Osman Nuri Topbaş /HAQQ DOSTLARINDAN HİKMƏTLƏR -Loğman Həkim u- 3

      Share

      Loğman u buyurur:

      "Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!" (Loğman, 17)

      [Bu nəsihətiylə Loğman Həkim Allahın fərz etdiyi çox əhəmiyyətli əməllər olan; namaz, yaxşılığı tövsiyə edib pislikdən çəkindirmə və səbrə diqqət çəkməkdədir.

      NAMAZ; dinin dirəyi, möminin meracıdır. Vazkeçilməz bir qulluq vəzifəsidir. Düşmənlə müharibə əsnasında belə tərk edilə bilməz.

      Namaza davam etmək qədər, namazı tədili-ərkana riayət edərək xüşu ilə qılmaq da son dərəcə mühümdür. Çünki məqbul bir namaz qəlb və bədən ahəngi içində, duyğu dərinliyi ilə qılınan namazdır. Necə ki, Rəbbimiz belə buyurmuşdur:

      Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)” (əl-Muminin, 1-2)

      Səhabələrdəndən Abdullah bin Şıhhir t Həzrət Peyğəmbərin namazdakı xüşu halını belə nəql edir:

      “Bir dəfə Rəsulullah r-in yanına getmişdim. Namaz qılır və ağladığı üçün sinəsindən qaynayan qazan səsinə oxşayan səslər gəlirdi.” (Əbu Davud, Salət, 158)

      Namaz Meracda fərz qılındı. Allah Rəsulunun namazı da daim bir Mirac halında, yəni Haqq-Təala ilə tərifi imkansız bir vüslət mahiyyətində idi. “Na­mazı məndən gördüyünüz kimi qılın…”[1] buyuran Peyğəmbərimiz r bu təlimatıyla biz ümmətinə də Merac vəsfində namaz qılmağı əmr etmiş olurdu. Həmçinin Rəsulullah r namazın qəlbi cəhətini; “…Namaz, xüşu hiss etmək, təvazö və (Allah qarşısında) kiçikliyini göstərməkdir…” şəklində tərif etmişdir.[2] Deməli, mömin namazda aləmlərin Rəbbinin hüzurunda durduğunun fərqində olmalı, Ondan qeyrisiylə əlaqəsini kəsməli, öz heçliyini idrak edərək böyük bir təvazö, təzim, xüşu və yalvarma halını qorumağa çalışmalıdır. Özünün zəif, kiçik və aciz bir varlıq olduğunu, sahib olduğu hər şeyin Haqq-Təalanın bir lütfü olduğunu etiraf duyğularıyla rüku və səcdəyə getməli, səcdədə bir növ mənliyini yerlə-yeksan edərək Haqda fani olmalıdır. Namazı Allah-Təalanın hüzuruna çıxaraq şərəflənmək və ilahi feyizlərə nail olmaq istəyi ilə əda etmək lazımdır.

      Eyni zamanda özümüzü tamamilə namaza vermək, namazdakı təkbirlərin, təsbihatın, oxunan dua və ayələrin məna iqliminə girməyə cəhd göstərmək və beləliklə bu mühüm ibadəti duyğu dərinliyi içində və bir Merac həyəcanıyla əda etmək lazımdır. Namazla bu şəkildə bütünləşmək mənasına gələn, Meracda təcəlli etmiş olan Təhiyyatın namazda oxunma ədəbinə dair bir ölçünü, Əsəd Ərbili həzrətləri belə ifadə edir:

      “Rəsulullah r -in (Meracda) Allah-Təalaya ərz və təq­dim etmiş olduğu təzimi, yəni Təhiyyatı na­maz qılan insan öz hesabına (yəni öz adına şəxsən Allaha) təq­dim etməlidir. (Özünü kənarda tutaraq) başqasının sözünü (və ya bir hadisəni) nəql edirmiş kimi oxumamalıdır. (Tahiyyatın mənasıyla bütünləşərək Meracdaki o təcəlliləri sanki özü yaşayırmış kimi oxumalıdır.) Haqq-Təalanın (cavab olaraq) Peyğəmbərimizə buyurmuş olduğu salamı, Peyğəmbərimizin də ilahi salama verdiyi cavabı və Cəbrayıl u -ın kə­lmeyi-şəhadət gətirməsini hər zaman öz tərəfindən (özü adına) oxumalıdır.”[3]

      Namazı yüksək qəlbi hissiyatla qılan Haqq aşiqlərinin bu ibadətdən aldığı mənəvi zövqü Mövlana həzrətləri belə ifadə edir:

      "Elə bir dəstəmaz al ki, heç vaxt heç pozulmasın. Elə bir namaz qıl ki, heç vaxt bitməsin. Aşiqə beş vaxt namaz kifayət etməz; beş yüz min vaxt istəyər. Əsl aşiq vüslətin bitməsini heç istəyərmi?"

      Bizim də bu vüslət həzzindən artıqlamasıyla istifadə edə bilməyimiz üçün Haqq-Təala insanın bədən quruluşunu səcdə etməyə ən əlverişli şəkildə yaratmış və Uca Zatına yaxınlığa vəsilə olacaq keyfiyyətdə səcdə etməmizi əmr etmişdir.

      Rəbbimiz layiqiylə əda edilən bir namaza dair belə buyurmaqdadır:

      “...Namazı dostdoğru qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...” (əl-Ənkəbut, 45)

      Bu səbəbdən kamilliyə riayətlə qılınmış məqbul bir namaz pislik və həya­sızlıqdan uzaq duran kimsənin qıldığı namazdır. Namazın insanı pisliklərdən çəkindirməsi isə bu ibadət əsnasında həqiqətən idrak edilən qulluq şüurunun, namazdan sonra da davam etdirilməsinə bağlıdır. Əgər bir kimsə həm namaz qılır, həm də başqalarının haqqını tapdalayıb Allahı qəzəbləndirəcək günahlara davam edirsə, deməli o, gerçək mənada namaz qılmır. Namazı bu şəkildə qəflətlə qılanlar haqqında Uca Rəbbimiz:

      Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar, ciddiyə almazlar)!” (əl-Maun, 4-5) buyurmaqdadır.

      Loğman Həkimin nəsihətində ikinci olaraq diqqət çəkdiyi ƏMR BİL-MƏRUF, NƏHYİ ANİL-MÜNKƏR, yəni dinin yaxşı və gözəl gördüyü şeyləri tövsiyə edib buna müqabil pislikdən, günahlardan, şər və batildən uzaqlaşdırmağa çalışmaq da, hər bir möminin əsas vəzifələrindəndir.

      Mənən müəyyən bir kamilliyə çatmış olan bütün saleh möminlər sırf öz qurtuluşlarıyla kifayətlənməyib ətraflarında qurtaracaq başqa ruhlar axtararlar. Çünki öz qurtuluşlarının, başqalarının da qurtuluşu üçün cəhd göstərməkdən keçdiyinin idrakı içində yaşayarlar. Bu vəzifəni ən təbii bir iman məsuliyyəti olaraq görərlər.

      Digər tərəfdən Allah-Təalanın özünə lütf etdiyi -başda iman və Quran olmaq üzrə- bütün nemətləri onlardan məhrum olanlara çatdırmağa çalışmaq qulun Rəbbinə ən gözəl bir şükür ifadəsidir.

      Lakin Əsad Ərbili həzrətlərinin də ifadə buyurduğu kimi;

      “Şü­kür yalnız “Ya Rəbbi, Sənə şükürlər olsun!” demək de­yil. Əksinə, Allahın insana lütf etdiyi (göz, qulaq, dil, ürək, ağıl, sağlamlıq və həyat başda olma üzrə) bütün nemətlərdən yaradılış qayəsi istiqamətində istifadə etmək deməkdir. Bununla birlikdə şükrün ən məqbulu isə sari olan, yəni din qardaşlarına fayda verən (xidmətlər və ictimai) ibadətlərdən ibarətdir.”[4]

      Haqqı və xeyri tövsiyə edib, şər və batildən çəkindirməyə çalışmaq və bu şəkildə xidmət də ictimai ibadətlərin ən başında gəlməkdədir. Lakin bu xidməti ifa edəcək möminlərin, şəxsiyyət, xarakter, hal və davranışları etibarilə İslamı təmsil edə biləcək keyfiyyətdə olmaları, yəni İslamı əvvəlcə yaşayışlarıyla sərgiləmələri şərtdir. Necə ki, Mövlana həzrətləri də:

      “Hal ilə öyüd verən, sözlə öyüd verəndən yaxşıdır.” buyuraraq təbliğ və irşad xidmətlərindəki təsir bərəkətinin sirrini xülasə etmişdir.

      Loğman Həkimin nəsihətində son olaraq diqqət çəkdiyi SƏBİR mövzusuna gəldikdə isə Qurani-Kərimdə üzərində ən çox durulan xüsuslardan biri olan səbir, dəyişən xoş və ağır şərtlər qarşısında qəlbi müvazinəti pozmamaq, qulluq tarazlığını və səyini mühafizə etməkdir. Xəstəlik, kasıblıq, fəlakət və müsibətlərlə, xüsusilə dinin təbliği və qafillərə xəbərdarlıq əsnasında qarşıya çıxan əziyyətlərə Allah üçün dözmək; qulunu bu kimi sınaqlarla imtahan edən Allah-Təalanın razılığını cəlb edər. Belə vəziyyətlərdə mömin daim peyğəmbərlərin yaşadıqları ağır imtahanları, keçdikləri əziyyətli yolları düşünərək qəlbi müvazinətini qorumalı, əzm və səyini canlı tutmalıdır.

      Mövlana Həzrətləri peyğəmbərlərin ən mühüm vəzifəsi olan təbliğ və irşadın nə qədər böyük bir səbir işi olduğunu ifadə edərək:

      "Bəlalarım çoxu peyğəmbərlərə gələr. Çünki xam adamları yola gətirmək, onsuz da (başlı-başına bir) bəladır." buyurmuşdur.

      Həmçinin Mövlana həzrətləri bu kimi bəlalara səbirlə dözüm göstərməyin insana qazandırdığı kamilliyi ifadə edərək:

      “Gülün tikana dözməsi, onu gözəl ətir sahibi etdi.” buyurmuşdur.

      Çünki gül tikana dözümü sayəsində tərbiyə və təskiyə olar. Möminin mənəvi tərəqqisinin ən mühüm şərti də səbir süzgəcindən keçmək, yəni Allah yolunda başına gələn çətinliklərə axirətdəki mükafatını düşünərək səbirlə dözməkdir. Şikayəti, üsyanı, sızlanmağı bir kənara qoymaqdır.

      Digər tərəfdən insanı aciz qoyan müsibətlərə, kasıblığa səbir etmək qədər; nəfsi qürurlandırıb azğınlığa sürükləyə biləcək olan zənginlik, gənclik, səhhət və rahatlığa qarşı səbir də çox mühümdür. Hətta bu vəziyyətdə, nəfs daha qüvvətli olduğundan, onun azğın ehtiraslarına cilov vura bilmək və günahların şiddətli cazibəsi qarşısında onu saxlaya bilmək nəfsin zəif olduğu kasıblıq, xəstəlik və ya qocalıq hallarına müqayisədə daha çətindir. Bu səbəbdən mömin hansı şərtlər altında olursa-olsun sadə bir təqva həyatı yaşamaq iradəsini səbirlə mühafizə etməlidir.]

      Loğman u buyurur:

      "Mədə (çox) dolarsa, təfəkkür yuxuya gedər. Əzalar da ibadətdən geri qalar!"

      [Təsəvvüfdə nəfsi tərbiyə edib ruhu kamilləşdirmə yoluna girə bilməyin ən mühüm düsturlarından üçü;

      1) Az yemək,

      2) Az yatmaq,

      3) Az danışmaqdır.

      Loğman Həkimin bu nəsihətiylə diqqət çəkdiyi az yemək, bütün peyğəmbərlərin, səhabənin, evliyaullahın və saleh qulların şüarıdır. Günümüzdəki bir çox xəstəlik və böhranların səbəbini təşkil edən və bir çox azğınlıq və daşqınlıqlara gətirib çıxaran tamahkarlıq, yeyib-içmədə israf və hər istədiyi yemək təqva sahibi olan saleh bəndələrin tanımadığı bir həyat tərzidir.

      Bədəni həddindən artıq bəsləmək, insanın könül aləminə zərər verər, qəlbi qatılaşdırar, nəfsi azdırar, ruhaniyyəti zədələyər, təfəkkürü zəiflədər. Bunun üçün də Həzrət Peyğəmbər r belə buyurmuşdur:

      …Biz acmadıqca yeməyən bir qövmük. Yediyimiz zaman da doyana qədər yemərik.” (Hələbi, İnsanul-Uyun, III, 299)

      “Heç bir insan mədəsindən daha təhlükəli bir qab doldurmamışdır. Halbuki insana özünü dikəldəcək bir neçə loğma kifayətdir. Əgər bir kimsənin mütləq çox yeməsi lazımdırsa, mədəsinin üçdə birini yeməyə, üçdə birini suya, üçdə birini də nəfəsinə ayırsın!” (Tirmizi, Zöhd, 47)

      “Mömin, bir bağırsağı ilə, kafir isə yeddi bağırsağı ilə içər.” (Müslim, Əşribə, 186)

      Bu səbəblə qidalanma xüsusunda ölçünü qaçırmamaq məqbul bir qulluq həyatı üçün zəruri sayılmışdır. Çünki həddindən artıq dolmuş bir mədəylə Haqqa qulluğun əsasını təşkil edən acizlik, ehtiyac, heçlik və yoxluğun layiqiylə idrak edilməsi, təvazö və heçlik duyğuları içində ilahi dərgaha yönələ bilmək, Allah qorxusu və sevgisiylə ürpərib gözyaşı tökə bilmək mümkün deyil.

      Yəni həddindən artıq tox bir mədəylə zahirən nə qədər ibadət edilsə də, onun könül feyzi və xüşu halı nöqsan olar. Bu isə zahirən çox kimi görünən bir çox ibadətin əslində nöqsan və ya qüsurlu olmasına səbəb olar. Bu baxımdan ibadətləri xüşu ilə əda edə bilmək, təfəkkürdə dərinləşərək ilahi hikmət və ibrətlərdən layiqincə feyz ala bilmək üçün, halal və az qida ilə kifayətlənmək şərtdir.

      Mövlana həzrətləri bu həqiqəti nə gözəl ifadə edir:

      “Bədəni həddindən artıq bəsləyib böyütməyə çalışma! Çünki o, nəhayət torpağa veriləcək bir qurbandır. Sən əsas könlünü bəsləməyə bax! Ucalara gedəcək və şərəflənəcək olan odur.”

      “Bədəninə yağlı-ballı şeyləri az ver. Çünki onu gərəyindən çox bəsləyən kimsə sonunda nəfsani arzulara düşər və alçalar.”]

      Loğman u buyurur:

      "Ey oğlum! Xoruz səndən daha ağıllı olmasın! O hər səhər zikr və təsbih edir, sən isə yatırsan!"

      [Loğman Həkim bu nəsihətində də az yatmaq düsturuna diqqət çəkməkdədir.

      Nə ibrətlidir ki, Allah-Təala bizlərə bir xəbərdarlıq vəsiləsi olsun deyə bir çox heyvanatı belə gecənin ən feyzli vaxtı olan səhərlərdə oyandırır. Əhsəni-təqvim olaraq yaradılıb məxluqa­tın ən şərəflisi qılınan insan oğlunun bu vaxtdan qafil qalması necə də həzindir!

      Səhər vaxtları zehnin və qəlbin aydın; idrak və ifadənin iti; yaddaşın qüvvətli; mənəvi yollarda irəliləməyin sürətli olduğu müstəsna zamanlardır.

      Haqq-Təala səhərlərdə ifa edilən zikrə digər zamanlardakı zikrdən daha çox qiymət verməkdədir. Çünki yatağın sanki bir maqnit kimi insanı özünə çəkdiyi bir vaxtda iba­dət­lə məşğul ola ­bil­mək, di­ğer za­man­lar­a görə da­ha çətindir. Bu səbəblə səhərləri əhya -təbiri caizsə- hər kişinin deyil, ər kişinin işidir. Səhərlər şirin yuxunu sırf Allah rizası üçün tərk edərək ilahi hüzura yalnız eşqi-ilahi səbəbiylə baş qoyma zamanıdır. Bu səbəb­lədir ki, qu­lun Rəb­bi­nə duy­du­ğu xalisanə mə­həb­bətin açıq-aşkar bir ifa­de­si­dir. Rəbbini kamil mənada sevən bir möminin dərin qəflət içində səhərlərə qədər yatması düşünülə bilməz!

      Səhər vaxtlarında namaz, dua, istiğfar, tövhid, salavati-şərifə, təfəkküri-mövt və digər zikrlər, ruha verilən ən feyzli qidalardır. Özümüzü qəflətdən mühafizə edə bilmək üçün gündüzlərə də bu mənəvi enerji ilə girə bilmək çox mühümdür.

      Qəlbdəki Allah sevgisinin səviyyəsi nə qədərdirsə, şübhəsiz ki, ge­cə na­ma­zı­na və təs­biha­ta rəğ­bət də o deərə­cə­də təza­hür edər.

      Bir nəfər İbrahim bin Ədhəm həzrətlərinə:

      “- Gecə ibadətinə qalxa bilmirəm, mənə bir çarə öyrət.” -dedikdə bu cavabı aldı:

      “- Gündüzlər Allaha üsyan etmə; gecələr O səni hüzuruna çağırar. Gecə Onun hüzurunda olmaq uca bir şərəfdir. Günahkarlar bu şərəfə nail ola bilməzlər!”

      Gecə ibadətinin mənəvi həzzini və bolluğunu dadan saleh şəxslər səhərlərin heç bitməməsini arzu etməz, təfəkküri-mövtdə dərinləşməyin gətirdiyi hissiyyat ilə də; “Mən ölümdən qorxmazdım, lakin o, mənimlə gecə namazımın arasına girməkdədir.” demişlər.

      Həqiqətən hər ­kəs yuxuda ikən ibadətlə məşğul olmaq Rəbbimizin çox xüsusi mə­həb­bət və mə­ri­fət məc­li­si­nə daxil olan seçilmiş qul­la­rın­dan ol­maq de­mək­dir. Bu səbəblə könül əhli olanların nəzərində səhərlərdən da­ha fe­yz­li bir za­man ola­maz. Bu xü­sus­da ayeyi-kə­ri­mə­lər­də belə bu­yuru­lur:

      Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində keçir!) Həqiqətən, bunlar (insanlar, Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) arxa çevirərlər.” (əl-İnsan, 26-27)

      “Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.” (əs-Səc­də, 16)

      Onlar (müttəqilər) gecələr (ibadətlə məşğul olub) az yatarlar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyərlər. (əz-Za­ri­yat, 17-18)

      Allah Rəsulu r  də səhərlərin könül feyzindən məhrum qalmamamız üçün bu tövsiyəni etmişdir:

      "Ge­cə iba­də­ti­nə diqqət edi­n! Çün­k o, siz­dən ön­cə­ki sa­leh insanların adə­ti­dir. Şüb­hə­siz ki, ge­cə iba­də­tə qalxmaq Al­laha yaxınlaşmağa və­si­lə­dir. (Bu iba­dət) gü­nah­lar­dan çəkindirər, xətalara kəf­fa­rət olar və bədən­dən dərd­lə­ri aparar.” (Tir­mi­zi, Də­avat, 101)

      Səhər vaxtlarını ibadətlə canlandırmaqdan geri qalmaq isə, mühüm bir itki və xüsrandır. Bu hadisə sözünü etdiyimiz gerçəyi nə gözəl ifadə etməkdədir:

      Həzrət Ömərin oğlu Abdullah v buyurur:

      “Allah Rəsulunun sağlığında yuxu görən bir adam onu Peyğəmbərimizə danışardı. Mən də bir yuxu görməyi və onu Rəsulullaha danışmağı çox istəyərdim. O zaman subay bir gənc idim və məsciddə qalırdım.

      Bir dəfə yuxumda iki mələk məni cəhənnəmə apardılar. Gördüm ki o, quyu divarı kimi hörülüb və quyuda olduğu kimi iki dirəyi vardı. Çaşdım, orada tanıdığım bir neçə adam da var idi. Mən:

      “- Cəhənnəmdən Allaha sığınıram! Cəhənnəmdən Allaha sığınıram!” deyə qışqırdım. Bu zaman bir başqa mələk gəlib mənə:

      “- Qorxma, sənə heç nə olmayacaq!” -dedi.

      Bu yuxunu bacım Hafsaya danışdım, o da Allah Rəsuluna çatdırdı. Bunun üzərinə Rəsulullah belə buyurdu:

      “- Abdullah nə gözəl və nə yaxşı bir adamdır! Bir də gecə namaz qılsaydı!..”

      Abdullah t, o gündən sonra gecənin böyük bir qismini ibadətlə keçirər, çox az yatardı. (Buxari, Əshabun-Nəbi, 19)

      Xülasə, mömin səhərlərini Allah və Rəsulunun təlimatları istiqamətində qiymətləndirə bilsə, gecəsi gündüzdən daha nurlu, daha işıqlı olar. Necə ki, böyük vəlilərdən Bəyazid Bistami həzrətləri; “Gecələr gündüzə çevrilmədən mənə heç bir sirr agah olunmadı.” buyurmuşdur.]

      Loğman u buyurur:

      “Oğlum! Sükut etdiyim üçün əsla peşman olmadım. Söz gümüşdürsə, sükut qızıldır.”[5]

      “Sükut hikmətdir; ancaq riayət edən azdır.”[6]

      [Loğman Həkim bu nəsihətində də az danışmaq düsturuna diqqət çəkməkdədir.

      Sükut; alimlərin bəzəyi, cahillərin örtüsüdür. Sükut zirehinə bürünən insan bir çox təhlükədən qorunmuş olar. Xüsusilə həsəd əhlinin zəhər saçan nəzərlərindən xilas olar. Beləliklə insan çox danışmaqdansa çoxlu saleh əməl işləməli, xeyirli və gözəl əməllər ortaya qoymalıdır. Yoxsa çox danışıb, edəcəyi gözəl əməlləri dilə gətirməkdən onları etməyə fürsət tapa bilməyən bir insan dərin qəflət və aldanış içində sayılır.

      Nəfsi cilovlayaraq edilən bir sükut, yerinə görə cahillərə verilmiş ən tutarlı cavabdır. Necə ki, İslam alimləri; “Axmağa veriləcək ən gözəl cavab, sükutdur.” demişlər. Aşağıdakı hadisə bunun nə gözəl misalıdır:

      Bir gün Rəsulullah r, əshabi-kiramın arasında oturarkən, bir nəfər gəlib Həzrət Əbu Bəkri təhqir etdi. Əbu Bəkir t cavab verməyib sükut etdi. O kimsə ikinci dəfə eyni şəkildə təhqiramiz sözlər işlətdi. Əbu Bəkr t yenə sükut etdi. Həmin adam üçüncü dəfə təhqir etdikdə Əbu Bəkr t dözə bilməyib ona layiq olduğu cavabı verdi. Bu zaman Rəsulullah r dərhal oradan qalxıb getməyə başladı. Həzrət Əbu Bəkr t ardından yetişərək:

      “- Ya Rəsulallah, yoxsa məndən incidiniz?” dedikdə Rəsulullah r:

      “- Xeyr, incimədim. Səmadan bir mələk enmiş, o kimsənin sənə söylədiklərini yalanlayır, sənin adına ona cavab verirdi. Sən cavab verib intiqamını aldığın an mələk getdi, onun yerinə şeytan gəldi. Bir yerə şeytan gəldikdə mən orada dayanmaram!” buyurdu. (Əbu Davud, Ədəb, 41/4896)

      Həmçinin susmaq lazım olarkən danışmaq qədər, danışmaq lazım olarkən susmaq da ayrı bir səhvdir. Çünki haqqın zay olacağı anlarda səhvə müdaxilə etməyib səssiz qalmaq ağır bir günah səbəbidir. Necə ki, Əbu Əli ed-Dəqqaq həzrətləri belə buyurmuşdur:

      “Haqqı ifadə etmək mövqeyində olduğu halda susanı, dilsiz şeytan kimidir.”

      Danışmaq və ya sükut etmək bəhsində möminlər olaraq hər birimizin ölçüsü Peyğəmbərimizin bu təlimatına riayət etmək olmalıdır:

      “Allaha və axirət gününə iman edən kəs ya xeyir söyləsin, ya da sussun!” (Buxari, Ədəb, 31, 85; Müslim, İman, 74)

      Bu səbəbdən insanın mütləq danışması lazımdırsa, sükutdan daha qiymətli olan, ürəklərə rahatlıq verib ruhları dinləndirən hikmətli sözlər söyləməlidir. Belə gözəl sözlər söyləyə bilmək üçün də əvvəlcə hikmətli sözləri ruha həzm edərək yaşatmaq lazımdır. Necə ki, Haqq-Təala da insana çox dinləyib az və öz danışması üçün iki qulaq, bir dil bəxş etmişdir. Bu həqiqətə diqqət yetirilmədiyi təqdirdə isə, Şeyx Sədi Şirazinin ifadəsiylə:

      “Hər kim düşünmədən danışsa, sözü çox vaxt səhv olar.”

      Bunun üçün də Həzrət Əbu Bəkr t:

      “Nə söylədiyini, kimə söylədiyini və nə vaxt söylədiyini yaxşı fikirləş!” buyurmuşdur.

      Həmçinin sözü həddindən artıq uzatmaq insanı qısa zamanda gözdən salar. Çünki Həzrət Mövlananın buyurduğu kimi: “Uzun sözü məqsədini izah edə bilməyən söyləyər.” Belə uzun danışanı da qısa dinləmək lazımdır.]

      Allah-Təala sükutumuzu təfəkkür, baxışımızı ibrət, sözümüzü hikmət etsin. Ömür sərmayəmizi rizası istiqamətində ən faydalı şəkildə qiymətləndirmə fərasətini hər birimizə lutf eyləsin.

      Amin!..


      [1] Buxari, Azan, 18.

      [2] Tirmizi, Salət, 166.

      [3] M. Əsəd Əfəndi, Məktubat, s. 33, no: 10.

      [4] M. Əsəd Əfəndi, Məktubat, s. 67, no: 38.

      [5] Əhməd, əz-Zöhd, s. 44, no: 272.

      [6] Əhməd, əz-Zöhd, s. 88, no: 545.

       

      • Hits: 1118 clicks

      Tecox component by www.teglo.info