Mehman İsmayılov / İnsan canı müqəddəsdir!

      Share

      Qurani-kərim. Müsəlmanların müqəddəs kitabı. Bütün bəşəriyyətə göndərildiyini iddia edən kitab. Tövratı, Zəburu, İncili təsdiq edən kitab. İçərisində bir çox hikmətlər daşıyan, hər kəsə Allaqın qulu olduğunu xatırladan, duyğularla, hislərlə yanaşı ağıllara da xitab edən kitab. İnsanlığı zülmətdən aydınlığa çıxarmaq üçün göndərilən kitab.

      Çox təəssüflər olsun ki, XXI əsrdə yaşamalarına baxmayaraq insanlar hələ də “əvvəlcədən hökm vermə” prinsipinə sadiq qalmaqdadırlar. Bir çox məsələdə olduğu kimi Qurani-kərim barəsində də bu “öncədən hökm vermə” prinsipinin tətbiqi onu obyektiv şəkildə anlamağa mane olur.

      Son dövrlərdə baş verən hadisələr dünyada Quranı hədəf halına gətirdi. Belə ki, bəziləri şüuurlu şəkildə, bəziləri isə bilmədən və yaxud da yuxarıda söylədiyimiz kimi “əvvəlcədən hökm vermə” prinsipi ilə Qurana saldırmağa başladılar. İslamı və onun əsas qaynağı olan Quranı terrorun, geriliyin, savadsızlığın, qətliamların “günahkarı” olaraq gördülər.

      Əlbəttə hər hansı bir məsələdə müzakirə və mübahisə etmək, tənqid olunacaq nöqtələri tənqid etmək çox normal və elmin və ağlın qəbul etdiyi bir şeydir. Quran barədə əsrlər boyu həm müsəlman, həm də qeyri-müsəlmanlar tərəfindən əsərlər, məqalələr qələmə alınmışdır. Müsəlmanlar Quranı izah etmək üçün minlərlə cild əsərlər yazmışlar. Həm müsəlman, həm də qeyri-müsəlmanların yazdıqları bu əsərləri tənqid və təhlil etmək din dili ilə desək “fərzdir”. Lakin bunu edərkən elmin əsas kriteriyalarından biri olan obyektivlik çox mühümdür. Çünki obyektivlik olmadan heç bir məsələdə həqiqəti ortaya qoymaq mümkün deyildir.

      Quranı oxumaq üçün ərəb dilində iki kəlmədən istifadə olunur. Bunlardan biri “tilavət”, digəri isə “qiraət” kəlməsidir. Tilavət bir şeyi üzündən oxumaq, yəni gözlə oxumaqdır. Qiraət isə anlayaraq, idrak edərək oxumaqdır. Quranı tilavətlə oxumaq çox asandır. Qiraətlə oxumaq üçünsə ərəb dilini, İslamdan əvvəlki ərəblərin tarixini, adət-ənənələrini, ərəb şeirini, o dövrdə Ərəbistan yarımadasındakı mühiti, oradakı dinləri, onun 23 il ərzində nazil olduğunu və s. məsələləri bilmək vacibdir. Buna görə də Qurandakı hər hansı məsələ barəsində danışarkən bunları nəzəri-diqqətə almaq lazımdır.

      Quran adına adam öldürən də, Quranı oxumadan və ya oxuyub da anlamadan onu “insan qətlinin səbabkarı” elan edən də çox təəssüf ki, bu şeylərə agah olmadan Quranı təhrif edirlər. Aşağıdakı ayə açıq və sadə şəkildə Quranın “insan canına” nə dərəcədə dəyər verdiyini göstərir:

                  Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” (əl-Maidə, 5/32)

      Bəlkə də insan canına verilən qiymətin, dəyərin bundan lakonik ifadəsi olmaz. İnsan canının müqəddəsliyi bütün dinlərdə, hüquq və əxlaq sistemlerində dəyərlidir. İslam da özündən əvvəlki din, əxlaq və hüquq sistemlerində olan bu dəyəri “əmanət” kimi almış və özünün əsas prinsiplərindən biri elan etmişdir.

      İnsanın “ən gözəl biçimdə” (Tin, 95/4) və “şərəfli” yaradıldığını (İsra, 17\70) iddia edən bir kitab onun haqsız yerə öldürülməsini necə qəbul edə bilər ki?

       “Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin!” (İsra, 17/33) buyuran Quran bütün insanların eyni olduğunu söyləyir:

      “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allah qarşısında ən çox məsuliyyət hiss edəndir. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” (əl-Hucurat, 49/13).

      Quran eyni zamanda insanların siyasi və sosial bərabərliyini müdafiə edir:

      “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi.” (əl-Bəqərə, 2/256)

      “Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın.” (əl-Kəhf, 18/29)

                  Və Quran dinlərə hörmət və inanc hürriyətinə saygını əsas alır:

      “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər.” (əl-Ənam, 6/108)

      “Əgər Rəbbin, istəsəydi bütün insanları (eyni dində olan) tək bir ümmət edərdi.” (Hud, 11/18)

      İslamı və onun kitabını terrorun, geriliyin, insan öldürmənin “təşəbbüskarı” elan edənlər, Hz. Peyğəmbərin yazdırdığı ilk mətnin savaş məramnaməsi deyil, sülh, barış müqaviləsi olan “Mədinə Vəsiqəsi” olduğunu unudurlar. Məşhur ingilis sosioloqu Arnold Toynbi də müsəlmanların həqiqəti təbliğdə heç vaxt həddi aşmadıqlarını söyləmişdir. (Arnold Toynbi, Medeniyyet Yargılanıyor, s. 203-206)

      Müsəlmanlar ona görə yer üzündə fəsad çıxarmamışlar, ona görə həddi aşmamışlar ki, onların müqəddəs kitabı bunu qadağan etmişdir:

      “(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!” (əl-Bəqərə, 2/205)

      “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!” (əl-Bəqərə, 2/60)

      “Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!” (əl-Əraf, 7/56).

      Quranı tilavət edərək deyil, qiraət edərək oxumaq onun insana və onun canına verdiyi dəyəri, qiyməti görmək üçün kifayətdir.

      • Hits: 895 clicks

      Tecox component by www.teglo.info