NƏFS HƏR AN PUSQUDADIR / Dr.İbrahim BAZ

      Share

      Ələst bezmiydi il mənzil. Əvvəli məchuldur. Ruhlarımızın ümmandan necə qopub gəldiyini anlamaqdan acizdir ağlımız. Ancaq var edənə doğru hər yönəlişimizdə ilk mənzildə ruhlarımızın yekvücud və bir ağızdan “bələ” dediklərini xatırlayırıq alaqaranlıq.

      Addımlarımız böyüdükcə o mübarək vətənin şirinliyini hiss edirik, əsl vətənin həsrətinin hüznü bürüyür bizi. Ayrılığımızın, ayrı düşməyimizin, yadlaşmağın, yalançılığımızın acısı yalnızlıq boyunduruğundakı ruhlarımızı yandırıb yaxır. 

      Hər insan yoldadır. Gəldiyi yer də, getdiyi yer də Allahdır. Minəllahi iləllah: Allahdan Allaha. Axirətdə isə məallah: Allah ilə bərabər. Dünyaya gəlmədik, axirətə getmirik. Allahdan gəldik, Allaha gedirik. Hər səfərdə minik fərqli olduğu kimi, yol bələdçisi də fərqlidir. Lakin bələdçini seçmək əlimizdədir.

      Yolçu yolunda gərək

      Yola düşməyinə düşdük, amma əsas məsələ yolda ola bilməkdə, yolda qala bilməkdədir. Çünki “yolçu” ola bilmək üçün yolda qala bilmək gərək.

      Yol demək zor (çətinlik) deməkdir. Yolçuluq çətinlikdir. Əslinə baxsanız hansı yolda yolçuluq asandır ki, Haqqa gedən yol da asan olsun? Bu nə bildiyimiz yollara bənzəyər, nə çatdığımız yerlərə. Getdikcə sonu gəlməyən, bildikcə bilinməyən bir yoldur bu. Bu yolda ancaq qarışqa olmaq mümkündür. Mənzilə çatmaq olmasa da o yolda ölmək var.

      Daxilimizdə bu yolun aşiqi olan ruhlarımız pərvanə kimi gecə-gündüz yanar yol axtarışındadırlar. Kəpənəklər kimi qanadları yansa da “yer üzünün və göylərin nuru”nun narı (atəşi) incitməz onu. Əksinə, o bilir ki, yorulmadan və yanmadan yol qət edilməz. İbrahim (ə.s) nuru narın (atəşin) tam mərkəzində tapmadımı?

      Yolçunun yükü nə qədər xəfif olsa bir o qədər sürətli və asan gedər. Yola düşməkdən məqsəd yol qət etməkdir. Şəriət yoldur. Hər kəsə açıq və ümumi bir yol. Təriqət yoldur. Tələb edənə, istəyənə məxsus bir yol.

      Hər yolun bir təhlükəsi vardır. Üstəlik bu uzun imtahan yolunun. Neçə-neçə çuxurlar, əngəllər, sürüşkən yollar, ilğımlar var. Ən müdrik yolçuları yolundan edən əngəllər. Buna əlavə olaraq bir də yolun gecəsi var. Bu münasibətlə həm gündüz, həm gecə bir mehmandara möhtacdır hər yolçu. Qəlb gözü açıq, heç kimin görə bilmədiyini görən könül sahibi bir mehmandar.

      Qayə Rəhmandır. Yol yamandır. Yolda qalınmazsa sonu tufandır.

      Ruhun  həqiqətə doğru hər bir həmləsi, hər addımı arxadan, olmazsa öndən, bu da olmazsa soldan vəya sağdan bir çəngəllə əngəllənmək istənir. Nəfs hər an pusqudadır. Pis üzünü bəyənməsən, özünü gözəl göstərər. Gecə namazına oyandırmamaq üçün boynuna min düyün atar. Qalxsan sağından gələr: “Sən nə mübarək bir adamsan! Bax, hər kəs yuxudaykən, mışıl-mışıl yatarkən sən qalxdın, soyuq su ilə dəstəmaz aldın və namaz qıldın. Sən necə də irəlidəsən. Hələ bu qafillərə bax. Sən necə də böyüksən. Artıq mənim səninlə bir işim olmaz!” -deyər hiyləgərcəsinə. Halından agah olmayan, acizliyini bilməyən dərhal aldanar və özünü bir şey zənn edər. Kamilləşdiyini zənn edər. Qəflət dəryasında üzdüyünü bilməz. Nəfsin və şeytanın ən böyük sifəti olan təkəbbürə qurşandığını fərq etməz.     

      Yaradana yalnəz gedilir

      Yalnız O vardır. O yalnızdır. O, “ol” dedi və öləcək hər şey var oldu. Hər şey Allahdan gəldi və sonunda Allaha gedəcək.

      Biz insanlara gəldikdə isə yalnız doğulduq, yalnız yaşayırıq və yalnız öləcəyik.

      Amma zənn edilməsin ki, yalnızlıq, kimsəsizlik təkbaşına qalmaqdır. Əksinə, bizim üçün yalnızlıq, yalnız olmadığımızın fərqinə varma halıdır. Özümüzü tanıma və tapma, bizi əhatə edənin və himayəsinə götürənin fərqinə varmaqdır. Oyanmaqdır, dirilməkdir.

      Yalnızlıq Yaradana gedilən yoldur. Və hər həqiqət yolçusunun yolu mütləq yalnızlıqlardan keçər.

      Yalnızlıq özümüzə qapanmaqdır. Daxili dünyamıza nəzər etməkdir.

      Yalnızlıq müdrikcəsinə arayışın adıdır.

      Həyat adlandırdığımız zamanda hər an yolçuluqda deyilikmi?

      Əbədi və mütləq yalnızlıq Yaradana məxsusdur. Yalnız qalmamağın nə demək olduğunu anlamaq qiymətini bilmək üçün əvvəlcə yalnızlığın nə demək olduğunu bilmək gərək, yəni yalnız qalmaq gərək.

      Yalnızlıq ayrıldığımızı aradığımız anların adıdır. Nədən, ya da nələrdən, kimlərdən ayrılmışıqsa yalnızlığımızda onları axtararıq.

      Ayrıldığımız Mövlanı taparıq arayışımızın son mənzilində. Bütün Leylilər yox olur leylin qucağında. Ruhlarımızın qopub gəldiyi, ancaq həqiqətdə qopa bilmədiyi vətənə qovuşarıq. əsl vətənimizə vüslətin həsrəti qora düşmüş qar kimi bitər, tükənər. Həsrət tükənərkən gəzib dolaşılan, nəfslə uğraşılan yalançı vətənlər və vətəndaşlar, diyarlar və yalançı yarlar da tükənər gözdə və könüldə. Kəsrət kəsilər, vəhdət meydana çıxar.

      Arayışımız ayrıldığımızadır. Yalnızlığın yorğan kimi gözümüzü və könlümüzü bürüdüyü anlarda aradığımıza ən yaxın olsaq da yenə yaxınımızda olanı axtararıq. Ney ayrılığın acısından, vüslətin həsrətindən şikayət edər, bunu bütün dünyaya hekayət edər. İnsan necə etməsin? “Ax vətən” deyib pərvanəyə dönməsin? Ölmədən ölməsin?

      Kamala gedən yolda nəbilərin ortaq sünnəsidir yalnızlıq. Hər həqiqət yolçusunun yolu yalnızlıqlardan keçər.

      Ey Mütləq Yalnızlıq! Yalnızlığımızda bizi yanlışa çağıran “qovulmuşun” vəsvəsələrindən qoru və dostluğunla ziyafət ver.

      Ey Mütləq Yalnızlıq! Yalnızlığımızı özümüzdən və Səndən qaçış şəklində deyil, özümüzə və Sənə qovuşma olaraq təcəlli qıl.

      Ey Mütləq Yalnız! Yalnızlığımızda yanımızda olduğunu anlamağa doğru irəlilət bizi.

      Ey Mütləq Yalnız! Balığın qarnında, Turi-Sinanın bağrında və Cəbıli-Nurda yalnız qalanlarla dirilt bizi.

      Ey Mütləq Yalnız! O dəhşətli gün gəldiyi; hər kəsin qardaşından, anasından və atasından qaçdığı, cəhənnəmin dəhşət saçdığı anda bizi yalnız qoyma!

      • Hits: 662 clicks

      Tecox component by www.teglo.info