155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Salih Zeki Meriç / HƏR GƏLƏN BAXAR KEÇƏR

      Share

      Gəlin, könül sözümüzə bir Könül Sultanının könülləri dirildən sözləriylə başlayaq. Könlümüzə bir şey gəlmədən, içimizdən ən təmiz duyğularla bir könül dərdiylə yanaq. Öz könlümüzdən şikayətimizi, könül əhli olanlarla paylaşaq… Könlümüzcə.

      Həzrət Mövlana könül diliylə, quraqlaşan könüllərə belə səslənir:

      Qonaqsan bu xanədə, ey könül,

      Ümid etdiyinlə deyil tapdığınla gül,

      Xanə sahibi nə desə o olur,

      Nə kimsəyə gileylən, nə də kədərlən…

      Ey Könül, qonaqsan bu dünyada. Haradan gəldin, hara gedirsən? Bu sual səni sarsıtmırmı? Bir daha soruşaq:  Hara gedirsən?

      Əgər sən haradan gəldiyini bilirsənsə, hara gedəcəyini də bilərsən. Hər kəs özünə bir yol tutar. Bir izin ardınca düşər. Qaçar bihudə və biçarə. Sən bu aləmdə qonaqsan. Bir qonaq kimi bax ətrafına. Bir qonaq kimi dad sənə təqdim edilənlərdən. Bir yolçu kimi hazır ol səfərə. Səfərin uzun, mənzilin uzaq. Arxanda qoyduqların sən yoxsan deyə ah etmirlər. Ona görə bu səfərdə arxana baxma. Çatacağın mənzilə nə aparırsan? Heybəndə nə var, onun dərdinə düş. İçindəki divarları yıx, pərdələri qaldır, bir yolçunun bağlandığı qədər bağlan dünyaya. Bil ki, bu dünya kağızdan tikilmiş sarayların keçici ləzzətləri ilə doludur. Vüslətini bir qonaq kimi tamamla.

      Bu xanə nə qonaqlar gördü! Hamısı gəlib-keçdi. Hamısı fani oldu. Sən də fanisən, ey könül. Sənin də günlərin müəyyəndir. Elə bir aləmə gedəcəksən ki, əbədiyyət şərbətini içəcək, gerçək Baqi olana qovuşacaqsan. Bu aləm sənin yerin deyil. Sən gözlərini üfüqdən yana çevir. Bax, sonsuzluq günəşi doğulmaq üzrədir. Dünya aləmindən uqba aləminə qanadlan, ey könül.

      ***

      Ey Könül, başqalarından nə gözləyirsən? Nə verə bilərlər sənə dərddən və kədərdən başqa. Sən öz payına düşən təqdir əziyyətini çəkməklə məsulsan. Sənin hesabına düşən nemətlərin hesabını verə biləcəksənmi ki, başqalarına ümid bağlayırsan? Dualarına cavab verən Rəbbindən başqa heç kimdən ümid umma!

      Kim sənin ağrılarını dindirə bilər? Kim sənə səadət verə bilər əbədi aləminin qurtuluşu üçün Ondan başqa. Sən nə gözləsən, Allahdan gözlə. Ona yönəl, Ona sığın, Onu istə. Çünki dünya və içindəkilərin sənə təqdim etdiyi daş-qaşla bəzənmiş zəhər dolu bir kasadan başqa heç nə deyil.

      Şükür ən böyük sərmayən, həmd sığınacağın liman olsun. Bəziləri dünyanın min bir dəbdəbəli səfasında ikən, sənin heybəndə sonsuzluğa həvəsli dərdlərin, çilələrin olsun.

      ***

      Ey könül, istədiyin qədər təlaşlan. İstədiyin qədər çırpın, çalış. Sən özün haqqında yazılanın bir hərfini dəyişdirə bilərsənmi? Qonaq olduğunu unutma. Ev sahibi nə təqdir etmişsə, o olar. Tədbirinlə təslim ol. Tədbirin təslimiyyətinin önünə keçməsin. Hər tədbiri al, amma təqdiri və təvəkkülü sahibinə saxla. Həzrət İbrahim kimi, ‘‘Mən aləmlərin Rəbbinə təslim oldum'' de və xilas ol. ‘‘Səndən gələn mənə xoşdur. Nə gəlirsə səndən gəlsin. Dərd də gəlsə, sevinc də gəlsə hamısı başım üstə.” de. De ki, mərhəmət yağışları yağsın, təslimiyyətini yaşıllaşdırsın.

      ***

      Ey könül, dərinliklərindən mehlər əssin. Düzənliklər kimi ucsuz-bucaqsız, dəryalar kimi dərin və geniş ol. Sevgi bulaqlarından hər kəs doyunca içsin. Ürəklərə səpilən bir damla kimi ağrıları dindir, sevgiləri yaşıllaşdır. Bir quş tükü kimi yüngül, bir şəbnəm kimi aydın ol. Sənə baxanlar ürəklərində sevinc hiss etsinlər. Saf könüllərin aynası ol. Sənə gələnlər sonsuz bir dəryadakı kimi olsunlar. Heç kimə qaş-qabaq tökmə. Heç kimdən incimə. Gileylənmə. Sən kimsən ki, gileylənirsən! Sənə bu qədər nemət verən, sənin işlədiyin üsyanlar qarşısında bir dəfə belə gileyləndimi? Bu qədər qəflətinin əvəzində əfv qapılarını üzünə bağladımı? Həmişə tövbə qapılarını açıq saxlamadımı?

      Ey könül! Gileylənməyə haqqın yoxdur. Kədərlənməyə də. Giley qəlbi qaralanların işidir. Mömin qəlb daim həmd halında olmalıdır. Könüllərin iksiri özündən başqa ürəklərin qurtuluşu üçün yanmadadır.

      Yan, ey könül yan! Yan ki, yuxudan oyanasan. Əlbəttə vardır səni eşidən, ahını eşidib, halını anlayan.

      Ey könül, elə yan ki, nəfəsin qatılaşmış ürəkləri əritsin. Ayrılığı dərd edib kədərlənmə, səbəbsiz yerə üsyan edib küsmə. Hüzn könlə dərmandır. Könül eşqə gedən yolda dərdə möhtacdır. Mənliyindən sıyrıl artıq.

      Ey Könül, küsmə, incimə, incitmə! Sənə gələnlərin sonsuz dəryası ol! Söhbətinlə bulaq kimi çağla! Sən içinə sığdırdığın dünya qədərsən. Kiçik xəyalların, bihudə həvəslərin ardından qaçsan, onlar səni ucalara deyil, alçaqlara çəkərlər. Sən də bayağı hisslərlə birlikdı yox olub gedərsən. 

      • Hits: 881 clicks

      Tecox component by www.teglo.info