155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Məmməd MƏMMƏDZADƏ / YUXULARIMIN BAKISI

      Share

      Bilmirəm, hamı mənim kimidir, ya yox? Yuxularımın həmişə dəyişməz bir məkanı, bir ünvanı olur. Uşaqlıq və gənclik illərimi yaşadığım məkan. Real həyatdan fərqli olaraq o məkan da dəyişməyib, necə vardı eləcə də qalıb. 50-70-ci illərin Bakısı, “əyri-köndələn” Bakısı. Xəzərin qucağında mışıl-mışıl yatan, gecələri sakit, romantik, gündüzləri təlatümlü Bakısı. Nə gecələrinin sakitliyini pozan “avtoş”lar, nə də əcaib müsiqilərin ucaldığı, yaxınlıqda yaşayanların yuxusuna haram qatan gecə barları vardı o illərin Bakısında.

      Çəmbərəkənd, Dağlı məhəlləsi, Bayıl, Bayır şəhər, Ağ Şəhər, Qara Şəhər gecələr səs salmazdılar ki, əsrlərin yadigarı, əsrlərin yorğunu, qucağında böyüyüb boya-başa çatdıqları analarını – İçəri Şəhəri narahat etməsinlər. Axı bu şəhərdə anaya, qız-gəlinə xüsusi bir qayğı, yanaşma tərzi, diqqət vardı. O vaxtkı Bakıda məktəbdən, işdən gələn qızların, qadınların əl çantasını qapan oğlanlar, qulaqlarından sırğalarını, boyunlarından boyunbağlarını dartıb qaçanlar yox idi. O vaxtın Bakısında tində dayanıb yoldan keçən qız-gəlinə söz atanlar, nalayiq sözləri bərkdən deyərək gülüşənlər də yox idi. Çünki hər məhəllədə, hər küçədə namusu hər şeydən üstün tutan onlarla kişi yaşayırdı.

      Nənəmdən eşitdiklərim:

      Hadisə ötən əsrin əvvəllərində baş verib. Babamın bibisi oğlu Ağabala (hamı onu Ağa deyə çağırırmış) eşidir ki, aşağı küçədə yaşayan bir nəfər onların küçəsində yaşayan bir gəlinə söz atıb. Ağa həmin adamı öldürəcəyini bildirir. Ağanın qorxusundan həmin günahkar təxminən bir ay evdən bayıra çıxmır. Daha sonra ağsaqqallar işə qarışır, Ağanın bu işdən əl çəkməsinə çalışırlar. Ağa günahkarı öldürməyəcəyinə bir şərtlə razı olur: “O şəxs arvad tumanı geyinib, başına kəlağayı bağlayaraq Ağanın məhəllə kişilərinin və söz atdığı gəlinin qabağından keçməlidir.” Şərt ağır olsa da başqa əlac yox idi...

      İndi siz deyin, bundan sonra kimsə cürət edib qız-gəlinə söz ata bilərdimi?

      Günümüzdə isə qulağı sırğalı, qadın paltarı geyinən “üzdəniraqlar” heç də az deyil. Nə isə...

      Yaman darıxmışam o vaxtkı Bakı üçün. O Bakı üçün ki, orada böyüyün böyük yeri vardı, kiçiyin kiçik yeri. İctimai nəqliyyata minən hər bir yaşlı kişi və qadın üçün, yaşından asılı olmayaraq hər bir qız-gəlin üçün yerbəyerdən ayağa durub oturmağı təklif edən kişilər vardı. İndi tarixə dönən trolleybus və tramvaylar kimi həmin sayğı və qayğı da tarixə qovuşub. Metro stansiyalarında gənclərin qatara minib-düşməyə belə imkan vermədikləri, “28 May” stansiyasından “Xalqlar dostluğu”, ya da “İnşaatçılar” stansiyasına qədər bir ayağını götürüb obirini qoyan, başını bulayaraq qulaqlarında qulaqcıq, ağzındakı saqqızı arsız-arsız çeynəyən Avropa mədəniyyətli gənclərə baxan yaşlı nəslin yaddaşlarında bir xatirəyə dönüb o çağlar.

      O vaxtlar özündən böyüklər üçün ayağa qalxmayan mədəniyyətsizləri barmaqla saymaq olardı. İndi isə hər şey tərsinədir, ayağa duranlar barmaqla sayılacaq qədər azdır. Bu gün də avtobusda yaşım mənə “otur”, mədəniyyətim “dur” deyir. Böyüyə hörmət mədəniyyətin əlifbasıdır, mərifətin, ədəbin ilk pilləsi, başlanğıcıdır.

      Daha bir xatirə: Görkəmli qəzəlxan Ə. Vahid vaxtilə belə bir hadisə danışıb:

      “Gəncliyimdə yazdığım təzə qəzəlləri oxumaq və məsləhət almaq üçün tez-tez Azər Buzovnalının yanına gedirdim. Hər dəfə mən içəri girəndə yaşca məndən xeyli böyük olan ustad ayağa qalxır və məni salamlayaraq oturmağa yer təklif edirdi. Bir dəfə ona dedim ki, “Ustad, sizin hər dəfə ayağa qalxmağınızdan xəcalət çəkirəm. Buna görə də sizə gəlmək istəmirəm”. Ustad gülümsünərək dedi: “Sən nə karəsən ki, sənin üçün ayağa durum, mən sənə ədəb, mərifət öyrədirəm.”

      Görəsən bugünkü sığallı, Avropa “mədəniyyətli” gənclərimizə ədəbi, mərifəti öyrətmək üçün ayağa durmaqda gecikməmişik ki?

      Son illərin problemlərindən biri də yeni qurulan ailələr arasında boşanma hallarının gündən-günə çoxalmasıdır. Dövlət Statistika Komitəsinin açıqlamalarında boşanmaların yüksələn xətt üzrə artdığı göstərilir. Yəqin daha ər evinə uğurladıqları qızlarının qulağına: “Qızım, yadında saxla ki, ər evindən bir də qəbir evinə çıxa bilərsən”, -deyən analar yoxdur. Boşanma hallarının artmasının bir səbəbi də, məncə, əsrlər boyu mövcud olan ağsaqqal institutunun ləğvidir. Yadımdadır, hər hansı bir ailədə baş verən kiçik və ya böyük münaqişənin səbəblərini araşdırmaq üçün hər iki tərəfin, hər iki nəslin ağsaqqalları bir araya gəlir, məsələni çözməyə çalışır və buna da nail olurdular. Hakim də, prokuror da, vəkil də ağsaqqal olardı. Ailə münaqişələri bitər, əmin-amanlıq yaranardı. Daha hər xırda şey üçün indiki kimi məhkəmələrə baş vurulmaz, televiziya kanallarındakı müxtəlif şou xarakterli verilişlərdə sandığı açıb pambığı tökməzdilər. O vaxtkı ailələrin aldığı tərbiyəyə görə “ev bizim, sirr bizim” olmalı idi. Hər nəslin, hər məhəllənin öz ağsaqqalı olardı. Ağsaqqallıq nə irsən keçirdi, nə də saqqalın ağlığına görə olurdu. Ağsaqqal dünya görüşlü, səbirli, təmkinli, qarşısındakını diqqətlə dinləməyi bacaran, sözünün yerini bilən kişilər olardı. Ağsaqqal o adam olardı ki, Füzuli demiş:

      Sərvərlik istər isən üftadəlik şüar et

      Kim düşmədən əyağə çıxmadı başə badə.

      (Əgər böyüklük istəyirsənsə, kiçikliyi özünə şüar et. Çünki üzüm ayaq altına düşüb, tapdalanıb şirəsi çıxarılmasa idi, yuxarı çıxa bilməzdi.)

      Məhz ağsaqqallar bir sıra sosial problemləri həll etdikləri üçün 40-50 il bundan əvvəl nə ata-ana qatili olan övladlar var idi, nə də bu qədər ömür-gün yoldaşını qətlə yetirən ər-arvad. Nə qardaş bacını məhkəməyə verirdi, nə də bacı qardaşı. Ailə fərdləri arasında bir mehribanlıq, eyni zamanda qarşılıqlı hörmət, həya vardı. Bacı qardaşın yanında saçını daramaz, güzgüyə baxmazdı. Bu, heç də qadının hüquqsuzluğu deyildi. Bu, bir mədəniyyət, ədəb, həya idi.

      Ötən əsrdə böyüklərin yanında övladı əzizləməz, qucağa götürüb oxşamazdılar. Bəlkə, “dövlətdə dəvə, övladda nəvə” deyimi də bununla əlaqədar yaranıb. Belə ki, övladlarına atalıq, analıq məhəbbətini ədəbdən, həyadan irəli gələn utancaqlıqla gizlədən ata-analar həmin sevgini nəvələrində çəkinmədən, utanmadan bəyan ediblər. İndi isə vəziyyət belə deyil. Ata-ana, qayınata, qayınana yanında övladını bağrına basıb marçıltı ilə öpən, “oğlum”, “qızım”, “balam”, “quzum” kimi ifadələri çəkinmədən dilə gətirərək həddi aşan gəlinlər, oğullar kifayət qədərdir. Bu fikirlərimə görə şübhəsiz ki, məni mühafizəkarlıqda qınayanlar da olacaq. Amma hər şeyin bir ölçüsü, əndazəsi olmalıdır hər halda.

      Hər bir xalqın dilində milli təfəkkürə, etnoqrafiyaya uyğun olaraq müraciət, qarşılama, təbrik və s. formalar olur ki, buna nitq etiketləri deyilir. Ünsiyyət zamanı həmin etiketlərdən istifadə mədəniyyətin göstəricisi sayılır. Təəssüf ki, mədəniyyət göstəricisi olan müraciət etiketlərimizin bir çoxu bu gün unudulmaqdadır. Bunlar əsasən qohumluq əlaqələrini bildirən müraciətlərdir. Əmioğlu, bibiqızı, dayıoğlu, xalaqızı, əmidostu, dayıgəlini kimi ifadələr artıq arxaikləşib. Amma son dövrlərə qədər Bakıda bu cür müraciət şəhər əhalisinin dilində necə də şirin səslənirdi. Özündən beş-altı yaş böyük olan hər hansı bir şəxsə əmioğlu, dayıqızı demək böyüyə hörmət sayılmazmı? Bu bir mədəniyyət deyilmi? Eyni zamanda b cür müraciət get-gedə yadlaşan, bir-birindən uzaqlaşan insanların qohumluq bağlarını möhkəmlətməzmi?

      Yadımdadır evimizdə bir sandıq var idi. Nənəm vaxtaşırı o sandığı açar, içindəkiləri – necə deyərlər, gəlinliyindən kəfənliyinə qədər olan hər şeyi çıxarıb havaya verirdi. O, hər dəfə sandığı açanda ətrafına toplaşar və böyük maraqla sandıqdakı əşyalara baxardıq. Kəsif naftalin qoxusu burnumuza dolardı. Nənəm sandıqdakı əşyaları ona görə havaya verirdi ki, sandıqda olanları qat kəsməsin. Havasızlıq çürütməsin.

      Bu gün bir çox adət-ənənələrimiz, milli dəyərlərimiz, mədəniyyətimiz ağzı qıfıllı sandıqlara qoyulub, əvəzində Avropanın imtina etdiklərini mənimsəyib nümayiş etdirərək milli dəyərlərdən, mentalitetdən danışan qulağı sırğalı gənc oğlanlar, şalvarlı nənələr meydana çıxıb.

      Milli dəyərlərimizi sandıqlardan çıxarmaq vaxtıdır. Milli dəyərlərdən, mədəniyyətdən danışmaq yox, milli dəyərləri, mədəniyyəti yaşamaq və yaşatmaq lazımdır! Unutmayaq ki, keçmişə güllə atanları gələcək topa tutacaq.   

      • Hits: 1084 clicks

      Tecox component by www.teglo.info