Aqil ƏLİYEV / TERRORÇUNUN DİNİ VƏ MİLLİYYƏTİ OLMAZ

      Share

      İslam lüğət olaraq; “silm”“səlam” fellərinin kökündən meydana gəlmişdir.

      Silm; ərəb dilində sülh və sakitlik. Səlam isə; xöşbəxtlik, güvən və səadət deməkdir. Adından da məlum olduğu kimi, İslam dini sevgi, sülh, qardaşlıq, əmin-amanlıq, dostluq dinidir. Digər tərəfdən İslam təslim olmaq, itaət etmək və boyun əymək mənalarını da daşımaqdadır. Yəni bu dini qəbul edən şəxs Allah Təalaya boyun əymiş, Onun əmrlərinə itaət etməklə yanaşı bu dinin əxlaqi yönüylə də ətrafına sevgi, barış, əmin-amanlıq və dostluq yayan bir dindar olmuşdur. Bəs necə olur ki, sən həm İslam kimi bir barış və əmin-amanlıq dinini qəbul edəsən, həm də insanlığın baş bəlası və qorxulu bir kabusu olan terrorçu olasan?

      Yəqin ki, mənim kimi bir çoxlarınız da yuxarıdakı bu fikirlə razılaşmırsınız. Haqlısınız. Bununla əsla razılaşmaq olmaz. Heç düşünmək olarmı ki, gündə 40 rükət namaz qılan və hər rükətdə Allahın Rəhman və Rəhim olduğunu dilə gətirən bir insan mərhəmətdən və şəfqətdən öz nəsibini almasın, namazını bitirib hansısa bir uşağın, zəif bir qadının və ya günahsız bir dinc əhalinin qanını töksün? Sonra da müsəlman olduğu üçün fəxr etsin, alnına da “Lə iləhə illəllah”, “Allahu Əkbər” yazsın və çıxıb televiziya ekranlarında, internet saytlarında özünü qəhrəman kimi göstərib, bütün dünyaya meydan oxusun. Təbii ki, bunlar hamısı İslama  və müsəlmanlara zərbə vurmağa çalışan vicdansız və mərhəmətdən uzaq olan insanların planlarıdır. Nəinki müsəlmanlar, hətta ədalətli, elmli və vicdanlı qeyri-müsəlman ziyalılar belə İslamla terrorizmin heç bir əlaqəsi olmadığını hər zaman dilə gətirirlər.

      Terrorun ən geniş mənası müharibə olmayan bir vaxtda əsgərlərə deyil, dinc əhaliyə qarşı siyasi məqsədlərlə törədilən amansız qırğındır. Terror dinc və əliyalın əhalinin hədəf alınmasıdır. Halbuki İslam dini günahsız yerə bir insanın həyatına qymağın bütün insanların həyatına qıymaq kimi saymışdır.

      İslamı  qəbul edib yaşayan bir insan mütləq Qurani-Kərimi və Hz. Məhəmməd (s.ə.s)-in hədisi-şəriflərini oxuyur. Elə bu iki qaynaq da insana gözəl əxlaqı, mərhəməti və sevgini aşılamaqdadır. Quran Allahın insanlara yol göstərici olaraq endirdiyi bir kitabdır. Allah-Təala bu kitabda insanlara gözəl əxlaqı əmr etməkdədir. Bu əxlaqın təməlində isə yuxarıda da qeyd etdiyimiz kimi sevgi, şəfqət, mərhəmət, dinclik vardır. Buna görə də Allah-Təala dünyada sülhün bərqərar olması üçün iman edənləri barışı təmin etmək üçün mərhəmət dini olan İslama çağırmaqdadır: “Ey iman edənlər! Hamılıqla “sülh və əminamanlığa (İslama) girin və şeytanın addımlarını izləməyin. Çünki o, sizin açıq-aşkar düşməninizdir.” (əl-Bəqərə, 208)

      Yenə Quran əxlaqına görə bir müsəlman istər müsəlman olsun, istərsə də qeyri müsəlman bütün insanlara qarşı ədalətli davranmaqla, zəifləri, məsumları qorumaqla və yer üzündə pozğunçuluq və fitnə-fəsad çıxaranların qarşısını almaqla məsuldur. Çünki Allah-Təala Quranın bir ayəsində buyurmuşdur: “Allah (yer üzündə fitnə-fəsad) pozğunçuluq çıxaranları sevməz.” (əl-Bəqərə, 205)

      Bura qədər qeyd etdiklərimiz bizə onu deməyə əsas verir ki, dinc və günahsız insanlara qarşı terror hadisəsi törətmək  İslama tamamilə ziddir və heç bir müsəlman belə bir qanlı günaha əlini batıra bilməz. Əksinə, müsəlmanlar terrora mane olan və onu əngəlləyən insanlardır. Terror isə dini yox, siyasi bir faktordur.

      Əsrimizin əvvəllərindən başlayaraq Azərbaycan xalqının və eləcə də bu gün müsəlman xalqlarının başına gətirilən qanlı hadisələr və soyqırımlar onu göstərir ki, elə müsəlmanlar özləri digər din mənsubları, ifrad milliyyətçilər, acgöz və insanlıqan payı olmayan vəhşilikləri ilə şöhrət tapmış qonşuları tərəfindən dəfələrlə terrorçuluq və vəhşiliklərə məruz qalmışdır.

        1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri əvvəlcə Bakıda, sonra İrəvan şəhərində və onun ətraf kəndlərində, Qazax, Ərəş qəzalarında, Tiflis şəhərində kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar.

      Yenə 1918-ci ildə ermənilər öz havadarlarını da arxalarına alıb yenə Şamaxıda, Şirvanda terror hadisələri törətmiş, minlərlə günahsız insanları qətlə yetrimişlər. Bütün bunlardan dərs çıxarmayan Azərbaycan xalqı yaxın tariximizdə ardarda iki dəfə soyqırıma və terrora məruz qaldı. Bu iki qanlı-qadalı gecə mən inanıram ki, heç vaxt bu millətin tarixindən və yaddaşından silinməyəcək. 1990-cı ilin 20 yanvarı və 1992-ci ilin fevralın 26-sı yaşanan dəhşətli gecə...

      Bütün dünya dünən qədər yaxın olan bu soyqırımları və amansız terroru görür. Bütün bunları kimlərin törətdiyi açıq-aşkar ortadadır. Bu gün də minlərlə insan terrora qurban gedir. Gəlin görək bütün bu vəhşilikləri tərədənlərin dini İslamdırmı?

       

      • Hits: 998 clicks

      Tecox component by www.teglo.info