YER ÜZÜ MƏSCİDDİR, YOXSA ZİBİLLİK? / Adem ŞAHİN

      Share

      YER ÜZÜ MƏSCİDDİR, YOXSA ZİBİLLİK?

      Bakının Badamdar qəsəbəsindəki küçələrdən biri ilə gedərkən gözünüzə “bura zibil atanın ata-anasına yek böyük lənət” divar yazısı sataşar. Bunu yazanın, oxuyanın, zibil atanların hal və hissiyyatı toplansa maraqlı bir kitab və çox gözəl film meydana çıxar.

        

      Evində oturan ana, işində çalışan ata övladının atdığı zibilə görə tanımadığı adamların lənətinə düçar olur. Demək ki, o yazını yazan adam münasib olmayan yerə zibil atmağı tərbiyəsizlik qəbul edir və insanların tərbiyəsi ilə də birinci dərəcəli məsul şəxs kimi ata-ananı görür. “Sənə dərs verən müəllimin…” ifadəsi ilə başlayan cümlələrə müxatəb olmasaq da mütləq hardansa eşitmişik. Lənətə və söyüşə məruz qalmaq baxımından müəllim və valideynlərin qədəri ortaqdır. Ata-ana və müəllimlərin diqqətli olmaları lazımdır.

      Sədəqeyi-cariyədə insana qəbirdə də olsa davamlı gələn xeyir və savablar vardır. Sədəqeyi-cariyənin davamlı axışı kimi insana etdiyi işi, ixtirası, yetişdirdiyi tələbə və övladları səbəbiylə özünün xəbəri olmasa da davamlı olaraq tənqid və lənət gələ bilər.

      Əziz İstanbulun Üsküdarında Sultantəpə məhəlləsi Selvilik küçəsindəyik. Havada ədəb, həya, comərdlik və məhəbbət qoxusu var. Sadəcə havada deyil, burada dolaşan pişiklərdə və köpəklərdə də sevinc və bəxtiyarlıq müşahidə olunur. Küçədə kranı qırılmış bir vəqfiyyə bulağı var. Üstünə “çeşmə zibillik deyil” cümləsi yazılıb. Bulağın üstündə isə “sahibul-xeyrat Arslan Ağa ruhu üçün fatihə” yazılıb. Bir vaxtlar bulaq olmayan bu küçəyə bir xeyriyyəçi bulaq tikdirib, insanlardan da ruhuna fatihı gözləyir. Dirilərə təşəkkür, ölülərə fatihə oxunmurmu? İnsan arxasından dua edəcək, fatihələr oxuyacaq nəsillər qoyub getməlidir. Zaman “yaradılan hər şeyin tərsinə çevrilməsi” prinsipi ilə axan bulaqları qurudur. Təmizliyə səbəb olan bulaq zir-zbil yuvasına çevrilir. Bir zamanlar quruyan dodaqlara həyat verən və dərindən ox çəkərək şükrə vəsilə olan bulaq pis mənzərə və üfunət iyi sərgiləməyə başlayır. Vaxtilə həmd edilən və xeyir sahibinin ruhuna fatihələr oxunan məkan şikayətin, qeybətin, söyüşün və arsızlığın mərkəzinə çevrilir. Zibillik və məzarlıqlar da buna bənzər qədəri yaşayırlar. Bir də görürsən ki, insanları ürpərdən məzarlıqların yerini yüksək binalar və yaşayış məskənləri tutur.

      Badamdarda evinin divarına “zibil atana yek böyük lənət” oxuyan adamla Selvilik küçəsindəki bulağa “bura zibillik deyil” yazan adam arasında heç bi rfərq yoxdur. Hər ikisi zibildən narahat olmuşdur. İnsanlar səhər-axşam gördükləri və qoxusunu aldıqları zibildən şikayət edərlər. Ayda-ildə bir dəfə gördüklərinə isə əhəmiyyət vermədən başlarını çevirib yollarına davam edərlər. Anadolu türkcəsində “Atəş düşdüyü yeri yandırar” deyilir. İnsanların da ən birinci problemi özlərinə yaxın olan problemdir. Başqa bir ifadə ilə desək insan başqalarının problemlərinə laqeyddir. Divara böyük hərflərlə “yalanı, günahı, haramı, pisliyi, qeybəti, namussuzluğu” tənqid edici yazı yazan insan varmı?

      Maddi kirlərin mənəvi kirlərdən daha diqqətə alındığı zamanda yaşayırıq. Bütün dünyada yol, küçə və meydanlardakı yazı və xəbərdarlıq lövhələrinin çoxunun fiziki aləmi nizamlamaqla bağlıdır. Hədisi-şərifdə qəlblərin qaralmasından bəhs olunur. Maddi və mənəvi aləmdə kirin rəngi qaradır. Hədisdə buyurulur:

      “Mömin bəndə bir xəta (günah) işlədiyi zaman qəlbinə qara bir nöqtə düşər. Əgər o günahı tərk edib tövbə və istiğfara yönələrsə qəlbi cilalanar. Günah işləməyə davam edərsə qara nöqtələr get-gedə artar və qəlbi qapqara olar. Məhz bu da Allahın “Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.” -deyə xəbər verdiyi haldır.” (Tirmizi, İbn Macə)

      Zibilliyə atdıqlarımız arasında kaş ki, riya, təkəbbür, qəflət, cəhalət, həsəd, qeybət kimi kirlər də olsa…

      Sədi Şirazi Bostan adlı əsərində bir pişiyin öz pisliyindən utanaraq üstünü torpaqla örtdüyündən bəhs edərək insanın da maddi-mənəvi bütün kirləri utanaraq örtməsinin və təmizləməsinin lüzumunu dilə gətirir. Pisliyini örtməyən insanı Quranda keçən “heyvandan alçaq” ifadəsinə görə düşünsək “pişikdən alçaq” keyfiyyəti ilə xarakterizə edə bilərik.

      Pişik öz pisliyini örtərkən yollara tüpürənlər və ayaqyollarını yaxşı təmizləmədən çıxanlar bütün aləmə öz pisliyini göstərməkdədirlər.

       Hədisi-şərifdə yollarda narahatçılıq doğuran şeylərin aradan qaldırılması imanın bir şöbəsi olaraq zikr olunmuşdur. (Müslim, İman, 58) Yolları zibilləmək və insanlara əziyyət verən şeyləri atmaq kimin və hansı pis əxlaqın şöbəsidir görəsən?

      Nəticə: Zibilin yenidən faydalı maddəyə çevrilməsi mümkündür, lakin həyatın əsla. Bütün yer üzünü məscid bilib dəyər verən ruh iqlimimindən uzaqlaşaraq hər yeri zibillik görən anlayışa görə yaşayarıqsa aqibətimiz, rəngimiz, qoxumuz və sonumuz geri dönüşümü olmayacaq şəkildə fəlakət olar.

      • Hits: 628 clicks

      Tecox component by www.teglo.info