Osman Nuri Topbaş / HAQQ DOSTLARINDAN HİKMƏTLƏR -Loğman Həkim u- 2

      Share

      Loğman u buyurur:

      “Oğlum, hikmət yoxsulları padşahların məclislərinə oturdar.” (Əhməd, əz-Zöhd, s. 87, № 537)

      [Hikmət ruhun qidasıdır. İnsan bədəninin yaşaya bilməsi üçün maddi qidalara ehtiyacı olduğu kimi, mənəvi yüksəliş və təkamül üçün də hikmətlərdə dərinləşərək qəlbi feyz və ruhaniyyətlə əhya etmək zəruridir.

      İnsan dünyanın bütün mülkünə sahib olsa da hikmətdən məhrum qalmağın ruhunda açdığı boşluğu heç cür doldura bilməz. Buna görə də xüsusilə böyük sərvət sahibləri və idarəçilik mövqeyində olub cəmiyyətin məsuliyyətini yüklənənlər Haqqa qulluq yolunda qəlbi müvazinət və istiqamətlərini qoruya bilmək üçün hikmət sahibi şəxsiyyətlərin himmətlərinə hər kəsdən daha möhtac olmuşlar. Çünki qüdrət və iqtidar sahiblərinin ətrafındakılar ümumiyyətlə mənfəət axtarışı və ya mövqelərini itirmək təlaşı içində olduqlarından doğruları hər zaman cəsarətlə dilə gətirə bilməzlər.

      Hikmət əhli isə xalqın deyil, Haqqın nəzərində mötəbər ola bilməyin dərdindədirlər. Onlar dünyəvi mənfəətlərə təşnə olmayıb, haqqı təbliğ yolunda zəhmtələrə qatlanmağı özləri üçün rəhmət bilirlər. Bu səbəblə güc və iqtidar sahiblərinin yaxınında olanlardan heç birinin edə bilməyəcəyi nəsihət və xəbərdarlıqları etməkdən çəkinməzlər. Onların axirətini qorumaq üçün eynilə bir həkimin xəstəsinə şəfa olacaq acı dərmanlar içirməsi kimi lazım gəldikdə acı tövsiyələr etməyi də özlərinə borc bilərlər.

      Rəvayətə görə Abbasi xəlifəsi Harun Rəşid bir gün yaxın dostuna:

      “- Bu səltənətin verdiyi dəbdəbədən ürəyim sıxıldı. Məni elə bir adamın yanına apar ki, orada hüzur tapım.” –dedi.

      O da Süfyan bin Üyeynənin tövsiyəsilə xəlifəni Fudayl bin İyazın yanına apardı. Fudaylın evinə yollanıb qapısını döydülər. Fudayl içəridən:

      “- Kimdir?” –deyə səsləndi. Onlar da:

      “- Əmirəlmöminin!” –deyə cavab verdilər. Fudayl:

      “- Ümməti-Məhəmmədin görüləcək bu qədər işi ola-ola əmirəlmömininin mənim yanımda nə işi var?” –deyə soruşdu. Harunun yaxın dostu:

      “ – Ulül-əmrə itaət vacibdir. İndi de görək, içəri sənin verəcəyin icazə ilə, yoxsa xəlifənin əmriylə gorək?..” –dedi. Fudayl:

      “- İcazə yoxdur, əgər əmrlə girəcəksinizsə, o da öz işinizdir!..” –dedi.

      Harun içəri girdi və Fudayl bin İyazdan öyüd verməsini istədi. Fudayl belə dedi:

      “- Rəsulullah r –in əmisi olan baban “Məni bir qövmə əmir təyin et!” –deyə Ondan xahiş etmişdi. Allah Rəsulu r də:

      “- Əmican, bir anlıq səni özünə əmir təyin etdim.” –dedi. Yəni “Bir dəfə nəfəs alıb-verənədək Allaha itaət etmək min illər uzunu xalqına biganə və qafil hökmdar olmandan daha xeyirlidir…” –demək istədi. Harun ər-Rəşid:

      “- Bir az da öyüd verərsinizmi?” –dedikdə belə buyurdu:

      “- Ömər bin Əbdüləziz xilafət məqamına gəldiyi zaman Salim bin Abdullah, Rəca bin Hayvə və Məhəmməd bin Kəbi dəvət edərək:

      “- Mənə çox ağır bir vəzifə verildi, axirətdə qurtuluşum üçün mənə nə tövsiyə edirsiniz?” –deyə soruşdu. Onlardan biri:

      “- Əgər sabah, qiyamət günü əzabdan xilas olmaq istəyirsənsə, müsəlmanların yaşlılarını atan, gənclərini qardaşın, uşaqlarını övladın, qadınlarını da anan və bacın bil!..” –demişdi. Xəlifə:

      “- Bir az da öyüd ver!” –dedikdə Fudayl sözünə belə davam etdi:

      “- İslam diyarı sənin evin, bu diyardakı camaat da ailə üzvlərin kimidir. Atana, qardaş-bacılarına və balalarına nə cür rəftar edirsənsə, təbəəndəkilərə də o cür rəftar et. Atan yerində olan yaşlıları ziyarət et, qardaşların yerində olan gənclərə yaxşılıq et, övladın yerində olan uşaqlara da ehsan et.” Sonra belə davam etdi:

      “- Ey xəlifə! Bu gözəl üzünün cəhənnəm odunda yanıb eybəcər hala düşməsindən qorxuram. Elə gözəl çöhrələr var ki, cəhənnəmdə fəryad və fəğan etməkdədirlər! Burada əmin olan bir çoxları orada əsirdirlər!”

      Bu sözlərə qulaq asan Harun ər-Rəşid bir az da öyüd-nəsihət verməsini rica etdikdə Fudayl belə buyurdu:

      “- Allahdan qorx!.. Çünki O, qiyamət günü səndən bir-bir müsəlmanları soruşacaq və hər birinin haqqını ödəməyi sənə əmr edəcək. Əgər bir gecə yaşlı bir qadın evində ac yatmışsa (hidayət gözləyən bir insana təbliğ etməkdən biganə qalmısansa), sabah qiyamət günü onlar da yaxandan yapışacaq və orada səndən şikayətçi olacaqlar!”

      Yaşlı gözlərlə bir qədər də nəsihət dinləyən Harun ər-Rəşid oradan ayrılmazdan əvvəl Fudayl bin İyazdan soruşdu:

      “- Borcun varmı?” Fudayl:

      “- Bəli, var! Rəbbimin bu qədər lütf və ehsanının əvəzində həmd, şükür və zikr borcum var. O, lütf edərək mənə hidayət ehsan etdi. Mənim də vəzifəm bunun şükür borcunu Rəbbimə ödəməyimdir. Əgər O, bu borcumu ifadakı nöqsanlaırm səbəbiylə məni yaxalayarsa, vay halıma!” –dedi. Harun:

      “- Mən Haqqa olan borcunu yox, xalqa olan borcunu soruşuram.” –dedi. Fudayl:

      “- Şükürlər olsun! Haqqın verdiyi nemətlər içində üzürəm. Xalqdan heç nə gözləmirəm.” –dedi.

      Fudayl bu sözüylə bir növ: “Haqqın təqdirindən məmnun və razıyam. Ondan gələn hər şey mənim üçün ə xeyirlidir. Allahın mənim üçün təqdir etdiyini Onun qullarına şikayət etməkdən həya edirəm.” demək istəmişdi.

      Sonra Harun içində min qızıl olan kisəni onun önünə qoydu və:

      “- Bu, anamdan miras qalmış halal puldur.” –dedi. Bunu görən Fudayl dedi:

      “- Bax, Harun! (Mən sənə nə deyirəm, sən nə edirsən?!) Mən sənin qurtuluşunu istəyirəm, sən isə mənə bu qədər ağır bir yük yükləyirsən! Mən sənə malik olduğun hər şeyi haqq sahiblərinə qaytar! (Təbəndəki yaşlılar atan, gənclər qardaşların, qadınlar ana  və  bacıların, uşaqlar da övladlarındır, sənin üzərində məndən əvvəl onlaırn arasındakı yoxsul, ac, kimsəsiz və qəriblərin haqqı var. Sən məndən əvvəl onları düşün, onları himayə et və bu haqqı onlara ver!) deyirəm, sən isə təbəndəki möhtacların haqqını mənə verməyə çalışırsan!..”

      Fudayl bin İyaz bunları dedikdən sonra Harun ər-Rəşidin yanından qalxıb çölə çıxdı. Onun arxasınca nəmli gözlərlə baxan Harun belə dedi:

      “- Fudayl əsl axirət sultanıdır!”[1]

      Budur, Allah-Təala dünyanı arxa plana ataraq üzünü tamamən Allaha və axirətə çevirmiş bəndələrinin könlünə hikmət nurunu bəxş edərək həqiqi səltənəti lütf etmiş, dünya sultanlarını onların izinə salmışdır.

      Şanlı əcdadımız da hikmət sahibi alim və arifləri baş tacı etmiş, onların dua, himmət və nəsihətlərindən istifadə etdikləri müddətdə irəliləyib yüksəlmişlər. Osman Qazinin yanında bir Şeyx Ədəbali həzrətləri, Yıldırım Xanın yanında Əmir Sultan, Fateh Sultan Mehmedin yanında Ağşəmsəddin həzrətləri, Sultan Əhmədin yanında Hüdayi həzrətləri və daha kimlər maddə ilə məna, dünya ilə axirət arasında möhtəşəm bir tarazlıq ünsürü olmuş, onların qəlblərinə sanki istiqamət zərdabı vurmuşlar.

      Burada qeyd edəcəyimiz hadisə bu həqiqətə gözəl bir nümunədir:

      Yavuz Sultan Səlim xəta və qafil hərəkətlərə göz yummayan cəlal sahibi bir padşah idi. Ancaq cəlalı da camalı kimi ilahi ölçülər çərçivəsində formalaşmışdı. Bir dəfə səhlənkarlıq nəticəsində xəzinədə baş verən oğurluq səbibiylə qırxa yaxın adamın öldürülməsini əmr etmişdi. Bunu eşidən Şeyxülislam Zənbilli Əli Əfəndi əmr icra edilmədən mane ola bilmək üçün izin belə almadan tələsik Yavuzun yanına girdi. Hadisənin əslini Sultanın ağzından eşitmək istədi. Yavuz:

      “- Əfəndi həzrətləri, eşitdikləriniz düzdür, ancaq sizin də dövlət işlərinə qarışmağa haqqınız yoxdur!..” –deyərək sərt cavab verdi.

      Bu zaman Zənbilli Əli Əfəndi eyni sərtliklə:

      “- Sultanım, mən sizə şəriətin hökmlərini bildirməyə gəldim. Çünki bizim vəzifəmiz sizin axirətinizi qorumaqdır!..” –deyərək düzgün qərarın necə olacağını izah etdi.

      “–Sultanım! Ben size şer’î hükümleri bildirmeye geldim. Zira bizim vazifemiz sizin âhiretinizi korumaktır!..” diyerek verilmesi gereken kararın doğrusunu izah etti.

      Zənbilli Əli Əfəndi bu sözləriylə öz axirətini təminat altına almaq üçün də zəruri olan xəbərdarlıq və irşad vəzifəsini ifa edirdi. Çünki belə etməyəcəyi təqdirdə özünün də məsuliyyətdən qurtula bilməyəcəyinin idrakı içində idi. Bu səbəblə qəzəbləndiyi zaman zəbt edilməsi mümkün olmayan cəngavər Yavuzun hüzuruna kəlləsini qoltuğuna alaraq çıxmış, həqiqətləri cəsarətlə dilə gətirmişdi.

      Böyük orduları diz çökdürən Yavuz Sultan Səlim xan isə heç kimdən görmədiyi bu sərt cavab qarşısında bir az hiddətlənsə də ilahi həqiqətlərin qıldan incə, qılıncdan kəskin ölçüləri qarşısında başını önünə əydi. Həqiqəti anladı və şeyxülislamın tövsiyəsini qəbul edib ona görə hərəkət etdi. Üstəlik Zənbilli Əli Əfəndidən də üzr istəyib könlünü aldı.

      Dövlət işlərində heç vaxt xətir-minnət dinləməyən bir cahangirin elm, irfan və hikmət sahibi şəxsiyyətlərə göstərdiyi itaət, təslimiyyət və hörmətin ən möhtəşəm misallarından biri də belədir:

      Yavuz Sultan Səlim xan və ordusu Adana tərəflərdə şiddətli yağışa düşmüşdülər Hər yer palçıq gölməçəsinə çevrilmişdi. O əsnada Səlim xan dövrünün böyük alimlərindən Kamal Paşazadə ilə yanaşı at üstündə söhbət edərək gedirdilər. Birdən Kamal Paşazadənin atı hürkdü və ayağının altından çıxan palçıq Yavuzun kaftanını tamamən batırdı.

      Kamal Paşazadə çox narahat oldu, rəngi qaçdı. Yavuz ona tərəf çevrilərək təbəssümlə:

      “- Alimlərin atının ayağından çıçrayıb bizə bulaşan palçıq bizim üçün şərəfdir, mübarəkdir. Bu palçıqlı kaftanı mən öləndə sənduqəmin üstünə örtərsiniz!” –buyurdu.

      Böyük fəthlər sultanı Yavuz xan dünya çapındakı zəfərləriylə məğrur olmamış, daima nəfsinə qələbə çalaraq həqiqi zəfərin ancaq elm, irfan və hikmət sahibi şəxsiyyətlərin irşadıyla könül dünyasında baş verəcəyini idrak etmiş bir padşah idi. Onun bu misraları sözügedən həqiqəti necə də gözəl ifadə edir:

      Padişahı-aləm olmaq bir quru qovğa imiş;

      Bir vəliyə bəndə olmaq cemlədən əla imiş!..

      Gördüyümüz kimi Yavuz Səlim xan da bir çox Osmanlı padşahı kimi özünü haqqa və xeyrə istiqamətləndirərək bir vəlini bütün dünyəvi dəyərlərdən üstün tutaraq onların himmətlərini dünya səltənətinə tərceh etməkdəydi.

      Həzrət Mövlana buyurur:

      “Haqq dostu bir vəlinin köləsi olmaq padşahların başlarına tac olmaqdan daha yaxşıdır.”

      Çünki padşahların başındakı tac bir müddət ehtişamla səltənət sürsə də nəticədə faniliyə məhkumdur. Lakin bir Haqq dostuna yar olanların hikmət dolu xəbərdarlıq və irşadlarıyla nail olacaqları səadət və səltənət isə əbədidir.

      Məhz bu şüur və idrak içində olan Osmanlı sultanları da dövlətin quruluşundan süqutuna qədər maaşlı əsgərlərinə hər cümə günü namaza gedib-gələrkən yüksək səslə:

      “Məğrur olma, padişahım, səndən böyük Allah var!..” demələrini əmr edərək, özlərinə edilən mənəvi tövsiyələrin bu çəklini rəsmiləşdirməyə çalışmışlar.]

      Loğman u buyurur:

      “Ey oğlum! Alimlərin (və ariflərin) məclislərində iştirak et! Hikmət sahiblərinin sözlərinə qulaq as! Çünki Allah-Taala yağdırdığı bol yağışla ölü torpağı diriltdiyi kimi, ölü qəlbi də hikmət nuruyla dirildir.” (Heysəmi, Məcmauz-Zəvaid, I, 125)

      [Hər bir insan özünü haqqa və xeyrə çatdıracaq bir fərasət və bəsirət nuruna möhtacdır. Bu nura kifayət qədər sahib ola bilməyənlər isə sahib olanların rəhbərliklərinə tabe olaraq doğru yolu tapa bilərlər.

      Xüsusilə zəmanəmizin materialist dünyasında nəfsani cazibələr təhrik edilməkdə, bir çox insanlar özlərini mənəvi təhlükələrə qarşı xəbrədar edəcək bir rəhbərdən məhrum olduqları üçün seldə axıb gedən kötüklər kimi istiqamətini itirməkdədir. Neçə-neçə bulaq suyu qədər şəffaf könüllər ilahi hikmət və həqiqətlərlə istiqamətləndirilmədiyi üçün bataqlıqlara axaraq hədər olmaqdadır. Dünyəvi və nəfsani cazibələrə aldanaraq qəflət və dəlalətə sürüklənənlərin həzin hakını Mövlana həzrətləri belə təsvir edir:

      “Allahın sınaq vasitəsi dünya malı (və səltənəri)dir. Dünya qafili sərxoş edər, aldadar. Könlünü dünyaya verənlərən qəlb gözü kor olar. Çünki onlar (qəflətləri səbəbiylə bulaq suları ola-ola) gölməçədəki acı və duzlu suyu içərlər.”

      Yanlış məcralara yönələn, yorulan və iztirab çəkən ruhların yeganı müalicəsi haqqı və xeyri görəcək olan könül gözlərinin açılması və qəlblərin ehya olması isə ilahi hikmət və həqiqətlərlə zinətlənmiş diri bir könül aləminə sahib olan Allah dostlarının izini təqib etməklə mümkündür. Haqq dostu Mövlana həzrətləri bu həqiqəti də belə ifadə edir:

      “Allahla bərabər olmaq istəyən kəs vəlilərin söhbətlərini qaçırmasın. Vəlilərin hüzurundan uzaqlaşmaq həlak olmaq deməkdir.”

      “Könlün itirdiyi hikmət qumaşı könül əhlinin hüzurunda ələ keçər.”

      Könüllərə mənəvi diriliş vəsiləsi olan hikmət isə içində yaşadığımız bu səbəblər aləminin hər varlığında və baş verən hər hadisədəki səbəblərin özünə bağlı olduğu əsli və sirri səbəbi fərq edə bilmək, beləliklə də əsərdən müəssirə, sənətdən sənətkara yol ala bilməkdir. Hər yerdə var olan ilahi mesajları oxuya bilmək beləliklə də ilahi imtahanın şifrələrini könül aləmində çözə bilməkdir. Müsəbbibul-əsbab, yəni bütün səbəbləri xəlq edən Allaha aparmayan hər idrak xamdır, hər anlayış nöqsandır. İdrakın kamilliyi də hər bir varlıq və hadisədəki ilahi murada diqqət kəsilməyə bağlıdır.

      Buna görə hikmətli söz və davranışlarla təfəkkürdə dərinləşərək daxili aləmi əhya etmək zəruridir. Mömin bu sayədə qulluq şüurunu canlı tuta biləq. Yenə bu səbəblə peyğəmbərlərin təbliğ və təzkiyə ilə yanaşı ən mühüm vəzifələrindən biri də Kitab və “Hikmət”i təlim etməkdir.

      Hikmətin əsl mənbəyi Allah-Təaladır. Hikmətlərin qəlbə ilham olunub ifadəyə sirayət etməsinin yolu isə təqva təzahürü saleh əməllərlə qəlbən Allaha yaxın olmaqdır. Bir hədisi-qüdsidə Həzrət Peyğəmbər r Allah-Təalanın belə buyurduğunu bildirir:

      “…Bəndəm ona fərz qıldığım əməllərdən daha sevimli heç nə ilə Mənə yaxınlaşa bilməz. Bəndəm Mənə (fərzlərdən əlavə) nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət Mən onu sevərəm. Onu sevdiyim zaman Mən onun (sanki) eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı, anlayan qəlbi və danışan dili olaram…” (Bax. Buxari, Riqaq, 38; Əhməd, VI, 256; Heysəmi, II, 248)

      Başqa bir hədisi-şərifdə isə belə buyurulur:

      “Qırx səhər ixlasla Rəbbinə yönələn insanın qəlbindən dilinə hikmət bulaqları axar!” (Süyuti, Camius-Sağir, II, 137/8361)

      Nəticə etibarilə Haqqa yaxınlıq xüsusunda yüksək səviyyə qazanmış, təqva sahibi saleh şəxsiyyətlərin könül dünyaları ilahi hikmət və həqiqət nurlarının əks etdiyi cilalı və şəffaf bir aynaya bənzəyir. Bu Haqq dostları məxluqata hikmət və ibrət nəzəriylə baxdıqları üçün digər insanlardakı kainat xariqələrini adi bir şeymiş kimi görmə qəfləti onlarda olmaz. Həqiqətən insan hər hansı bir rəssamın təbiəti təqlid edərək çəkdiyi mənzərələri təqdirlə tamaşa edərkən kainat və onun Xaliqi qarşısında eyni təqdir hissini duymaz. Bütün xariqələri sadə təbiət hadisələri olaraq qavrayar. Hikmət əhli Haqq dostları isə bir rəssamın sırf şöhrətini davam etdirmək üçün çəkdiyi tabloların yerinə, əsl sənətkar olan Allah-Təalanın qüdrət əsərləri qarşısında heyrət, dəhşət və həyəcan hissi keçirərək ilahi sənətin həzzinə nail olarlar.

      Sərmayəsi eyni torpaq olan milyonlarla növ bitkilərin rəngarəng yarpaq və çiçəklərinə, ağacların rəng, qoxu, ləzzət və formaca sonsuz fərqlilik ifadə edən meyvələrinə; ancaq bir-iki həftəlik ömrü olduğu halda kəpənəyin qanadlarındakı möhtəşəm naxışlara; bülbüllərin kiçicik ürəklərindən gələn fəryad nəğmələrinə; qumruların “hu hu” səslərinə; insanın yaradılışındakı fövqəladə incəliklərə; gözün görməsi, beynin idrak etməsi kimi sonsuz ilahi möcüzələr və bunların “hal lisanı” adlanan sirli bəyanlarına diqqət kəsilərlər.

      Bu Haqq dostları üçün bütün kainat artıq oxunacaq ilahi bir kitabdır. Onlar sətirdəki elmləri aşmış, sədrdəki (sinələrdəki) elmə nail olmuşlar. Bu səbəbdən onların hikmətli sözlərini dinləmək, ibrət dolu davranışlarını diqqətlə izləmək insana müstəsna bir mənəvi dirilik qazandırır.]

      Loğman u buyurur:

      “Oğlum! Daş da daşıdım, dəmir də! Ancaq pis qonşudan ağır heç nə görmədim!” (Əhməd, əz-Zöhd, s. 86, № 533)

      [İnsanın əsl üzü çətinliklə sınağa çəkildiyi, nəfsinin damarına basıldığı zaman meydana çıxar. Necə ki, Həzrət Ömər t yanında bir adam tərifləndikdə mədh edən adama bu üç sualı vermişdi:

      “- Sən onunla heç qonşu oldunmu, səfərə çıxdınmı və ya ticarət etdinmi?”

      Qarşısındakı adam üçünü də etmədiyini söylədikdə:

      “- Mənə elə gəlir ki, sən onu məsciddə Quran oxunarkən başını önə əydiyini görmüsən!” –dedi.

      “- Bəli, ey Ömər! Mən onu dediyin kimi görmüşəm” –cavabını verdi. Bu zaman Həzrət Ömər t:

      “- Elə isə çox da tərifləmə! İxlas bəndənin boynuna yazılmamışdır.” –buyurdu.

      Burada Həzrət Ömərin verdiyi dütur zahirə aldanmamaqdır. Kiminsə haqqında doğru bir qənaət sahibi olmaq üçün onun hərəkətlərinə, bəşəri münasibətlərinə də baxmaq lazımdır. Mənfəətindən sınağa çəkilib müsbət qiymət almamış bir insanın əməlisaleh adam olduğuna şahidlik etmək tamamilə yanlışdır.

      Qonşuluq da insanın iç üzünü ortaya çıxaran bir hadisədir. İnsan pisliyini gördüyü bir adamdan uzaqlaşıb ondan xilas ola bilər. Lakin pis bir qonşudan xilas ola bilmək o qədər də asan deyil. Ona görə də qonşu seçərkən diqqətli olmaq lazımdır. Hətta bu barədə: “Ev alma, qonşu al!" sözü məşhurdur.

       

      Rəsulullah r də:

      “Daimi məskunlaşdığınız yerdə pis qonşudan Allaha sığının! Köçəri olduğunuz yerdəki qonşu necə də olsa bir müddət sonra sizdən ayrılacaq” -buyurmuşdur. (Nəsai, İstiazə, 44)

      Həzrət Əbu Bəkr t da:

      “Qonşunla dalaşma, qonaq gedər, o qalar.” buyurmuşdur. Bütün insanların gözəl qonşularla yaşamaq istədiyini düşünərək, əvvəla özümüz gözəl bir qonşu olmalı, daha sonra da saleh qonşuların yanında məskunlaşmağa çalışmalıyıq. Həzrət Peyğəmbər r-in bu bəyanı qonşu haqlarına riayətin əhəmmiyyətini açıq şəkildə ortaya qoyur:

      “Cəbrayıl mənə, daima qonşu haqqına riayət etməyi tövsiyə edərdi. O qədər tövsiyə etdi ki, qonşuları bir-birinə varis təyin edəcəyini zənn etdim!” (Buxari, Ədəb, 28)

      Digər tərəfdən qonşulara narahatlıq vermək böyük bir iman zəifliyidir. Qonşular əvvəlcə bir-birlərinin şərindən əmin olmalıdırlar. Çünki Peyğəmbərimiz r ardarda üç dəfə:

      “- Vallah iman etmiş olmaz!” buyurmuşdu. Səhabələr:

      “- Kim iman etmiş olmaz, ya Rəsulallah?” deyə soruşdular. Rəsulullah:

      “- Edəcəyi pisliklərdən qonşusu təhlükəsizlik içində olmayan kimsə!” buyurdu. (Buxari, Ədəb, 29; Müslim, İman, 73)

      Qonşuluq o qədər mühümdür ki, yalnız bu dünya ilə də məhdud qalmamaqdadır. Hə­yat­da ikən sa­leh­lər­lə bə­ra­bər­lik zəruri ol­du­ğu kimi, qə­bir­də də on­la­ra qonşu ola bilmək çox əhəmiyyətlidir. Necə ki, hədisi-şərifdə:

      “Ölü­ləri­ni­zi sa­leh in­san­la­rın ara­sı­nda dəf­n e­di­n!” buyurulmuşdur. (Dey­lə­mi, I, 102)

      Bu nəbəvi təlimata riayət edən əcdadımız da Eyyub Sultan, Qaraca Əhmed kimi saleh şəxslərin yaxınına dəfn edilmə arzusuyla, bu kimi qəbirisitanlıqları az qala şəhər həcminə çatdırmışlar.

      Xülasə, müsəlman qonşusundan məsuldur. Bu səbəblə hər şeydən əvvəl qonşusunu narahat edəcək davranışlardan çəkinməli, onun kiçik səhvlərinə əhəmiyyət verməəlidir. Haqq-Təalanın sevdiyi kəslərdən birinin də qonşusunun əziyyətlərinə Allah rizası üçün dözən kəslər olduğunu unudulmamalıdır. “İnsan ehsana məğlubdur.” həqiqətinə əsasən qonşusuna yaxşılıq etməlidir. Beləliklə də əgər qonşusu ona düşməndirsə, onun düşmənçiliyini yüngülləşdirməli, nə dost, nə düşmən isə onu dostluğa yaxınlaşdırmalı, dost isə də məhəbbətini artırmalıdır. Necə ki, ayeyi-kərimədə buyurulur:

      Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!(əl-Fussilət, 34)

      Həmçinin pis qonşusunu islah edə bilməyən kimsə qüsuru bir az da özündə axtarmalıdır. Eynilə Abdullah bin Mübarək həzrətlərinin bu misalında olduğu kimi:

      O böyük Allah dostu əxlaqsız bir adamla səfərə çıxmışdı. Səyahət sona çatıb ayrıldıqları zaman, Həzrət ağlamağa başladı. Dostları nə üçün ağladığını soruşdular. O incə ruhlu Haqq dostu dərin bir ah çəkərək buyurdu:

      “- O qə­dər yol getməmizə baxmayaraq yanımdakı yoldaşımın pis əməllərini düzəldə bilmədim. O zavallının əxlaqını gözəlləşdirə bilmədim. Görəsən, mənim hansısa bir nöqsanım səbəbiylə ona faydalı ola bimədim? Əgər o, mən­im xəta və nöqsanlarıma görə istiqamətini düzəltməmişsə, sabah (ilahi hesab günündə) halım necə olacaq!.."]

      Allah-Təala bu hikmət və həqiqətlərin təfəkkürəndə dərinləşərək zərif, rəqiq və incə ruhlu bir mömin ola bilməyi hamımıza qismət eyləsin.

      Amin!

       


      [1] Bkz. Feridüddin Attar, Tezkiretü’l-Evliyâ, İlim ve Kültür Yayınları, s. 131-133; Erkam Yayınları, s. 230-233.

       

      • Hits: 663 clicks

      Tecox component by www.teglo.info