni göz açmışam.

      Hörmətli oxucular bu sözləri söyləyən adam ömrünün əlli ilini pedaqoq kimi keçirən və ömründə bir dəfə də olsun sabah namazını məsciddə camaatsız qılmayan bir insandır. Mənə elə gəlir ki, belə bir həyat yaşayıb arxaya baxdığı zaman heç yaşamadığını söyləyən bir insanın bu iddiası çox ibrətamizdir. Çünki bir insan həqiqətən də nə qədər ətraflı danışmağa çalışsa da ömrünün özətini bir neçə kəliməylə ifadə edə bilir. Vay o gündən ki, yaşadıqlarını bir neçə kəliməylə ifadə edə bilməyənlərdən olasan.  Bu bizim ortaya atdığımız məsələnin sadəcə bir tərəfidir.

      Mənim isə üzərində duracağım nöqtə bir az fərqlidir. Demək olar ki hər birimizin “Dünən keçmişdir, sabah məchuldur həyat bir gündür o da bu gündür” ifadəsiylə yaxından olmasaq da uzaqdan tanışlığı var. Uzaqdan ona görə deyirəm ki, belə hikmətli hesab etdiyimiz ifadələri eşitdiyimiz zaman gözəldir deyib, dərinliyinə varmadan tez bir zamanda unuduruq. Diqqət yetirdiyimiz zaman görürük ki, özündə çox hikmətləri və önəmli həyat prinsiplərini gizlədən bu ifadə yerində və düşünülərək söylənilmişdir. Şəxsən mən özüm bu ifadələrin əhatə etdiyi həqiqətləri inkar edən heç bir kimsəni görmədim. Bu ifadələrin bir az da dərinliyinə gedib incələsək görərik ki, həqiqətən də yaşadığımız gün yəni dünən artıq keçmişdir. O gündə etdiklərimizi və yaşadıqlarımızı bir daha geriyə qaytarmaq mümkün deyildir. Necə deyərlər, “yenə o bağ olardı” deyib həsərtlə baxırıq yaşadıqlarımıza.  Yaşayacağımız gün yəni sabah hələ məchuldur. Yəni sabahın olub-olmayacağından əmin deyilik.  İçərisində olduğumuz və yaşadığımız gün isə bu gündür. Nəticədə belə qərara gəlirik ki, nə etsək bu gün edəcəyik və bizim həyatımız bu gündən ibarətdir. Ancaq mənə elə gəlir ki, bu sözü söyləyən insan həyatının əsas hissəsi adlandırdığı bu günün içərisindəki anları da düşünməli idi. Belə ki insan hər etdiyi əməli bir anın içərisində qərarlaşdırır və icra edir. Bu da o deməkdir ki həyat, işin icra edildiyi andır.  Deməli bizim həyatımız bir gündən deyil bir andan ibarətdir. İşin həqiqəti belə olduğu halda bir andan ibarət olan həyatımızılayiqincə dəyərləndirmək hər birimizin başlıca vəzifəsi və həyatda var olma qayəsidir. Dünənimizi qaytara bilməməyimiz və sabahdan əminsizliyimiz bizə içərisində olduğumuz günü deyil, içərisndə olduğumuz anları layiqincə dəyərləndirməyə əsas verir. Belə ki, bir günün içərisində çox hadisələr baş verə bilər.  Bu da o deməkdir ki, həyatın bir günün içərisində müxtəlif yönlərdə dəyişmə ehtimlı vardır. Bir günün içərisindəki anlarda günahsız bir insan qatil, müsəlman bir kimsə kafir olduğu kimi bunun tam əksinin də olması mümkündür. Bir anın içərisində aldığımız nəfəsi bir anın içərisində geri qaytara bilmədiyimiz zaman işıqlı dünyaya vəda etmək məcburiyyətində qalacağıq. Buradan da belə bir nəticəyə gəlmək mümkündür ki, insanın həyatı içərisində olduğu anda dəyişir və onun həyatını dəyişən an da onun həyatı sayılır. Qısacası yaşadığımız həyat bir gün deyil, bir andan ibarətdir.

      Son olaraq onu qeyd edim ki, bir andan ibarət olan həyatımız bir anın içərisində yekunlaşmadan əvvəl hər anımızı Allahımıza həsr edərək yaşayaq. Çünki, anları illərə cevirən Odur. Hər anı bir il kimi yaşamaq ümidiylə......

      • Hits: 660 clicks

      Tecox component by www.teglo.info